SİYASƏT


AZƏRBAYCANIN YENİ PREZİDENTİNİN İLK XARİCİ SİYASƏT ADDIMLARI. RUSİYADA DEBÜT ÇAĞIRILMIŞ VƏ ARZU OLUNAN QONAQ

“İzvestiya” qəzetinin 29 yanvar nömrəsində Azərbaycana həsr olunmuş tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialları oxuculara təqdim edir.

İZVESTİYA A Z Ə R B A Y C A N İZVESTİYA

T E M A T İ K Ə L A V Ə

2008-ci ilədək sərmayələrin həcmi 17 milyard dollar olacaq Viktor Xristenko:“Bizim münasibətlə rimizdə boş vədlər yoxdur” Vahid Axundov:“Ölkə bütün infrastrukurunu təzələyəcək” Sumqayıtın meri şəhəri dirçəltməyə nə üçün yerin altından başladı?

AZƏRBAYCANIN YENİ PREZİDENTİNİN İLK XARİCİ

SİYASƏT ADDIMLARI.

RUSİYADA DEBÜT

ÇAĞIRILMIŞ VƏ ARZU OLUNAN QONAQ

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın taleyi üçün çətin günlərdə ona dost olduğunu sübut edən və sovet imperiyası dağıldıqdan sonra bu gənc respublikanı tək qoymayan ölkələrə səfərlər silsiləsinə başlamışdır. O, yaxın vaxtlarda Rusiyaya səfər edəcəkdir. Rusiya isə Azərbaycan üçün xüsusi ölkədir. Bir çox azərbaycanlılar onu “öz ölkəsi” sayırlar. Odur ki, bu insan amili münasibətlərimizdə, az qala, həlledici əhəmiyyətə malikdir.

Qayaz ALİMOV

Heydər Əliyevin siyasi varisi hələ hökumətin başçısı təyin olunduqdan sonra ilk səfərini Türkiyəyə etmişdi. Burada hər hansı izahata ehtiyac yoxdur və bu faktdan möhtəkirlik məqsədi ilə istifadə etmək yersizdir. Azərbaycan Türkiyədən üz döndərə bilməz. Bu, Rusiyanın Ukraynaya arxa çevirməsi kimi bir şeydir. Yeri gəlmişkən, bu müqayisə həqiqətə çox yaxındır. Buradan irəli gələn bütün müqayisələr də onun kimi. Bəli, bunun arxasında siyasət də durur. Amansız və qısqanc bir siyasət.

Prezident Əliyevin bu il üçün xarici səfərlər proqramını başa düşmək olar. Fransaya səfər yenicə başa çatmışdır. SSRİ-nin süqutundan sonra hələ indiyədək özünə gəlməkdə olan Moskvadan fərqli olaraq, Paris Şərqə və özünün Şərq diplomatiyası məktəbinə marağını heç zaman itirməmişdir.

Fransa bu dəfə də özünə sadiq qaldı. Nəzakətli fransız protokolu ilə siyasət patriarxı Heydər Əliyev üçün nəzərdə tutulan bütün hörmət-ehtirama əməl edildi.

Azərbaycan Prezidenti atasının borclarını qaytarır – o, “vəd olunmuş səfərlər”i həyata keçirir.

İndi növbə Rusiyanındır. O, Azərbaycan üçün, həqiqətən, xüsusi ölkədir. İlham Əliyev üçün də.

“İzvestiya”nın arayışı

Bizim məlumatımıza görə, İlham Əliyevin Rusiyada çox ciddi proqramı olacaqdır. Kremldə də, qeyri-formal şəraitdə siyasətçilərlə də görüşlər keçiriləcəkdir. Ola bilsin, fevralın 7-də, vaxtilə oxuduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edəcəkdir. Peterburqa – atasının sevimli şəhərinə gedəcəyi də istisna deyildir.

İlham ƏLİYEV:

RUSİYA İLƏ DOSTLUĞUMUZ NARAHATLIQ DOĞURA BİLMƏZ

İlham Əliyev Fransaya səfəri zamanı demişdir: “Bakı Rusiya ilə, habelə ABŞ, Fransa və Avropa İttifaqının digər ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”. Rusiya ilə münasibətlərin istiləşməsi 2000-ci ildə başlanmışdır. Prezident vurğulamışdır ki, Moskva və Bakı əməkdaşlığın bütün sahələrində böyük uğurlar əldə etməyə nail olmuşlar.

Azərbaycan Prezidenti demişdir: “Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digərləri ilə pis münasibətdə olmaq lazımdır”. İ.Əliyevin sözlərinə görə, onun ölkəsi tamamilə müstəqil siyasət apararaq, ABŞ, Rusiya və Avropa ölkələri ilə yaxşı əlaqələr saxlamağa qadirdir. Prezident bildirmişdir: “Biz özümüzü Avropanın bir hissəsi hesab edirik”.

“Azərbaycan faktiki olaraq, Avropanın Şərq sərhədində yerləşir, ölkəmiz öz gələcəyini Avropa strukturlarına inteqrasiyada görür”. Bununla əlaqədar o, Avropa Birliyi, o cümlədən Fransa ilə münasibətlərin çox vacib olduğunu vurğulamışdır.

