İDMAN


AZƏRBAYCAN AKROBATLARI BEYNƏLXALQ TURNİRDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR

Azərbaycan idmançıları Rusiyanın Oryol şəhərində keçirilmiş beynəlxalq akrobatik gimnastika turnirində iki gümüş medal qazanmışlar. AZƏRTAC respublika Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, İsgəndər Alıyev və Şahverdi Zeynalov kişi, Samina İbrahimova və Viktoriya Maksimova isə qadın duetində ikinci yeri tutmuşlar. Proqramın həmin növlərində Rusiya akrobatları qalib gəlmişlər.

Bakıda isə Azərbaycan və Yaponiyanın gimnast qızlarının qrup hərəkətlərində birgə təlim-məşq toplanışları başa çatmışdır. Gündoğar ölkənin Hyoqo prefekturası komandasının məşqçisi xanım Keyko Yanane Tokioya yola düşmək ərəfəsində demişdir: “Biz toplanışların yekunlarından çox razı qaldıq. Sizdə original hərəkətləri yerinə yetirən kifayət qədər cəlbedici qrup komandası və güclü gimnastlar var. Biz Azərbaycanı seçməkdə səhv etmədik, çünki bu günlərdə sizdən çox şey öyrəndik”.

Azərbaycan komandasının məşqçisi Natalya Nərimanovanın fikrincə, birgə təlimlər gimnastlarımızın da xeyrinə olacaqdır. O demişdir: “Yapon gimnastlarının səviyyəsi həmişə yüksək olmuşdur, onlar Bakıda keçirilən dünya çempionatında 6-cı yeri tutmuşdular. Biz onlardan, ilk növbədə, idman ustalığına nail olmaqda başlıca amillərdən sayılan nizam-intizamı öyrənməliyik. Bundan başqa, biz onların bütün kompozisiyalarının quruluşunu səylə öyrəndik və hərəkətlər üçün musiqi müşayiətini diqqətlə seçdik”.

Yaponiya komandası Bakıya təlim-məşq toplanışlarına bir daha gəlmək istədiyini bildirmiş və Azərbaycan gimnastlarını 2006-cı ildə Hyoqoya dəvət etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.