SİYASƏT


AZƏRBAYCANLILAR DÜNYANIN HƏR YERİNDƏ YAŞAYIRLAR, ANCAQ ONLARIN VƏTƏNİ AZƏRBAYCAN, PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVDİR

Dağıdıcı müxalifətin ləyaqətdən, əxlaqdan və mənəviyyatdan kənar əməlləri, dövlətimizi, dövlətçiliyimizi, müstəqilliyimizi sarsıtmağa yönəlmiş cəhdləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımızda da dərin qəzəb və nifrət hissi doğurmuşdur. Onlar müxalifətçilərin əməllərini qətiyyətlə pisləyir, Prezident Heydər Əliyevin siyasi kursunu və fəaliyyətini yekdilliklə dəstəklədiklərini bəyan edirlər. Bu qəbildən daha bir müraciət AZƏRTAC-a Gürcüstanda yaşayan soydaşlarımızın “Qeyrət” xalq hərəkatından daxil olmuşdur. Müraciəti aşağıda təqdim edirik.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Gürcüstanda yaşayan bütün azərbaycanlılar kimi, “Qeyrət” xalq hərəkatının üzvləri də özünü müxalifət adlandıran, xalqımızın düşmənlərinin girovuna və rezidentinə çevrilən, xəbis niyyətli üzdəniraq liderciklər tərəfindən uydurulan və onların himayəsində olan qəzetlərdə dövlətimizə, dövlətçiliyimizə, həmçinin bütün dünya azərbaycanlılarının ümummilli lideri Prezidentimiz Heydər Əliyevə qarşı, xüsusən də onun səhhəti ilə bağlı son vaxtlar verilən böhtan dolu yazılara, bəyanatlara görə dərindən hiddətlənmişlər.

Müşahidələrimizdən belə qənaətə gəlmişik ki, dövlətçiliyimizə qarşı dağıdıcı mövqe tutan müxalifətçilər hər dəfə, cənab Prezidentimiz, Siz xarici ölkələrdə tibbi müayinəyə gedəndə, Sizin sağlamlığınız haqqında qeyri-etik, insana yaraşmayan mənəviyyatlarını büruzə verirlər. Allahın izni ilə, əziz Prezidentimiz, Siz bu müayinələrdən həmişə sağlam əhval-ruhiyyə ilə qayıdır, xalqımızı, Sizi sevənləri ürəkdən sevindirirsiniz. Həyat dəfələrlə sübut edib ki, Heydər Əliyevi Allah-taala qoruyub, qoruyur və qoruyacaqdır. Biz tam əminik ki, xalqımızın böyük əksəriyyətinin iradəsi ilə Siz yenidən Prezident seçiləcəksiniz. Bizim seçkilərdə iştirak etmək hüququmuz olmasa da, həmişə Sizinləyik. On ildir ki, biz Gürcüstan azərbaycanlılarının Sizin qayğı və diqqətiniz, maddi və mənəvi köməyiniz sayəsində öz dədə-baba yurdlarımıza bağlılığımız artıbdır. Qeyri millətlər içərisində Sizin əsl Qafqaz ağsaqqalı olmağınız ilə öyünürük, qeyrətiniz, qətiyyətiniz, dahiliyiniz və müdrikliyiniz ilə fəxr edirik.

Biz müxalifətçilərə inanmırıq. Axı necə inanaq ki, millət, xalq adından danışanda da öz maraqlarını güdən bu dil pəhləvanları nə üçün bir dəfə də olsun, Gürcüstandakı soydaşlarının taleyi ilə maraqlanmayıblar. Nə üçün onlar Gürcüstan azərbaycanlılarının mənəvi birliyi üçün heç bir şey etməyiblər. İlk Azərbaycan Demokratik Cümhuriyyətinin banilərindən Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin, böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun Heydər Əliyev tərəfindən ucaldılmış abidələrinin harada yerləşdiyindən, görəsən, onların xəbərləri vardırmı?!

Möhtərəm Prezident!

Bütün Avropada və dünyada Sizinlə çiyin-çiyinə müstəqil Azərbaycanın tərəqqisi və möhkəmlənməsi naminə mübarizə aparan, Sizdən sonra Azərbaycanın qarantı olan İlham Əliyev haqqında böhtanlar yazan və xarici qrantlar hesabına maliyyələşən dağıdıcı müxalifət və onların himayəsində olan qəzetlərin bəd əməlləri bizi daha da hiddətləndirir.

Biz inanırıq ki, düşmənlərimiz və düşmən mövqedə duran müxalifətçilər öz istək və arzularına nail ola bilməyəcəklər. Ümidvarıq ki, Sizin rəhbərliyinizlə xalqımız tez bir zamanda Dağlıq Qarabağ problemini həll edəcək, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Biz xoşbəxtik ki, Sizin kimi mənəvi atamız, müdrik ağsaqqalımız və damarlarından Sizin qanınız axan Azərbaycanın qeyrətli oğlu İlham Əliyev kimi milli liderimiz vardır. Sizin neft strategiyanız nəticəsində Gürcüstan-Azərbaycan dostluğu daha da möhkəmlənmiş, Gürcüstan dövlətinin bizə olan münasibəti bu baxımdan daha da yaxşılaşmışdır. Parlamentdə bizim “Qeyrət” hərəkatı hazırda 6 nəfər deputatla təmsil olunub. Builki seçkilərdə biz inanırıq ki, daha çox yer qazanmağa nail olacağıq. Sizin sayənizdə biz azərbaycanlıların şərəf və ləyaqətinə daha çox hörmət olunacaqdır.

Möhtərəm Prezident!

Millətimizin gələcəyi, tərəqqisi, mənəvi birliyi naminə Sizi və İlham Əliyevi qəlbən sevən xalqımız əmindir ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənəcək və əbədi olacaqdır. Çünki xalqımızdan ilham alan bir müdrik rəhbər kimi Siz, dövlətçiliyimizə qarşı düşmən mövqedə dayanan nankorlara və qeyrətsizlərə qarşı qətiyyətiniz və yenilməz iradənizlə möhkəm sipər olmusunuz. Müstəqilliyimizin gələcəyi və dövlətçiliyimizin qüvvətlənməsi naminə Siz Azərbaycan üçün hava və su kimi lazımsınız. Odur ki, həmişə Allaha yaxın olan Azərbaycan xalqının duaları Sizi qoruyacaqdır.

Bütün Gürcüstan azərbaycanlıları adından dünya azərbaycanlılarına üz tutaraq xahiş edirik ki, səcdəgahımız olan Azərbaycan dövləti, on ildən artıqdır ki, bu dövləti dünyada tanıdan, ölkəmizdə sabitlik yaradan və misilsiz xidmətləri ilə ömrünü xalqımızın xoşbəxtliyinə həsr edən millətimizin atası Heydər Əliyev və öz fədakar əməyi ilə bütün Avropada və dünyada məmləkətimizə şərəf gətirən İlham Əliyev naminə öz həmrəyliklərini bildirsinlər və xəstə təxəyyülə malik, hər yerdə öz bədnam əməlləri ilə millətimizə şərəfsizlik gətirən, xarici ağalarının iradəsini yerinə yetirməyə çalışan dağıdıcı müxalifətin hərəkətlərini qətiyyətlə pisləsinlər.

Əziz Prezidentimiz, Sizə cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə,

Gürcüstandakı soydaşlarımız və

“Qeyrət” xalq hərəkatının üzvləri

`

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.