Onun müsahibəsində Cənubi Qafqazdakı hərbi bazalar və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mövzularına da toxunulmuşdur. Azərbaycan dövlətinin başçısı demişdir ki, “bizim ərazimizdə heç bir xarici hərbi qüvvə yoxdur. Biz bu mövzu ilə bağlı amerikalılarla heç bir müzakirə aparmırıq”. O, belə bir fikir söyləmişdir ki, “Qafqaz bütün xarici hərbi bazalardan azad olmalıdır”.

Viktor XRİSTENKO, Rusiya hökuməti sədrinin müavini:

MÜNASİBƏTLƏRİMİZ HEÇ VAXT İNDİKİ QƏDƏR YÜKSƏK SƏVİYYƏDƏ

OLMAMIŞDIR

Sovet İttifaqının süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç vaxt indiki qədər yüksək səviyyədə olmamışdır. Rusiya-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini indi artıq çoxları başa düşür. Bu isə, hətta müəyyən dərəcədə qısqanclıq doğurur.

Ötən il dekabrın ortalarında – İlham Əliyevin doğum günü prezidentlərimiz arasındakı adi telefon söhbəti də nəzərdən qaçmadı.

Başa düşmək lazımdır ki, Rusiyanın və Azərbaycan Respublikasının ticarət-iqtisadi münasibətlərinin inkişafının təməli birdən-birə qoyulmayıbdır. Dövlət başçıları münasibətlərin istiqamətlərini, faktiki olaraq, yalnız 2000-ci ildə müəyyənləşdirmişlər. 2010-cu ilədək Uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında 2002-ci ilin yanvarında imzalanan dövlətlərarası müqavilə, habelə İqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında hökumətlərarası saziş meydana gəlmişdir.

Rusiya-Azərbaycan ticarət-iqtisadi münasibətlərinin konkret məsələlərini dövlət səviyyəsində həll etmək üçün Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası yaradılmışdır.

Komissiya 2003-cü ilin mayında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının gerçəkləşdirilməsi sahəsində tədbirlərin yerinə yetirilməsinin gedişini nəzərdən keçirmişdir. Proqramda təkcə ayrı-ayrı sahələrdə (yanacaq-energetika kompleksi, nəqliyyat) əməkdaşlıq deyil, sistem xarakterli kompleks tədbirlər də nəzərdə tutulur. Bu, ölkələrimizin gömrük qaydaları və prosedurlarının müəyyənləşdirilməsi, qanunvericiliklərinin uyğunlaşdırılması, azad ticarət rejimi yaradılması, Rusiya subyektlərinin Azərbaycanla qarşılıqlı əlaqələrinin genişləndirilməsi ilə bağlıdır.

2003-cü ilin noyabrında Hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə sənaye sahəsində və aqrar-sənaye sektorunda ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi tədbirləri müzakirə edildi. Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti haqqında sazişin Rusiya tərəfindən irəli sürülən yeni layihəsinin müzakirəsi üzrə nazirliklərarası məsləhətləşmələr aparılmasına dair razılaşma əldə olundu.

Əməkdaşlıq inkişaf edir. Rusiyanın bir çox regionları – Moskva, Sankt-Peterburq şəhərləri, Dağıstan, Tatarıstan respublikaları, Moskva, Sverdlovsk, Saratov, Həştərxan vilayətləri Azərbaycanla birbaşa əməkdaşlıq edirlər. Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlıq haqqında 30-dək saziş imzalanmışdır. Azərbaycanda Dağıstanın, Tatarıstanın nümayəndəlikləri, Ural regionunun ticarət-iqtisadi və mədəni əməkdaşlıq mərkəzi var. Əsasən, Rusiya subyektlərinin səyləri sayəsində Azərbaycana avtomobil, traktor, avtobus və onlara ehtiyat hissələri ixracını, təxminən, dörd dəfə artırmaq, neft-mədən avadanlığı, tikinti məhsulları, boru göndərilməsini iki dəfədən çox genişləndirmək mümkün olmuşdur.

İndi idxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanla ticarət edən ölkələr arasında birinci yer tutur. 2003-cü ilin 10 ayı ərzində Rusiya-Azərbaycan əmtəə dövriyyəsinin həcmini 2002-ci ildəkinə nisbətən 34 faiz artırmaq mümkün olmuşdur ki, bu da 388,3 milyon dollar təşkil etmişdir. Rusiya ixracı 34,2 faiz (292,6 milyon dollar), idxalı 32,2 faiz (95,8 milyon dollar) artmışdır.

Xatırlatmaq lazımdır ki, neftin Rusiya ərazisi ilə tranziti haqqında ölkələrimiz arasındakı 18 yanvar 1996-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycan tərəfi Bakı-Novorossiysk marşrutu ilə neft ixrac edir. 2003-cü ildə bu göstərici 2,7 milyon tona çatmışdır. 2003-cü ilin noyabrında Azərbaycan neftinin ərazimizlə tranziti haqqında sazişin yeni layihəsi Azərbaycan tərəfinə təqdim edilmişdir.

