ELM VƏ TƏHSİL
AZƏRBAYCANLI TƏLƏBƏ BEYNƏLXALQ MÜSABİQƏNİN QALİBİDİR
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Beynəlxalq əqli mülkiyyət günü münasibətilə tələbə və magistrlar arasında “Əqli mülkiyyət mənim gündəlik həyatımda nədir?” mövzusunda beynəlxalq esse müsabiqəsi keçirmişdir.
Respublika Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyi azərbaycanlı tələbələrin müsabiqədə iştirakını təmin etmək üçün lazımi tədbirlər görmüş və təqdim olunmuş esselərdən ən yaxşı 8-ni Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilmişdi.
Müəllif Hüquqları Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 50 ölkəsinin universitetlərindən 210 nəfərin iştirak etdiyi müsabiqəyə yekun vurulmuşdur. ABŞ, Böyük Britaniya, İsveçrə və digər ölkələrin tanınmış mütəxəssislərinin daxil olduğu münsiflər heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci kurs tələbəsi Emin Bəylərovu ilk dəfə keçirilən bu müsabiqənin qaliblərindən biri elan etmişdir.
Bu, ölkəmizdə dövlətin həmin sahəyə daim diqqət göstərməsinin daha bir əyani sübutudur və gənc nəslin elmi potensialından xəbər verir.