SİYASƏT
AZƏRBAYCANIN VERGİ MÜHİTİ İŞ ADAMLARINA SƏRMAYƏ YATIRIMI ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARADIR
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, İranın Azərbaycanla ticarət-iqtisadi əlaqələrinə, xüsusilə sərhəd-gömrük ticarətinə dair məsələlərin müzakirəsi üçün Bakıya səfərə gəldiyini deyən Masud Karbasian bu sırada vergi məsələlərinə də diqqət yetirdiklərini söylədi.
İranın Gömrük İdarəsinin rəhbəri öz ölkəsinin iş adamlarının Azərbaycanda müəyyən bir birlik və ya sənaye palatası formasında birləşmək arzusunda olduqlarını nəzərə çatdırdı. Qonaq belə bir qurumun yaradılacağı təqdirdə, Azərbaycanın vergi orqanlarının onlarla gələcək münasibətləri ilə də maraqlandı.
Vergilər naziri Fazil Məmmədov qonağın təkliflərinə müsbət yanaşdığını bildirdi. Azərbaycan vergi xidmətinin iş adamlarının birlikləri və qurumları ilə işləmək təcrübəsi olduğunu söyləyən nazir İran biznesmenlərinin də oxşar təşkilatı ilə tərəfdaşlıq sazişləri imzalana biləcəyini vurğuladı. Nazir Məmmədov belə əməkdaşlığın bir sıra məsələlərin operativ həllinə şərait yaratdığını bildirdi.
Daha sonra qonaqlara Azərbaycanın vergi sisteminin quruluşu və vergi qanunvericiliyi barədə ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycanda vergi mühiti iş adamlarına sərmayə yatırımı üçün əlverişli şərait yaradır. İran nümayəndələri ölkədə maksimum vergi dərəcələri müəyyən edilməsi və vergilərin bundan sonra heç zaman qaldırılmayacağı barədə Azərbaycanın Vergi Məcəlləsində təsbit olunmuş maddəyə xüsusi maraq göstərdilər, respublikamızdakı vergi mühitindən razı qaldıqlarını söylədilər.
Görüşdə həmçinin ölkələrimizin vergi orqanlarının fəaliyyətinə dair fikir mübadiləsi də aparıldı.