Ölkələrimizin prezidentləri ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın, xüsusən Xəzərin neft-qaz ehtiyatlarının işlənilməsi sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına böyük əhəmiyyət verirlər. Onlar Azərbaycanın sənaye obyektlərinin tikintisində, yenidən qurulmasında, modernləşdirilməsində Rusiya kapitalının geniş iştirakına, qarşılıqlı surətdə ərzaq məhsulları göndərilməsinə, elektroenergetika, gəmiqayırma sahəsində və digər sahələrdə əməkdaşlığa tərəfdar olduqlarını bildirmişlər.

Yaşamağa hansı problemlər mane olur

Bunlar ödəniş-hesablaşma münasibətləri ilə bağlı problemlərdir, ticarət-iqtisadi sövdələşmələrin maliyyə cəhətdən dəstəklənməsinin təmin edilməsində hər iki ölkənin imkanlarının məhdud olmasıdır.

600 MİN YENİ İŞ YERİ

Hökumət öz planlarını yaxın vaxtlarda açıqlayacaq

Nazirlər Kabineti 2004-2008-ci illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafının Dövlət proqramının layihəsinə dair öz təkliflərini bu günlərdə Azərbaycan Prezidentinə təqdim edəcəkdir.

Layihə respublikanın 8 iqtisadi rayonunu əhatə edir. Əsas məqsəd bölgələrin istifadəsiz qalan ehtiyatlarından səmərəli istifadə etmək, aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, kiçik və orta sahibkarlığa əlavə imkanlar vermək, ixrac yönümlü məhsul istehsalını stimullaşdırmaq və işsizliyi azaltmaqdır.

Qarşıya nə kimi vəzifələr qoyulur

- müəssisələrin bərpası və inkişafı;

- yeni istehsalatların yaradılması;

- bölgələrin inkişafı üçün infrastrukturun yaradılması və inkişafı;

- yerli və xarici sərmayəçilərin bölgələrə cəlb olunmasına

əlverişli şərait yaradılması;

- bölgələrin inkişafının maliyyələşdirilməsinin gücləndirilməsi;

- məşğulluğun səviyyəsinin yüksəldilməsi;

- bölgələrin kommunal xidmətlərlə təmin edilməsinin

yaxşılaşdırılması;

- insan ehtiyatlarından və təbii ehtiyatlardan səmərəli istifadə

edilməsi;

- Azərbaycanın gələcəkdə mötəbər beynəlxalq təşkilatlara, iqtisadi

birliklərə daxil olması üçün qanunvericiliyin və standartların

beynəlxalq tələblərə uyğun vəziyyətə gətirilməsi.

Hansı nəticələr əldə edilməlidir

- neft sektoru ilə paralel olaraq, qeyri-neft sektorunun sürətlə

inkişafının təmin edilməsi;

- bölgələrin iqtisadi potensialından səmərəli istifadəyə nail olunması;

- yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi;

- yerli istehsal və emal müəssisələrinin bərpası və inkişafı;

- bölgələrdə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin

yüksəldilməsi;

- iqtisadi və sosial-mədəni infrastrukturların bərpası və inkişafı.

Gözlənilən nəticələr

- 2008-ci ildə ümumi daxili məhsulun (ÜDM) 2003-cü ildəkinə

nisbətən 2,3 dəfə artırılması və 76,3 trilyon manat səviyyəsinə

çatdırılması;

- adambaşına ÜDM-in 1578 ABŞ dollarınadək artırılması,

qeyri-dövlət sektorunun ÜDM-də payının 85 faizədək qaldırılması;

- kənd təsərrüfatının inkişaf sürətini, orta hesabla, 10-15 faiz

səviyyəsinədək qaldırmaqla 2004-2008-ci illərdə kənd

təsərrüfatı istehsalının 62,5 faizədək real artımına nail olunması;

- sonrakı 5 ildə 600 min iş yeri yaradılması və əsasən, bölgələrin

qeyri-dövlət sektorunda orta aylıq əmək haqqının 3,1 dəfə

artırılması.

Yeri gəlmişkən

Deyirlər ki, İlham Əliyev sovet sisteminin əzizlədiyi bir gəncdir. Amma unudurlar ki, o, artıq yenidənqurma illərində, əslində, repressiyaya məruz qalmışdı. Atası Heydər Əliyev istefaya göndərildikdən sonra, İlham da cəzalandırılmışdı. Onu işləməyə qoymurdular. Azərbaycanın indiki Prezidentini tanıyan MDBMİ müəllimlərindən biri deyir: “O, özünü ləyaqətlə, həmişəki kimi təvazökar aparırdı. O, ruhdan düşüb sınmadı. Lakin onun gözlərinə bu gün aşkar nəzərə çarpan kədər qondu”.

Azərbaycan Prezidentinin doğma bildiyi institutu ziyarət etməsi proqramını orada elə məxfiləşdiriblər ki, hətta ən adi məlumatı belə gizlədirlər. Odur ki, xatırlatmaq lazım gəlir: bilirik ki, Azərbaycanın indiki rəhbəri bu nüfuzlu təhsil ocağına 1977-ci ildə daxil olmuşdur. 1982-ci ildən 1990-cı ilədək elə oradaca aspiranturada oxumuşdur. 1994-cü ilədək müəllim işləmişdir.

