İQTİSADİYYAT
AZƏRBAYCANLA QAZAXISTAN ARASINDA MEMORANDUM İMZALANMIŞDIR
AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbiri iqtisadi inkişaf naziri Fərhad Əliyev açaraq dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda rəsmi səfərdə olarkən bu ölkənin nümayəndə heyətinin respublikamıza gəlməsi, iqtisadi sahədə aparılan danışıqların Bakıda işçi qrupları səviyyəsində davam etdirilməsi barədə razılıq əldə edilmişdi. Qazaxıstanın energetika, nəqliyyat, kommunal və digər sahələrin infrastrukturlarını, özəl sektorunu əhatə edən bir sıra məsələlər iki gün ərzində müzakirə edilərək, müvafiq Memorandum hazırlanmışdır. Bundan sonra bu əlaqələrin daha çox inkişaf edəcəyi, konkret layihələrin gerçəkləşəcəyi nəzərdə tutulur.
Qazaxıstan nümayəndə heyətinin başçısı, energetika və təbii ehtiyatlar nazirinin müavini Ləzzət Kiinov mərasimdə çıxış edərək dedi ki, hər iki ölkənin iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyəti olan sahələr arasında əməkdaşlıq yaratmaq məqsədi ilə respublikamızda müzakirələr aparılmışdır. İşçi qrupu iki gün ərzində çoxlu görüşlər, danışıqlar, müzakirələr keçirmişdir. Bunların yekunu olaraq Memorandum hazırlanmışdır. Bu memorandum qarşıdakı geniş əməkdaşlığın təməli olacaqdır.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov və Qazaxıstanın sənaye və ticarət nazirinin müavini Bolad Smaqulov mərasimdə çıxış edərək imzalanan Memorandum haqqında məlumat verdilər.
Memorandumu Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Qazaxıstan tərəfindən isə energetika və təbii ehtiyatlar nazirinin müavini Ləzzət Kiinov imzaladılar.
Sonra Fərhad Əliyev və Ləzzət Kiinov jurnalistlərin iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair suallarına cavab verdilər.