ELM VƏ TƏHSİL


AZƏRBAYCANLI ALİMİN YENİ UĞURU

Bakı, 3 avqust (AZƏRTAC). İstanbul Texniki Universitetinin (İTU) aero-kosmik fakültəsinin professoru, həmyerlimiz Elbrus Cəfərovun “Dəyişkən əsaslı nəzarət və gecikmə sistemləri” kitabı Dünya WSEAS (Dünya Elmi-Mühəndislik Akademiyası və Cəmiyyəti) Akademiyasının “WSEAS Press” nəşriyyatında elmi mənbə və dərs kitabları silsiləsində ingilis dilində çapdan buraxılmışdır.

Elbrus Cəfərov 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kərkibaş (Şəfəq) kəndində anadan olmuş, orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş, 1969-cu ildə bu ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur.

1969-1984-cü illərdə SSRİ Cihazqayırma Nazirliyinin neft-kimya avtomatlaşdırma institutunda çalışmış, baş texnikdən laboratoriya müdiri vəzifəsinədək yüksəlmişdir.

1972-ci ildə “Kəsilməz proseslərin çoxquruluşlu sistemlərinin idarə edilməsi” mövzusunda namizədlik, 1982-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

İstedadlı alim 1984-1996-cı illərdə Azərbaycan Texniki Universitetində avtomatika və robototexnika kafedrasına rəhbərlik etmişdir. Qeyd edək ki, robototexnika sistemləri ixtisası Azərbaycanda ilk dəfə Elbrus müəllimin səyləri ilə açılmışdır.

1996-cı ildən İTU-da çalışan həmyerlimiz aero-kosmik fakültəsinin bakalavr, magistr, doktorantura pillələrində fundamental ixtisas fənlərini tədris edir.

Azərbaycanlı alimin gərgin əməyinin bəhrəsi olan “Dəyişkən əsaslı nəzarət və gecikmə sistemləri” kitabı aero-kosmik fakültələr, kibernetika və tətbiqi riyaziyyat, avtomatika, robot sahələrinin magistratura və doktorantura pilləsinin müəllim və tələbələri, tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, kitabı Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya və Türkiyədəki ofislərindən və www.wseas.org internet saytından sifarişlə əldə etmək mümkündür.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.