ELM VƏ TƏHSİL
AZƏRBAYCANLI MAGİSTRLAR ALMANİYADA TƏHSİL ALACAQLAR
Almaniyanın Vayenştefan Tətbiqi Elmlər Universitetini hər il dünyanın müxtəlif dövlətlərindən çoxlu gənc bitirərək, öz ölkələrində aqrar elmin inkişafı sahəsində çalışır. Bu ildən etibarən həmin universitetdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 10 tələbəsi də təhsil alacaqdır. Bu günlərdə Almaniyadan qayıtmış akademiyanın rektoru, akademik Məmmədtağı Cəfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, adı çəkilən universiteti hər il MDB ölkələrindən 500 nəfər magistr bitirir. Təəssüf ki, onların arasında indiyədək bir nəfər də azərbaycanlı olmamışdır. Məhz buna görə də həmin universitetlə ilə əlaqə yaratdıq, nümayəndə dəvət etdik, niyyət protokolu imzaladıq. Alman dili kursu təşkil etdik. İndi həmin kurslarda tələbələr məşğul olurlar. Dekabr ayının 3-dən 9-na kimi Almaniyada keçmiş sovet respublikaları kənd təsərrüfatı universitetləri rektorlarının müşavirəsində iştirak etdikdən sonra, Vayenştefan Tətbiqi Elmlər Universitetinin işi ilə yaxından tanış olduq və 10 nəfər azərbaycanlı magistrin orada təhsil alması üçün protokol imzaladıq. Bu protokola əsasən, yeni tədris ilinə kimi alman mütəxəssisləri müsabiqə yolu ilə 10 tələbəmizi seçərək, universitetə qəbul edəcəklər. Bütün xərcləri Almaniya dövləti ödəyəcəkdir.