SİYASƏT


AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN HÜQUQ MÜHAFİZƏ ORQANLARI SIX ƏMƏKDAŞLIQ EDİRLƏR

AZƏRTAC xəbər verir ki, aprelin 1-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Giorgi Baramidzeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ramil Usubov qonaqları salamlayaraq dedi ki, Gürcüstanla Azərbaycan arasında əsası ümummilli liderimiz Prezident Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulmuş münasibətlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm təmələ çevrilmişdir. İki ölkənin hüquq mühafizə orqanları arasında da yaxşı əlaqələr yaranmışdır. Borjomi dördlüyü çərçivəsində son 10 ildə cinayətkarlıqla mübarizədə, cinayətkarların hər iki dövlətin ərazisində axtarılması və tutulması sahəsində yaxşı əməkdaşlıq edilmişdir. Sərhədyanı rayonların transmilli cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyəti lazımi səviyyədədir. Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfərindən və Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlarından sonra bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi üçün yaxşı stimul meydana gəlmişdir.

Nazir respublikamızdakı kriminogen vəziyyət barədə danışaraq bildirdi ki, son on ildə daxili işlər orqanları və digər qurumlar qanunsuz silahlı birləşmələrdən 25 min vahiddən çox odlu silah götürmüşlər. Bütün bunlar cinayətkarlığın azalmasına kömək etmişdir. Azərbaycan cinayətkarlığın səviyyəsinə görə MDB ölkələri arasında axırıncı yerlərdən birini tutur.

R.Usubov Gürcüstan nümayəndə heyətinin səfərinin terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa kömək edəcəyinə əmin olduğunu söylədi.

Səmimi qəbula görə təşəkkür edən Giorgi Baramidze görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında rolunu xüsusi vurğulayaraq dedi ki, regionda sülhün bərqərar olması üçün çox işlər görmüş bu insanı Azərbaycan xalqının böyük oğlu və Qafqaz vətəndaşı kimi Gürcüstanda yüksək qiymətləndirirlər. Ölkələrimizin cavan liderləri əsası bu müdrik siyasətçi tərəfindən qoyulmuş xətti davam etdirəcəklər.

Nazir bildirdi ki, onun ölkəsi hüquq mühafizə orqanları, sərhəd qoşunları arasında əməkdaşlığı genişləndirmək niyyətindədir. Gürcüstan Borjomi dördlüyü çərçivəsində Cənubi Qafqaz ölkələri ilə Rusiya arasında əlaqələrə yenidən başlanmasına tərəfdardır, çünki bu, cinayətkarlıqla mübarizəyə xidmət edəcəkdir.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı barədə də fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.