EKSPERTLƏR DEYİRLƏR

RUSIYA-AZƏRBAYCAN:

BİZ BİR-BİRİMİZƏ GƏRƏYİKMİ

Aleksey MALAŞENKO

Moskva Karneqi Mərkəzinin eksperti

- Rusiya ilə Azərbaycan arasında münasibətlər tamamilə normal səviyyəyə çatmışdır. Əlbəttə, qarşıdakı səfər də bu münasibətlərə yeni ab-hava gətirəcəkdir, lakin bütövlükdə, “Heydər Əliyevin xətti” davam etdiriləcəkdir. Düşünürəm ki, Bakıda yalnız korafəhm adamlar Rusiya ilə münasibətlərin pozulmasını istəyər.

Azərbaycan da Rusiya üçün elə-belə yox, çox əhəmiyyətli və mühüm qonşudur. Moskvanın Qafqazda sabitliyə ehtiyacı vardır. Bizim orada problemlərimiz çoxdur və onların həllində Bakının bizim səylərimizi dəstəkləməsi olduqca vacibdir. İslam radikalizmi ilə mübarizədə də Azərbaycan çox fəal mövqe tutur.

Bəlkə də, bu gün ölkələrimiz arasında əlaqələr təsəvvür edilə bildiyindən daha sıxdır. Bircə bu fakt kifayətdir ki, Rusiyada işləyən yüz minlərlə azərbaycanlı ölkələrimiz arasında normal münasibətlərin qurulmasına səs vermişdir. Əlbəttə, faktlar daha çoxdur. Bu isə artıq real siyasət amilidir.

Sergey MARKOV

Siyasi Tədqiqatlar İnstitutu

Azərbaycan Rusiyanın və digər nüfuzlu dövlətlərin coğrafi-siyasi maraqları hüdudunda tarazlığı saxlaya bilir. Bİr çox ölkənin, ilk öncə, Gürcüstanın, Bakının diplomatik məharətini öyrənməsi pis olmazdı.

Bakı, həm də, daxili siyasətində avtoritar idarəetmənin (bəziləri bunu totalitarizm adlandırır) yumşaq formalarını demokratik hakimiyyət formları ilə uyğunlaşdıra bilir. Bu isə, hətta amerikalıları da narahat etmir. Bilirsinizmi niyə? Çünki bu siyasət, bütövlükdə, ölkənin demokratiyaya doğru inkişafına xələl gətirmir.

Hər halda, gəlin, Azərbaycanın iqtisadi baxımdan dinamik inkişaf edən bir ölkə olması faktını etiraf edək. O, coğrafi-siyasi və coğrafi-iqtisadi əhəmiyyətini heç vaxt itirməyəcəkdir. Bu, Qafqazda “rus dünyasının” bir hissəsidir.

Rövşən MUSTAFAYEV

siyasi elmlər doktoru:

Əminəm ki, qarşıdakı səfəri, hər şeydən öncə, iki dost ölkə prezidentlərinin görüşü kimi dəyərləndirmək lazımdır, bütün başqa cəhətlərdən əlavə, onları həm də xüsusi yoldaşlıq münasibətləri birləşdirir. Vladimir Putinin Heydər Əliyevin dəfn mərasiminə gəlməsi Azərbaycan ictimaiyyətinin xatirindədir. Bu, təkcə diplomatik jest deyil, dəyərı ölçülməyən bir hərəkət idi.

Azərbaycanı Rusiya ilə uzun birgə tarix bağlayır. Bu böyük dövr ərzində Avropa mədəniyyətinin və ümumiyyətlə, Avropa mənəvi dəyərlər məktəbinin qavranılmasında Rusiyanın özünəməxsus vasitəçi rolu oynadığını unutmaq düzgun olmazdı. Bu, xüsusi məqamdır. Tarix göstərir ki, heç də hər ölkə belə bir rolu boynuna götürməyi və xüsusən də onun öhdəsindən gəlməyi bacarmaz. Dostoyevskinin, Tolstoyun, Solovyovun, Blokun, Çaykovskinin Rusiyası bu tarixi missiyanın öhdəsindən gəlmişdir. Eyni zamanda, bu proses qarşılıqlı xarakter daşımışdır. Təkcə böyük Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinin blokadaya alınmış Leninqradda qeyd olunması faktının özü çox şeydən xəbər verir.

Odur ki, XX əsrin sonu – XXI əsrin əvvələrində münasibətlərimizdəki praqmatizm bir qədər özgə məzmuna malikdir. Bu, həm də, bizim, çox vaxt Avrasiya məkanı adlandırılan ümumi mikrokosmosumuzun ümumi cəhətlərinin də üzə çıxarılmasına imkan verir. Belə bir sinkretizmin mövcudluğu, əlbəttə ki, vəziyyəti bəsitləşdirməyə əsas vermir. Bir baxın, bu gün Rusiyada nə qədər azərbaycanlı yaşayır və işləyir. Bu, formalaşmış ailələr kök salmış həyat tərzidir. Bəzi istisnalar olmasına baxmayaraq, vəziyyət, onların özlərinin dedikləri kimi, olduqca dözümlüdür. Rusdilli əhali və ümumiyyətlə, rus mədəniyyəti, rus dili ilə əlaqədar analoji vəziyyəti biz Azərbaycanda da müşahidə edirik. Azərbaycanla Rusiya arasında münasibətlər ahəngdar və tamamilə düzgün istiqamətdə inkişaf edir. Düşünürəm ki, yuxarıda deyilənlərin yekunu kimi, Prezident İlham Əliyevin Moskvaya səfəri ölkələrimiz arasında münasibətlərin daha da ahəngdar olması üçün böyük əhəmiyyət kəsb edir.

