SİYASƏT
AZƏRBAYCANIN VƏ ABŞ-IN ÖZBƏKİSTANDAKI SƏFİRLƏRİ GÖRÜŞMÜŞLƏR
Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan-Özbəkistan, Azərbaycan-ABŞ münasibətləri, bu ölkələr arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, terrorizmə və dini ekstremizmə qarşı mübarizə, martın sonunda Daşkənddə törədilmiş terror aktları və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Con Robert Purnell Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərini yüksək qiymətləndirmiş, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində bu səfərin böyük rolu olduğunu vurğulamışdır.
Aydın Əzimbəyov bildirmişdir ki, Azərbaycan ilə Özbəkistan strateji tərəfdaşlardır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş hərtərəfli islahatlar xətti ölkəmizdə davam etdirilir və bundan sonra da öz müsbət nəticələrini verəcəkdir.
C.R.Purnell Azərbaycan səfirinə təşəkkür etmiş və əmin olduğunu bildirmişdir ki, səfirliklər arasındakı yaxın münasibətlər gələcəkdə də davam etdiriləcəkdir.