ELM VƏ TƏHSİL


AZƏRBAYCAN ALİMİ ELMİ FƏALİYYƏTİNƏ GÖRƏ QIZIL MEDALA LAYİQ GÖRÜLMÜŞDÜR

AZƏRTAC-ın verdiyi xəbərə görə, martın 23-də Hyatt Regensy-Naxçıvan otelində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi Arif Paşayevə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ÜƏMT qızıl medalı təqdim olunmuşdur.

Bu münasibətlə keçirilən mərasimi Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Mehdiyev açaraq, akademik Arif Paşayevin elmi fəaliyyətinin mühüm məqamlarına toxunmuş, onun mənalı ömrünü elmin inkişafına həsr etməsindən və Azərbaycan elminə verdiyi töhfələrdən danışmışdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Xalidə Məsimova rəhbərlik etdiyi qurumun ÜƏMT ilə sıx əməkdaşlıq əlaqələrindən, Azərbaycan alimlərinin, ixtiraçılarının, sahibkarlarının, iş adamlarının texniki və yaradıcılıq məhsullarının dünyanın texnoloji bazarına çıxarılması istiqamətində atılan addımlardan danışmışdır. O, ölkəmizin zəngin intellektual potensiala malik bir dövlət olduğunu vurğulamış, akademik Arif Paşayevin elmi araşdırmalarının beynəlxalq aləmdə çox böyük nüfuz qazandığını, 40 ildən çox bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı və praktikaya tətbiqi sahəsində gördüyü işlərin müsbət nəticələrindən söz açmışdır.

ÜƏMT-in dünya şöhrətli ixtiraçı alim Arif Paşayevin bu mötəbər təşkilatın ali mükafatına - qızıl medala layiq görülməsini yüksək qiymətləndirən baş direktor Xalidə Məsimova beynəlxalq təcrübəli alim, yüksək istedada malik akademikə uzun ömür, yaradıcılıq uğurları arzulamışdır.

ÜƏMT-in məsul işçisi Boris Xavirov təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlıq əlaqələrindən, respublikamızda intellektual sərvətin çox yüksək səviyyədə olmasından və bu mötəbər mükafata Azərbaycanda ilk dəfə məhz Arif Paşayevin layiq görülməsi barədə təşkilatın qəbul etdiyi qərarı oxumuşdur.

Təhsil naziri Misir Mərdanov, texnika elmləri doktoru Afiq Həsənov, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin uçuşların təhlükəsizliyi və nəzarət üzrə baş müfəttişliyinin rəisi İlham Əmirov, MEA-nın akademik katibi Akif Hacıyev, akademik Çingiz Qacar və digər natiqlər çıxışlarında, böyük insan, gözəl ziyalı, elmi tədqiqatları ilə dünya şöhrəti qazanmış Arif Paşayevin yaradıcılığının layiq görüldüyü bu mükafatı Azərbaycan elminə verilən qiymət kimi dəyərləndirmişlər.

Akademik Arif Paşayev onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirmiş, Azərbaycan alimlərinin dünya elminə töhfələrindən danışmış və demişdir ki, bizim ÜƏMT-in ali mükafatını almağa layiq çox alimlərimiz vardır və gələcəkdə bu proses davam edəcəkdir.

Sonda akademik Arif Paşayevin 70 illiyinə həsr olunmuş film göstərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.