SİYASƏT
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ STRASBURQDA DA QEYD OLUNMUŞDUR
31 mart azərbaycanlıların soyqırımı günü dünyanın bir çox yerlərində olduğu kimi, Strasburqda da qeyd olunmuşdur.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, AŞ-nin baş katibi Valter Şvimmerin təşəbbüsü ilə Avropa Gənclər Mərkəzində “Gənclər və münaqişələrin həlli – sülhə nail olmaq üçün yeni ideyalar” mövzusunda keçirilən seminarda iştirak edən azərbaycanlı gənclərdən Ayla Abbasova, İbrahim İsmayılov, Müşfiq Cəfərov, Tural Kərimli və Nağı Səfərov ermənilər tərəfindən soyqırıma məruz qalmış xalqımızın başına gətirilmiş fəlakətləri dünya xalqlarına çatdırmaq üçün burada xüsusi stend düzəltmişlər. Stenddəki əyani vasitələr ermənilərin törətdikləri vəhşiliklər, Xocalı faciəsi, ərazilərimizin 20 faizinin işğalı, doğma torpaqlardan silah gücünə çıxarılan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərçiklərindəki ağır vəziyyət barədə seminar iştirakçılarında və Avropa Şurasının rəhbərliyində ətraflı təəssürat yaratmışdır.
Ayla Abbasova seminar iştirakçılarını soyqırım nəticəsində həlak olmuş azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırmışdır. Ermənistan nümayəndələrindən savayı, bütün iştirakçılar soyqırımın qurbanı olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Gənclərimiz tədbir iştirakçılarına soyqırımla bağlı kitab və broşürlər də paylamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq