SİYASƏT
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QARDAŞ TÜRKİYƏDƏ DƏ QEYD OLUNMUŞDUR
Martın 30-da İstanbulun Fatih rayonundakı Saraçhanə mədəniyyət və istirahət parkında 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mitinq keçirilmişdir. Mitinqdə İstanbulda yaşayan həmvətənlərimiz, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, burada təhsil alan tələbələrimiz, ölkənin tanınmış siyasi və ictimai xadimləri, millət vəkilləri iştirak etmişlər.
Mitinq iştirakçılarının əllərində Azərbaycan Prezidenti Heydər Əliyevin “Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır!”, “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir!”, “Qarabağ ermənilərə məzar olacaqdır!” sözləri yazılmış plakatlar dalğalanırdı.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisi Valeh Hacıyev 31 mart soyqırımı günü münasibətilə Prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin mətnini oxumuşdur. Mitinqdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Mərmərə Qrupu Strateji Araşdırmalar Mərkəzinin sədri Akkan Süver, Türk Dünyası Vəqfinin sədri, professor Turan Yazqan çıxış edərək, erməni daşnakları və onların xarici himayədarlarının Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərdən ətraflı söhbət açmışlar.
Mitinq Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
Türkiyənin nüfuzlu və çoxtirajlı “Hürriyyət”, “Türkiyə”, “Yeni şəfəq”, “Cümhuriyyət”, “Zaman”, “Ortadoğu”, “Yeni çağ” qəzetlərində mitinq haqqında ətraflı məlumat verilmiş, fotoşəkillər dərc olunmuşdur. Bu yazılarda xalqımıza qarşı törədilən soyqırım və daşnak quldur dəstələrinin cinayətləri bir daha lənətlənmişdir.
Martın 31-də Ankaranın Bilkənd Universitetinin konfrans salonunda Türkiyənin tanınmış siyasət, elm, mədəniyyət xadimlərinin, burada yaşayan həmvətənlərimizin, tələbələrimizin iştirakı ilə “31 mart azərbaycanlıların soyqırmı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmiş, vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart azərbaycanlıların soyqırımı münasibətilə xalqımıza müraciətinin mətni oxunmuşdur.
Ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev ermənilərin və bugünkü Ermənistanın tarixən dəyişməz terrorçuluq və təcavüz siyasətindən danışmış, tariximizin bu qanlı səhifələrinin unudulmayacağını vurğulamışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul