SİYASƏT
AZƏRBAYCANLA AVROPA İTTİFAQI ARASINDA ƏLAQƏLƏR BUNDAN SONRA DA İNKİŞAF EDƏCƏKDİR
Qonağı səmimi salamlayan parlamentin spikeri Murtuz Ələsgərov demişdir ki, Azərbaycan Avropanın bütün strukturları, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. 1996-cı ildə Lüksemburqda imzalanmış sazişə əsasən, əlaqələrin daha səmərəli olması üçün Əməkdaşlıq Komitəsi, Əməkdaşlıq Şurası və Parlament Əməkdaşlıq Komitəsi yaradılmışdır. Milli Məclis Avropa İttifaqı, Avropa Şurası və digər qurumlarla sıx əməkdaşlıq edir. Bu da dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Avropa İttifaqı da Azərbaycana xüsusi diqqət yetirir, indiyədək ölkəmizə, təxminən, 400 milyon avro yardım göstərmişdir.
M.Ələsgərov demişdir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də biganə qalmır. Biz Avropa Parlamentinin deputatı Piyer Qartonun Azərbaycanın işğal olunmuş rayonlarından 5-nin azad edilməsi və əvəzində dəmir yolunun açılması təklifini müsbət qarşılayırıq. Bu addım münaqişənin sülh yolu ilə həllini daha da yaxınlaşdıra bilər. Elə bir dövr yetişmişdir ki, indi dünya dövlətləri ikili standartlardan əl çəkib təcavüzkara qarşı öz sözünü deməlidir. Ermənistan bu reallıqla barışmalıdır. Avropa İttifaqı bu sahədə də mühüm işlər görə bilər.
Səmimi qəbul üçün minnətdarlıq edən Antonio Devris Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bugünkü səviyyəsindən razılığını bildirmişdir. O demişdir ki, biz Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetiririk. Buna görə də Azərbaycan müstəqilliyini qazandıqdan sonra xeyli yardım almağa nail olmuşdur. Qonaq əlaqələrimizin daha da inkişaf etdirilməsində əlindən gələni edəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.