SİYASƏT


AZƏRBAYCANIN VƏ RUSİYANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ DANIŞIQLARIN YEKUNLARINDAN RAZIDIRLAR

AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev rusiyalı həmkarı İqor İvanovun dəvəti ilə noyabrın 24-də Moskvaya ikigünlük işgüzar səfərə gəlmişdir.

Xarici siyasət idarələrinin başçıları noyabrın 24-də keçirilən görüşdə ikitərəfli dövlətlərarası əməkdaşlığa dair geniş səpkili məsələləri müzakirə etmiş, bu münasibətlərin, xüsusən son vaxtlar, yaxşı səviyyədə olduğunu vurğulamışlar.

Vilayət Quliyev danışıqların yekunlarını şərh edərək demişdir ki, müzakirə olunan əsas məsələ Gürcüstanda yaranmış ictimai-siyasi vəziyyətlə bağlı idi. Nazirin sözlərinə görə, tərəflər orada yaranmış vəziyyətdən narahat olduqlarını ifadə etmiş və bildirmişlər ki, onların dövlətləri Gürcüstanda vəziyyətin qanunçuluq və Konstitusiya prinsipləri əsasında sabitləşməsində maraqlıdır.

Digər mühüm məsələ Rusiya ilə Ermənistan arasındakı hərbi-texniki əməkdaşlıq barədə idi. V.Quliyev demişdir: “İqor İvanov bizi əmin etdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətlə həllində, sülh prosesinin fəallaşmasında maraqlıdır. Lakin Rusiya tərəflərdən birinə bu və ya digər şərtləri qəbul etdirə bilməz, buna baxmayaraq, münaqişənin həlli yollarının axtarışını ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirəcəkdir”.

Danışıqların yekunlarına dair birgə mətbuat konfransında İqor İvanov bəyan etmişdir ki, “Rusiya və Ermənistanın hərbi-texniki əməkdaşlığı Azərbaycana ziyan vurmayacaqdır”. Onun sözlərinə görə, Ermənistanla hərbi-texniki əməkdaşlıq çərçivəsində Rusiya Azərbaycanın milli təhlükəsizliyinə ziyan vura biləcək heç bir iş görməyib və görməyəcəkdir. İ.İvanov Azərbaycan XİN-in həmin məsələ ilə əlaqədar bu yaxınlarda verdiyi notaya toxunaraq vurğulamışdır ki, Rusiya tərəfi bu məsələdə şəkk-şübhəyə hətta eyhamın belə olmaması üçün Azərbaycanla da hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu dəfələrlə açıqlamışdır.

Tərəflər regional problemlərə də böyük diqqət yetirmiş, Xəzərin statusu məsələsini və Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdakı görüşünü müzakirə etmişlər. Hərbi-texniki, ticarət-iqtisadi, mədəni əməkdaşlıq məsələləri də diqqət mərkəzində olmuşdur.

Ümumiyyətlə, Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri ən ümdə məsələlərə dair danışıqların yekunlarından razı qalmışlar.

Xatırladaq ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 31-də dövlət başçısı vəzifəsinin icrasına başlayandan sonra ölkəmizin xarici siyasət idarəsi rəhbərinin Rusiya paytaxtına ilk səfəridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.