SİYASƏT
AZƏRBAYCANLI DEPUTAT NAZİRLƏR KOMİTƏSİNİ FƏALLIĞA ÇAĞIRIR
Qəbul olunmuş qaydalara görə, hesabat məruzəsindən sonra Nazirlər Komitəsinin sədrinə suallar ünvanlanır. Şifahi suallar adlanan bu sorğular bir gün əvvəl katibliyə təqdim edilir və ayrıca çap olunur. Sessiyanın gedişi zamanı Nazirlər Komitəsi sədrinin cavabından sonra sualı təqdim etmiş deputatın əlavə sual verməyə hüququ vardır.
Bu dəfə Yan Petersenə 18 avropalı deputat sualla müraciət etmişdi. Sədrə ünvanlanmış ilk sualı azərbaycanlı deputat Rəfael Hüseynov vermişdir. Sualda soruşulur ki, nadir panavropa təşkilatı olan Avropa Şurasının münaqişələrin həllinə verə biləcəyi töhfələri necə gücləndirmək olar və Qafqaz bölgəsində mövcud münaqişələrin həlli istiqamətində hansı konkret addımları atmaq mümkündür?
Cənab Yan Petersen cavabında Qafqaz bölgəsinin Avropa Şurasının daimi diqqət mərkəzində olduğunu vurğulamış və Azərbaycan, Gürcüstan və Ermənistanın problemləri ilə ardıcıl məşğul olacağını, regiona səfərlər edəcəyini bildirmişdir.
Azərbaycanlı deputat əlavə sual vermək imkanından istifadə edərək, sədrin diqqətini Ermənistanın Azərbaycana təcavüzü məsələsinə yönəltmişdir. R.Hüseynov vurğulamışdır ki, adətən, Avropa Şurasının bu problemin həllində fəal rolu ortalığa çıxarkən hər dəfə münaqişənin nizamlanması üçün onun mandatının olmadığı, bu məsələ ilə bilavasitə ATƏT-in Minsk qrupunun məşğul olduğu bildirilir. Ona görə də sədrdən belə bir suala cavab vermək xahiş edilir ki, səlahiyyəti müddətində AŞ-nin ATƏT-lə, konkret olaraq onun Minsk qrupu ilə daimi əlaqələrinin, informasiya mübadiləsinin təmin edilməsi istiqamətində səyləri birləşdirərək fəallaşdırılmasına və münaqişənin həllinə yönəldilməsinə necə yanaşılacaqdır?
Nazirlər Komitəsinin sədri azərbaycanlı deputatın münaqişənin həllində Avropa Şurasının göstərə biləcəyi töhfələr istiqamətində fəallığa çağırışına müsbət cavab vermiş və şəxsən bu münaqişənin həlli istiqamətində bacardığı qədər səy göstərəcəyini bəyan etmişdir.