AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI YIĞINCAQ
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dəniz Akademiyasında Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə birgə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş anma mərasimi keçirilmişdir. Soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
“Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Prezident Fərmanının əhəmiyyətindən danışan akademiyanın rektoru Sambur Həmdullaoğlu demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı bu sənəd sovet dövründə unudulan tarixi həqiqətlərin üzə çıxarılmasına geniş imkanlar yaratmışdır. Hazırda, bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü şəkildə uğurla davam etdirilir.
Digər çıxış edənlər bədnam qonşularımızın tarix boyu xalqımıza etdikləri xəyanətlərdən danışmışlar. Qeyd olunmuşdur ki, əzəli Azərbaycan torpaqlarında yerləşən Ermənistan bu gün də bəd əməllərindən, işğalçılıq siyasətindən əl çəkməmişdir. Ona görə də, tarixi həqiqətlər dərindən öyrənilməli və dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır.
Xəbərin mətnində orfoqrafik səhv var