SİYASƏT
AZƏRBAYCANLILARIN SOYQIRIMI XƏRİTƏSİ HAZIRLANIR
Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar keçirilən geniş yığıncaqda bildirilmişdir. Komitənin sədri Qərib Məmmədov çıxışında Azərbaycan Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə hər il martın 31-nin soyqırımı günü kimi qeyd olunmasını erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə tam, hərtərəfli və siyasi-hüquqi qiymət verən tarixi bir sənəd kimi qiymətləndirmişdir. Vurğulanmışdır ki, 1918-ci ildə erməni daşnakları Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Lənkəranda yüz minlərlə azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yüz minlərlə əliyalın, günahsız insanları didərgin salmışlar.
Çıxış edən digər natiqlər bildirmişlər ki, Prezident Heydər Əliyevin tarixi keçmişimizə düzgün siyasi qiymət vermək istiqamətində gördüyü işlər və imzaladığı sənədlər əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.