MƏDƏNİYYƏT
AZƏRBAYCAN ƏDƏBİYYATI : X1X VƏ XX YÜZİLLƏR
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” redaksiya, nəşriyyat və poliqrafiya mərkəzi AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas alim, mərhum Yaşar Qarayevin “Azərbaycan ədəbiyyatı : X1X və XX yüzillər” monoqrafiyasını çapdan buraxmışdır.
Azərbaycan ədəbiyyatı tarixinə sanballı töhfə olan kitab “Ön söz”dən, ədəbiyyatımızın müxtəlif dövrlərini əhatə edən üç böyük bölümdən-fəsildən və “Son söz”dən ibarətdir.
“İki min ili tamamlayan iki yüz il” sərlövhəli “Ön söz”də müəllif X1X və XX əsrlər Azərbaycan ədəbiyyatının qidalandığı ötən iki min ilin ədəbi- mənəvi dəyərlərindən ətraflı bəhs edir. Eyni zamanda özünün təkrarsız, fərdi özəlliyi ilə seçilən sonuncu iki əsrin milli bədii düşüncəsinin üçüncü minilliyə təbii, obyektiv, qanunauyğun keçid, hazırlıq rolu oynadığı vurğulanır, onlara ayrıca fəsillər həsr olunur.
Kitabda tarixi ardıcıllığı gözləyən və birinci bölümdə ötən iki min ilin ədəbi-bədii, mədəni hadisələrini tədqiqatçı gözü ilə nəzərdən keçirən alim ikinci bölümdə X1X əsrdə, üçüncü bölümdə isə XX əsrdə Azərbaycan ədəbiyyatını yaradanlardan, ədəbiyyatşünaslığın bədii-estetik istiqamətlərindən ətraflı bəhs edir.
“Son söz” “Ədəbiyyat üçüncü minilliyin astanasında” adlanır. Müasir ədəbiyyatımızın bugünkü reallığından söz açan alim sivilizasiyada Şərqlə Qərbin vəhdətini əsas amil kimi şərtləndirir və belə bir qəti fikrə gəlir ki, bu gün sivilizasiyada vəhdət planeti təzə eraya aparan əsas körpü rolunu oynayır. Sivilizasiyanın yalnız bir qütbi ilə bütövlüyə, tamlığa yetişmək mümkün deyildir. Vəhdət körpüsündən keçmədən eradan-eraya addımlamaq artıq çətin olacaqdır.
Əsərin elmi redaktoru akademik Bəkir Nəbiyevdir.