İQTİSADİYYAT
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD OLUNMUŞDUR
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev yığıncağı açaraq ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətindən danışmışdır.
Natiq ermənilərin XIX əsrin əvvəlindən indiyədək azərbaycanlılara
qarşı törətdikləri vəhşilikləri xatırlatmış, xalqımızın vətənpərvərliyini, milli birliyini və məqsədyönlü fəaliyyətini önə çəkmişdir.
O, Azərbaycan xalqına qarşı törədilən soyqırımının, fitnə-fəsadların heç vaxt unudulmayacağını söyləmiş, ermənilərin, eləcə də onların xarici ölkələrdəki diaspor və havadarlarının riyakar təbliğatla dünya ictimaiyyətini aldatdıqlarını, özlərini həmişə “yazıq”, “əzabkeş” xalq kimi qələmə verməyə calışdıqlarını nəzərə çarpdırmışdır. AHİK sədri tarixi faktlara əsaslanaraq, ermənilərin məkrli siyasətinin ifşa edilməsinin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının, həmkarlar ittifaqı fəallarının beynəlxalq konfrans və yığıncaqlarında öz imkanlarından bu məqsədlə istifadə etmələrinin zəruriliyini vurğulamışdır.
Tədbirdə çıxış edən həmkarlar ittifaqı fəalları Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşıya qoyulan bütün məqsədlərə, o cümlədən də ərazi bütövlüyümüzün bərpasına nail olunacağına əminlik ifadə etmişlər.