Vahid AXUNDOV:

YAXŞI YOLLAR OLMADAN İQTİSADİYYAT

İNKİŞAF ETMƏYƏCƏK

Müasir infrastruktur yaratmağa 5 milyard dollar lazımdır

Azərbaycan yaxın vaxtlarda ölkənin regionlarının sürətli inkişafı üçün yeni addımlar atacaqdır. Qarşıya mahiyyətcə strateji vəzifə - bütün infrastrukturu getdikcə inkişaf etməkdə olan yeni iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırmaq vəzifəsi qoyulur. Bu, yolların salınması, respublikanın bütün rayonlarının etibarlı su-enerji təchizatı və rabitə ilə təmin olunması deməkdir. Bu problemin başqa bir tərəfi də vardır: əmək ehtiyatlarının çoxluğu. Bütövlükdə, demoqrafik şəraitin, əlverişli olması, lakin bölgələrin zəif inkişafı əhalinin Abşerona axınına gətirib çıxarır. Yeni problemlər yaranır. Odur ki, regionları inkişaf etdirmək vəzifəsi təkcə iqtisadi və ya sosial deyil, həm də siyasi xarakter daşıyır.

Qayaz ALİMOV:

İqtisadi siyasət üzrə dövlət müşaviri, professor Vahid Axundov hesab edir ki, baza infrastrukturunun yenidən qurulması tamamilə yerinə yetirilə bilən vəzifədir. Bu gün ölkənin resursları onun müxtəlif rayonlarında illərlə yığılıb qalmış bir çox məsələləri həll etməyə imkan verir. Axundov deyir: “Regional inkişaf bizim köhnə problemlərimizdən biridir”. Tarixən belə olub ki, əsas iqtisadi yükü Abşeron öz üzərinə götürmüşdür. Qalanlarının payına isə başqa rol – kənd təsərrüfatı düşmüşdür. Regionlarda kənd təsərrüfatı məhsullarının emalı üzrə sənaye müəssisələrinə bənzər istehsalatların yaradılmasına göstərilən zəif cəhdlər nəticə verməmişdir.

Vəziyyət necə idi

Süni surətdə “yaradılmış zavodlar” sərbəst iqtisadiyyatın elə ilk təzyiqində qeyri-bərabər mübarizəyə tab gətirə bilmədi. Bazar iqtisadiyyatı şəraitinə keçid vəziyyəti gərginləşdirdi. Üstəlik, kənd təsərrüfatı strukturunun özü də dəyişdi.

Prezident Heydər Əliyev torpaq islahatını çox sərt və dəqiq həyata keçirdikdən sonra, - əslində, minlərə kolxoz və sovxoz, habelə müxtəlif təsərrüfatlararası birliklər ləğv olundu, – regionlarda tamamilə yeni iqtisadi meydan yarandı.

Fermer təsərrüfatları, özü də yaxşı təşkil edilməmiş təsərrüfatlar yaranmağa başladı. İlkin mərhələdə insanlara yalnız torpaq paylandı – başqa heç nə. Nə kredit, nə texnika, nə də yardım – heç birisi yox idi. Təbiidir ki, bu, regionların sürətli inkişafına kömək etmədi.

Vəziyyət necə dəyişirdi

Bir şərait - sənayenin dirçəlişi həlledici oldu. Bir çox sahələr daha sürətlə inkişaf etməyə başladı. Bu isə regionların iqtisadi və sosial vəziyyətinə təsir göstərməyə bilməzdi.

Professor Axundovun sözlərinə görə tələbatın ödəmə qabiliyyətinin, kənd təsərrüfatı istehsalının artımı – bütün bunlar regionların iqtisadi inkişafına yaxşı imkan yaratdı. Bu gün fermer təsərrüfatları da artıq dəyişmişdir. Professor zarafatla deyir ki, indi fermerlər “lizinq” sözünü eşidəndə artıq özlərini itirmirlər. Azərbaycanda kolxozlar dövründəkinin əksinə olaraq, becərilməyən bir qarış da torpaq tapmaq çox çətindir.

İqtisadiyyatda olduğu kimi, bir proses başqa bir prosesi doğurur. Emal sənayesi və digər sənaye sahələri regionlara yeni əsasda qayıtmağa başladı. Nə üçün? Bunun izahı çox sadədir: kənd təsərrüfatının maliyyələşdirilməsi kanalları yaranmağa başladı. Bu da tarlalarda məhsul istehsalının artımına gətirib çıxardı.

Bununla əlaqədar, hökumətin yeni problemləri yarandı. Axundov deyir: “İrəliyə getmək – regionlarda iqtisadiyyatın diversifikasiyasını aparmaq lazım idi. Aydın oldu ki, bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxlu problemləri – məşğulluq, sahibkarlığın inkişafı, investisiya cəlb etmək problemlərini təkcə kənd təsərrüfatı istehsalının və emal sənayesinin artımı hesabına həll etmək qeyri-mümkündür.

Nə ilə üzləşdik

Yumşaq desək, infrastrukturun kifayət qədər inkişaf etməməsi ilə üzləşdik. Hazırda bu, regionların inkişafını ləngidən əsas məneədir. Yaxşı yollar olmadan qeyri-sabit enerji təminatı, qeyri-sabit rabitə şəraitində iqtisadiyyat uğurla “işləməyəcək”. Axundov deyir: “Biznesin normal inkişafı üçün əsasların yaradılması özünü həmişə doğruldur. Dövlət müvafiq stimullar yaratmağa borcludur. Bu – hüquqi baza yaradılması və infrastrukturun inkişafıdır. Əslində bu, regionların inkişafını sürətləndirməyə kömək edən başlıca vasitələrdir”.

Bir-biri ilə bağlı olan bu problemləri həll etmək üçün xüsusi proqramlar işləyib hazırlamaq vəzifəsi qoyulmuşdur.

Biznesmenlərin vəziyyəti yaxşı olacaqmı

Hazırda respublika regionlarının təkliflərinin müvafiq hökumət qurumları ilə razılaşdırılması prosesi başa çatmaq üzrədir. Növbəti addım büdcə maddələrinin yenidən işlənməsi və regionların inkişafı üçün vəsait ayrılmasıdır. Artıq 2005-ci ilin büdcəsi əvvəlki illərin poqramlarından əsaslı surətdə fərqlənəcəkdir. Hazırlanan proqramlar ölkənin imkanlarına nə dərəcədə uyğundur? Öncül istiqamətlər müəyyənləşdirilmişdir. Müasir infrastrukturun yaradılması ən başlıca vəzifələrdən biri elan edilmiş və Qafqazda deyildiyi kimi, “indi bu, dövlətin ən ümdə vəzifəsidir”. Rahat yollar, etibarlı rabitə, sabit su və elektrik təchizatı – bütün bunlar regionların inkişafına kömək etməklə yanaşı, onların daxili bazarımızda öz yerini tutmasına, gələcəkdə isə məhsulları ilə respublikanın hüdüdlarından kənara çıxmasına kömək edəcəkdir. Dövlətin özü regionlarda heç bir müəssisə tikməyəcəkdir. Axundov deyir: “Biz elə gözəl futbol meydanı yaratmaq istəyirik ki, orada müxtəlif komandalar oynaya bilsin. Bu komandaları kimlər yaradacaq və bu meydanda necə oynamaq lazımdır – bu məsələlər isə artıq bizdən asılı olmayacaq. Bu meydanda oyun qaydalarını bazardan başqa heç kim diktə etməyəcək”.

Müasir Azərbaycana “Uralmaş” və hansısa “Maqnitka” lazım deyildir. Bu gün Rusiyada boş dayanmış minlərlə müəssisə vardır, onlar Bakıda da var. Problem isə birdir – satış bazarı yoxdur. Azərbaycan təkcə iş yerləri yaratmaq xatirinə sənaye nəhəngləri inşa etməyəcəkdir. Sovet dövründən qalanlar kifayətdir. Bu kiçik ölkə müasir və çox çevik istehsala malik olmaq istəyir. Bununla belə, ölkə öz sənayesinin əsasını təşkil edən müəssisələrdən, məsələn, neft kimyası sənayesi müəssisələrindən imtina etməyəcəkdir.

Nəqliyyat proqramı

Dövlət artıq şimal-cənub, qərb-şərq magistral yollarının tikintisi ilə məşğul olur. Bununla yanaşı, yerli əhəmiyyətli yeni yol şəbəkəsi də inkişaf edir.

Azərbaycan regionlarının infrastrukturunun inkişafı üzrə investisiya proqramlarının dəyəri nə qədərdir? Təxminən 5 milyard dollar. Proqram 10 il üçün nəzərdə tutulmuşdur. Azərbaycan üçün 10 il müddətinə 5 milyard artıq bir o qədər də böyük məbləğ deyildir. 2005-ci ildə ölkə neftdən ilk dəfə “böyük pullar” götürməyə başlayacaqdır. Tikilməkdə olan Bakı-Ceyhan neft kəməri də infrastrukturun inkişafına çox böyük təsir göstərəcəkdir.

Zəruri izahlar

Regionlarda infrastrukturun yeniləşdirilməsinə 5 milyard dollar büdcədən ayrılacaqdır. Proqramın müəllifləri ümid edirlər ki, ölkənin yenidən qurulmasına qoyulan hər bir dollar investisiyaların 1:10 nisbətində artımını stimullaşdıracaqdır. Son illər Azərbaycan iqtisadiyyatına hər il 2 milyard dollar vəsait qoyulur. Özü də təkcə neft sektoruna yox. İqtisadiyyatın qeyri-neft sahələrinə qoyulan investisiyaların payı daim artır. Artıq bu gün o, 40 faiz təşkil edir.

2008-ci ilədək inkişaf proqnozu

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının həyata keçirilməsi nəticəsində 2003-cü illə müqayisədə 2008-ci ildə ÜDM 2,3 dəfə artacaqdır.

