SİYASƏT
AZƏRBAYCANLI DEPUTAT AŞPA KATİBLİYİNƏ TÖVSİYƏ ÜÇÜN TƏKLİF GÖNDƏRMİŞDİR
AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI ƏRAZİLƏRİNDƏ MEŞƏLƏRİN ERMƏNİSTAN TƏRƏFİNDƏN QARƏT VƏ MƏHV EDİLMƏSİ BARƏDƏ
TÖVSİYƏ ÜÇÜN TƏKLİF
AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI ƏRAZİLƏRİNDƏ
MEŞƏLƏRİN ERMƏNİSTAN TƏRƏFİNDƏN
QARƏT VƏ MƏHV EDİLMƏSİ BARƏDƏ
TÖVSİYƏ ÜÇÜN TƏKLİF
Meşələr Azərbaycan üçün çox ciddi iqtisadi, siyasi, ekoloji problemlərin toplusu deməkdir. Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və Dağlıq Qarabağdan kənardakı 7 rayonunda meşələr böyük ərazini tutur. Bu meşə zolaqları həmin ərazidə yaşayan insanlar, bütövlükdə Azərbaycan üçün həm iqtisadi sərvət, həm də ətraf mühitin təmizliyini təmin edən təbii bir filtr idi. İndi erməni hərbi qüvvələrinin işğalı altındakı ərazilərdə olan meşələrin yarıdan çoxunun ya məhv edildiyi, yaxud təhlükə zonasına çevrildiyini söyləmək məcburiyyətindəyik.
Dağlıq Qarabağın meşə ərazisinin 210 min hektarı radiasiya-nüvə tullantıları ilə tam zəhərləndiyindən sıradan çıxıb. İşğal altındakı Laçın rayonunun 1835 kvadrat kilometr ərazisi var. Laçında meşə zolağının 280 kvadrat kilometri ABŞ-ın Nyu-Cersi ştatında yaşayan erməni milyoneri Qrian Ohanyana 1995-ci ildə 15 il müddətində icarəyə verilmişdir və orada silah istehsal edən zavod yaradılmışdır.
Laçın rayonundakı gözəl meşələri olan Kamallı, Bozlu, Quşçu, Sadınlar kəndləri isə artıq yoxdur. Həmin kəndlər meşələri ilə birgə yerlə-yeksan edilib. İşğal altındakı Qubadlı rayonunda 20 min hektar ərazini əhatə edən qoruq vardı. Qoruq erməni hərbi birləşmələri tərəfindən yandırılıb. Kəlbəcər Azərbaycanın ən səfalı, meşə örtüyü baxımından ən cazibəli yerlərindən idi. 1993-cü ilin aprelində Kəlbəcər işğal olunarkən nüvə başlıqlı mərmilərdən istifadə edilib. Ekspertlərin rəyinə görə, həmin ərazilər yalnız 25 ildən sonra yararlı hala düşə bilər. Zəhərlənmiş ərazilərin 370 kvadrat kilometri meşə örtüyü idi.
İşğal altındakı ərazilərdə nüvə tullantılarının basdırılması, radiasiyanın mümkün normalardan xeyli artması, təbiətin “ağ ciyərləri” adlandırılan, ətraf mühitin tənzimləyicisi rolunu oynayan meşələrin amansızca qırılması və məhv edilməsi nəticəsində bölgədə vərəm xəstəliyinin yeni dəhşətli bir növü olan nüvə mənşəli vərəm xəstəliyi meydana çıxmışdır. Ermənistan Səhiyyə Nazirliyində 2000-ci il iyul ayının 12-də regionun Gorus, Qafan, Mehri, Sisian və Vardenis yaşayış məntəqələrində yayılan vərəm viruslarına qarşı mübarizə tədbirləri müzakirə edilib. Eyni viruslar Dağlıq Qarabağdakı indi Stepanakert adlandırılan Xankəndidə, Şuşada, Xocavənddə sürətlə yayılmaqdadır. Həmin iclasın nəticəsi olaraq, işğal altındakı Ağdam rayonunun bir neçə kəndində vərəm, QİÇS və xərçəng xəstəliklərindən ölənləri basdırmaq üçün xüsusi qəbiristanlar yaradılıb. Füzuli rayonunda isə həmin vərəmli meyitləri araşdıran təcrübə laboratoriyaları açılıb. İşğal altındakı Zəngilan ərazisində 1974-cü ildə 107 hektar sahəsi olan qoruq salınmışdı. İndi həmin qoruğun cəmi 2 hektarı qalıb. Oradakı bütün çinar ağacları kəsilərək, İranın mebel fabriklərinə satılıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlanan vaxtdan blokada şəraitində yaşayan Naxçıvanda isə əhali qiymətli meşələrdən soyuq qış aylarında istifadə etmək məcburiyyətində qalmışdır.