Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Əziz həmvətənlər! 

Sizi yəhudilərin qədim dövrlərdən bəri bayram etdikləri Roş-Ha-Şana -Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.

Müstəqilliyimizin bərpasından ötən illərdə Azərbaycanda yaşayan bütün xalqların milli-mədəni özünəməxsusluğunu, adət-ənənələrinin qorunub saxlanılması, dil və mədəniyyətlərinin inkişafı üçün hərtərəfli hüquqi-demokratik şərait bərqərar edilmişdir. Digər milli azlıqlar kimi, yəhudilər də Azərbaycanda heç zaman ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, milli tarixi irsini qoruyub saxlayaraq respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak etmişlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi vətəndaşlarımız bu gün də müstəqil, demokratik dövlət quruculuğu prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Roş-Ha-Şana – yenilik, mənəvi saflıq, xoş müjdələr bayramıdır. Qoy bu əziz gün hamınızın həyatına sevinc, ailələrinizə səadət gətirsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin