AZƏRBAYCANLI MUSİQİÇİLƏR BEYNƏLXALQ FESTİVALDAN QAYITMIŞLAR
AzerTAg.az
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Hollandiya, İtaliya, Rusiya, Ukrayna, Rumıniya, Azərbaycan, Almaniya, Tacikistan dövlətlərinin tanınmış musiqi kollektivlərinin iştirakı ilə keçirilmiş 19-cu Beynəlxalq Həcr festivalı başa çatmışdır. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həmin festivalda respublikamızı professor Ağaverdi Paşayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Dövlət xalq çalğı alətləri orkestri təmsil etmişdir.
Nümayəndə heyətinin rəhbəri, bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanov AZƏRTAC-ın müxbirinə demişdir ki, musiqiçilərimizin 9 günlük festival müddətində bütün çıxışları alqışlarla qarşılanmışdır. Fərəhli haldır ki, görkəmli bəstəkarımız Ü.Hacıbəyovun, T.Quliyevin, R.Hacıyevin, F.Əmirovun, V.Adıgözəlovun, T.Bakıxanovun, H.Xanməmmədovun, Q.Hüseynlinin əsərlərindən ibarət iki hissəli konsert proqramları musiqiçilərimizin ifasında İran televiziyası tərəfindən çəkilib ölkənin bütün şəhərlərində nümayiş olunmuşdur. Tehranın mərkəzi qəzetlərində azərbaycanlı ifaçıların festivalda qazandıqları böyük uğurları tərifləyən məqalələr çap edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var