*ÜDM-də özəl sektorun payı indiki 70 faizdən 85 faizə çatacaqdır. Həm də iqtisadiyyatın bütün sahələrinin orta illik artım sürəti 10-15 faiz həddində olacaqdır.

*Bütün maliyyələşdirmə mənbələri hesabına iqtisadiyyata təqribən 17 milyard dollar məbləğində sərmayə qoyulacaq, bunun 60 faizi Bakının hüdudlarından kənara (yəni, respublika regionlarına - qeyri-neft sektorunun inkişafına) yönəldiləcəkdir.

*Orta əmək haqqının səviyyəsi 3 dəfədən çox artacaqdır.

KREDİTLƏRƏ KƏSKİN TƏLƏBAT

Azərbaycanda indi çoxlarına iri məbləğdə pul nə üçün lazımdır

Azərbaycanda sabit meyl – kreditlərə nəzərəçarpacaq tələbat qalmaqdadır. Yüksək faiz dərəcələrinə baxmayaraq, bank bazarında keyfiyyət irəliləyişləri baş verir. “Sısqa ticarət pulları” getdikcə daha çox öz yerini “iri məbləğlərə” verir. Mənzil tikintisinin kreditləşdirilməsi sürətlə gedir.

Musa KUPAYEV

Son bir il, ilyarımda iqtisadiyyatda dəyişikliklər baş vermiş və bu, bəzilərinin diqqətindən yayınmışdır. Makroiqtisadi səviyyədə irəliləyişlər bir il bundan əvvəl özünü büruzə vermişdir. Bakıda və regionlarda başlanmış “inşaat canlanması” əvvəlcə təəccüb doğururdu ki, görəsən, nə baş verir?

Tikinti xidmətləri bazarının yenidən formalaşması, ötən əsrin 90-cı illərinin əvvəllərindən ölkədə çoxluq təşkil edən türkiyəli inşaatçıların tikinti bazarından sıxışdırılıb çıxarılması baş verdi. Yerli inşaatçılar işdən elə həvəslə yapışdılar ki, bəzən onların tikintilərdəki məhsuldar işi böyük hörmət hissi doğurur.

Pullar tikinti bazarına axmağa başladı. Özəl kapital. Əvvəllər bir dəstə turp almaq üçün borc verməyə ehtiyat edən banklar bu gün evlərin və zavodların tikintisinə arxayınlıqla vəsait ayırırlar.

Bu da həqiqətdir ki, ölkənin bank birliyinin imkanları bu gün artıq bambaşqadır. Resurslar çoxdur. İqtisadiyyat dəyişir.

Bu gün artıq hamı başa düşür ki, təkcə neft sahəsinə, ticarət əməliyyatlarına kredit ayırmaq azdır. Əvvəllər siqaret, alkoqollu içkilər ticarətini “kreditləşdirmək” normal hesab edilirdi. Görünür, banklar və iqtisadiyyat artıq “böyüyüb ərsəyə çatmışlar”.

Banklar həmişə yüksək riskli zona sayılan sənaye və kənd təsərrüfatını maliyyələşdirməyə başlayırlar.

“İlkin ticarət kapitalının” keyfiyyət cəhətdən artımı, əslində, Azərbaycanın yeni iqtisadiyyatına xüsusi təkan verir. Yerli sahibkarlar tərəfindən təkrar maliyyələşdirmə prosesi başlanmışdır. Pulun isə, əlbəttə, milliyyəti yoxdur.

Azərbaycanda milli burjaziya üçün həvəsləndirmə tədbirləri məsələsi hələlik açıq şəkildə qaldırılmır. Bu mövzu ölkədə siyasi cəhətdən hələlik müzakirə edilməmişdir. Lakin belə bir mövzu vardır. Onu müzakirə etmək olar – burjuaziya qayıtmışdır. Həm də öz pulu ilə qayıtmışdır.

Vaqif ƏLİYEV:

BİZİM BAŞQA YOLUMUZ YOXDUR

BİZƏ BİR MİLYARD DOLLAR LAZIMDIR

“Ümumittifaq gənclər şəhərinin” keçmişin

yükünün ağırlığından ölməmək

şansı varmı

Sumqayıt həyata qayıdırmı? Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının regional siyasəti əhəmiyyətinə görə Bakıdan sonra ikinci sənaye mərkəzinin ayağa qalxmasına nə dərəcədə kömək edə bilər? Şəhərin meri Vaqif ƏLİYEV əmindir ki, Sumqayıt nəinki dirçəlir hətta yenidən doğulur.

Aynulla İNDERSKİ

Sumqayıt sənaye şəhəridir. Burada sərmayəçilər üçün maraq doğuran müəssisələr çoxdur. Hələ bir neçə il bundan əvvəl şəhərin üstünü almış kədərli perspektivlər o dərəcə də tutqun görünmür. Şəhərdə SSRİ üçün nadir olan müəssisələr tikilmişdi. İndi bazarın onlara bir o qədər ehtiyacı yoxdur. Bununla belə, sovet sənayesinin bu nəhəngi canlanmağa başlayır. Hələlik, ilk növbədə, xarici sərmayələrin hesabına.

Şəhərin qarşısında bir milyard dollarlıq problem durur. Özü də bunlar yalnız ilkin ehtiyaclar üçündür.

