AZƏRBAYCANLI HAKİMLƏR BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, Cənubi Qafqazın üç ölkəsinin hüquq sisteminin əksər sahələrində islahatlar aparılmışdır. Bununla belə, yeni qanunların hakim tərəfindən tətbiqi zamanı həmişə təfsir və interpretasiyaya ehtiyac yaranır. Bəzən hakim qanundakı boşluqları doldurmalıdır ki, bu da çox çətin və məsuliyyətlidir. Bu baxımdan bütün ölkələrdəki hakimlər eyni tələblər və problemlərlə qarşılaşırlar.
Digər bir mühüm məsələ isə əhalinin sosial cəhətdən zəif təbəqələri üçün hüquqa çıxışdır. İstənilən vətəndaşa öz hüquqlarını həqiqətən də həyata keçirə bilməsi üçün məhkəməyə və hüquqa çıxış açıq olmalıdır. Əgər bu təmin olunmayıbsa, demək, hüquq sistemi çox mühüm bir məqsədini yerinə yetirməyibdir.
Bu iki mövzunu müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Almaniyadan olan hakimlər, dövlət məmurları və hüquqşünaslar, eləcə də beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri dekabrın 1-2-də Tbilisidə region hakimlərinin II Beynəlxalq konfransında görüşəcəklər.
Xatırladaq ki, bu, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin həmin mövzu ilə bağlı Tbilisidə keçirdiyi ikinci konfransıdır.