MƏDƏNİYYƏT
“AZƏRBAYCANIN YENİ TURİST MARŞRUTLARINI KƏŞF EDƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ QUBADAN ŞAMAXIYA DAĞ YOLLARI İLƏ TURİZM MARŞRUTUNUN İŞTİRAKÇILARI BAKININ AZADLIQ MEYDANINDAN YOLA DÜŞMÜŞLƏR
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Azadlıq meydanında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsinə start verilmişdir.
Tədbirlə bağlı məlumat verən nazirliyin nümayəndəsi Vüqar Şıxməmmədov bildirmişdir ki, layihə ”Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq ekstremal turizm növünün inkişafı və təbliği çərçivəsində həyata keçirilir.
Qubadan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutunun öyrənilməsi məqsədinə xidmət edən layihə Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Professional Off-Roaderlər Klubunun (club 4x4) birgə təşkilatçılığı, “MBASK” sığorta şirkətinin, “İnter diaqnostika” tibb mərkəzinin sponsorluğu ilə reallaşdırılır.
Sonra Qubadan Şamaxıya dağ yolları ilə turizm marşrutunun iştirakçıları 15-dək avtomobillə paytaxtın Azadlıq meydanından qeyd edilən marşrut üzrə hərəkət etməyə başlamışlar.
Avtosafaridə daxili turizmlə məşğul olan 10 şirkətin nümayəndələri ilə yanaşı, KİV təmsilçıləri də iştirak edirlər.
Dağ yolları ilə yeni turizm marşrutunun öyrənilməsi layihəsi sentyabrın 5-dək davam edəcəkdir.