İQTİSADİYYAT
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
İSVEÇ: Stokholm şəhərində fəaliyyət göstərən “Azərbaycan Naminə” cəmiyyətin təşəbbüsü ilə martın 31-də saat 16-da böyük mitinq keçiriləcəkdir. Aksiyada ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktlarına etiraz ifadə edən şüarlar səsləndirələcək və beynəlxalq təşkilatlara müraciət qəbul olunacaqdır.
X X X
AVSTRALİYA: Sidney şəhərində fəaliyyət göstərən Avstraliya – Azərbaycan Assosiasiyası tərəfindən paytaxt Kanberrada Parlament binasının qarşısında 31 mart soyqırımı ilə bağlı mitinq keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirdə faciənin dəhşətlərini göstərən fotoşəkillər və “Armenian terror” adlı sənədli film nümayiş etdiriləcəkdir.
X X X
YAPONİYA: Osaka şəhərində Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti tərəfindən 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim təşkil olunacaqdır. Tədbirdə Dostluq Cəmiyyətinin üzvləri Osaka Universitetində təhsil alan tələbələr, Yaponiyada yaşayan azərbaycanlılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
X X X
UKRAYNA: Azərbaycanın bu ölkədəki səfirliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə paytaxt Kiyevin mərkəzindəki Boqdan Xmelnitski meydanında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar etiraz aksiyası keçiriləcəkdir. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, eləcə də Ukraynanın tanınmış ictimai xadimləri və bu ölkədəki digər diaspor təşkilatlarının təmsilçiləri iştirak edəcəklər. Sonda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq və ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktları ilə bağlı jurnalistlərə ətraflı məlumat veriləcəkdir.
X X X
ESTONİYA: Azərbaycanlıların soyqırımı günü Estoniyada da qeyd olunacaqdır. Buradakı “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzinin və “Bakılı” klubunun birgə təşkilatçılığı ilə Tallinn şəhərinin mərkəzi meydanlarının birində etiraz yürüşü təşkil olunacaqdır. Aksiyada Estoniya parlamentinin üzvləri, Azərbaycan icmaları, habelə, bu ölkədəki digər xalqların diaspor təşkilatları nümayəndələrinin, Türkiyə səfirliyi əməkdaşlarının, tanınmış ictimai xadimlərin iştirak edəcəyi gözlənilir. Tədbirin sonunda 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Estoniya ictimaiyyətinə ətraflı məlumat vermək məqsədilə mətbuat konfransı keçiriləcəkdir.