İDMAN
AZƏRBAYCANIN XÜSUSİ OLİMPİYAÇILARDAN İBARƏT BASKETBOL KOMANDASI BUXARADA KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRİN GÜMÜŞ MEDALINI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Buxara şəhərində Özbəkistan Respublikası Xüsusi Olimpiya Komitəsinin gimnastika, yüngül atletika, basketbol, futbol və badminton növləri üzrə Beynəlxalq Açıq Milli Oyunları keçirilmişdir.
Özbəkistan, Türkiyə, Polşa, Əfqanıstan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın müxtəlif idman növləri üzrə komandalarının yarışdığı turnirdə Azərbaycanı Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət yığma basketbol komandası təmsil etmişdir.
Daşkənd, Əndican, Kaşkadərya və Buxara şəhər komandaları ilə birgə yarışların birinci divizionunda mübarizə aparan Azərbaycan basketbolçuları ilk görüşdə Daşkənd yığmasına 42:11 hesabı ilə qalib gəlsələr də, növbəti oyunda Buxara komandasına gərgin mübarizədə 33:34 hesabı ilə uduzmuşlar. Bununla belə, uğurlu oyunlar silsiləsini davam etdirən komandamız ardıcıl olaraq, Əndican (34:22), daha sonra isə Kaşkadərya vilayətinin komandası üzərində (18:6) qələbə çalaraq yarışın gümüş medallarına layiq görülmüşdür.
Yığmamızın bu oyunlarda iştirakı 2008-ci ilin mayında İstanbulda Xüsusi Olimpiya proqramı üzrə keçiriləcək Avropa basketbol çempionatına hazırlıq xarakteri daşıyır.