Təxirəsalınmaz birinci problem

Sənayenin işini bərpa etmək və yenidən başlamaqdır. Əlbəttə, söhbət bazara lazım olmayan zavodlardan getmir. Daha onları bərpa etməyə ehtiyac yoxdur. Sovet sənayesinin bəzi nəhəngləri öz əcəli ilə ölür və Sumqayıtın sənaye zonasında bu ürəkgöynədən mənzərəni müşahidə etmək olar.

Sumqayıtı dirçəltməyin mümkünlüyünə az adam inanırdı. Lakin, əslində, sənaye zonasının modernləşdirilməsi baş verir.

Alüminium zavodu işə başlamışdır. 700-ə yaxın insan istehsalata qayıtmışdır. Zavodun məhsuluna bazarda tələbat var. Əsasən də xaricdə. Boruyayma zavodu da işə düşmüşdür. Sənaye dirçəldikcə şəhərin özü də, ətraf rayonlar da həyata qayıdır.

Təxirəsalınmaz ikinci problem

Şəhər icra hakimiyyətinin başçısı deyir: “Bu gün biz artıq Sumqayıtda layiqli həyat şəraiti yaradılması məsələsini qoyuruq. İqtisadiyyatın canlanması, sərmayəçilərin marağı bizi şəhərin perspektivlərinə yeni gözlə baxmağa vadar edir”. Bir nömrəli problem – yeraltı kommunikasiyalardır. Kanalizasiyadır. Su təchizatı sistemidr. Şəhər yeraltı infrastrukturun yeniləşdirilməsinə artıq 800 min dollar xərcləmişdir. Şəhərin başçısı əminliklə deyir: “Biz şəhəri dirçəltməyə yerin altında olanlardan başladıq. Bütün bu infrastruktur on illərlə təzələnməmişdi. Əgər biz bu problemlərlə məşğul olmağa başlamasaydıq, sonra şəhərdə etmək istədiklərimizin hamısı mənasını itirmiş olardı”.

Təxirəsalınmaz üçüncü problem

Mənzil fondunun bərpası və normal hala salınması, yeni mənzil tikintisi proqramının həyata keçirilməsidir. Sovet dövrünün hesablamalarına görə, 2000-ci ildə burada 200 min nəfərin yaşayacağı planlaşdırılmışdı. Bu gün isə əhali bundan iki dəfə çoxdur. Son 15 ildə şəhərdə, ümumiyyətlə, mənzil tikilməmişdir.

Şəhərin büdcəsi nə qədərdir?

Sumqayıtın büdcəsi təxminən 12 milyon dollardır. Şəhərin özü isə təxminən 4 milyon dollar qazanır. Qalan vəsait mərkəzi büdcədən daxil olur. Şəhərdə fəaliyyət göstərən iri müəssisələrin hamısı respublika büdcəsinə vergi ödəyir. Sonra isə onlar müxtəlif sosial və məqsədli ödənişlər şəklində geri qayıdır.

Şəhərdə nə qədər iş yeri vardır?

Əmək qabiliyyətli əhalinin təxminən 40 faizi işləyir. Qeyri–rəsmi məlumatlara görə, şəhərdə 140 min nəfər işçi qüvvəsi var. Yaxın 3 ildə 15 min iş yeri yaradılacaqdır. Son altı ay ərzində üç müəssisə - kərpiç zavodu (200-ə yaxın adam işləyir), plastik borular zavodu (təxminən 400 nəfər), karamel fabriki (təxminən 200 nəfər) açılmışdır.

Yaxın 2 ildə alüminium zavodunda işləyənlərin sayı 2500 nəfərə çatacaqdır (indi 700 nəfərə qədərdir). Boruyayma zavodunda 1200 nəfər çalışır. Yaxın vaxtlarda təxminən 2 min yeni iş yeri yaradılacaqdır.

Şəhərə nə qədər pul lazımdır?

Zavodlarda istehsalı bərpa etmək üçün milyardlar lazımdır. Məsələn, alüminium zavodu 400 milyon dollar, boruyayma zavodu təxminən 50 milyon, plastik borular zavodu təxminən 15 milyon, karamel fabriki 1,5 milyon, iplik istehsal edən toxuculuq fabriki 1 milyon dollar məbləğində sərmayə tələb etmişdir.

Sumqayıtın imkanları necədir?

Şəhərin başçısının sözlərinə görə, çox böyükdür. Şəhərdə hələ öz sərmayəçilərini tapmamış çoxlu müəssisə vardır. Məsələn, fosfat zavodu, məişət kimyası zavodu. Polipropilen istehsal edən zavoda bir dəfəyə 150 milyon dollar lazımdır.

Merin arzusu

Sumqayıtın qısa müddətdə ayağa qalxması üçün, real olaraq, 1 milyard dollar lazımdır.

“İzvestiya” qəzeti

29 yanvar 2004-cü il –0-ZƏ

Şəkil sözləri

Görünür, Rusiya ilə Azərbaycanın qarşılıqlı anlaşma sahəsində problemi olmayacaq

Tarix – bu, axır deyil, başlanğıcdır

Proses işə düşdü...

Hər şey irəlidədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.