SİYASƏT
AZƏRBAYCANLILAR STRASBURQDA PİKET KEÇİRMİŞLƏR
On ildən artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz əlaməti olaraq, bir qrup azərbaycanlı Strasburqda - Avropa Şurasının iqamətgahı qarşısında piket keçirmişdir. Strasburqda yaşayan və bir sıra ölkələrdən gəlmiş soydaşlarımızdan, müxtəlif təhsil ocaqlarında oxuyan tələbələrimizdən ibarət 60 nəfər piketə əllərində dövlətimizin üçrəngli bayrağı, fransız və ingilis dillərində yazılmış “Biz BMT-nin Təhlükəsizlik Şurasının 822,853,874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsini tələb edirik!”, “İşğal olunmuş ərazilərimiz tezliklə azad edilməlidir!”, “Ermənistanın Azərbaycan ərazisinin işğalına son qoyulmalı!” sözləri yazılmış transparantlarla çıxmışdılar. Piket iştirakçıları müxtəlif ölkələrin deputatlarına vərəqələr paylamışlar. İnsan hüquqlarının müdafiəsinə son zamanlar xüsusi diqqət yetirən Avropa Şurasının üzv ölkələrindən biri olan Ermənistanın beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq, qurumun başqa bir üzvünün – Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi, öz vətənlərində qaçqın-köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlının hüququnun pozulması, nəinki Azərbaycanın, habelə bəşəriyyət tarixinin qara səhifəsi olan soyqırımını törətməsi, işğalçıların günahsız və dinc sakinləri gülləbaran etməsi vərəqlərdə öz əksini tapmışdır.
Vərəqlərdə Avropa Şurasının qətnaməsinin 8 bəndini kobud şəkildə pozan, onu yerinə yetirməyən Ermənistanın bir təcavüzkar dövlət kimi qurumun üzvlüyündən çıxarılması və beynəlxalq məhkəməyə verilməsi tələbləri irəli sürülmüşdür.