ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİ QIZIL MEDALLARA LAYİQ GÖRÜLMÜŞDÜR
May ayının 16-da Parisdə, Fransa Sənayeyə Yardım Assosiasiyasında müasir texniki avadanlıqdan istifadə, elmin istehsalata tətbiqi və təhsil sahəsində uğurlu nəticələrə görə MDB ölkələri arasında 2001-ci ilin müsabiqəsinin qaliblərinə xüsusi diplomlar, qızıl medallar və xatirə döş nişanları təqdim olunmuşdur. Assosiasiya 1801-ci ildən fəaliyyət göstərir. Ən yüksək mükafata layiq görülənlər arasında respublikamızın iki ali təhsil müəssisəsi - Azərbaycan Dövlət Neft Akademiyası və Odlar Yurdu Universiteti də var. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ADNA-nın rektoru Siyavuş Qarayev, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev mərasimdən sonra AZƏRTAC-ın müxbirinə müsahibə vermişlər.
S.Qarayev demişdir:
- Akademiya kollektivinin təhsil sahəsindəki uğurları, elmin istehsalata tətbiqində əldə etdikləri nəticələr Assosiasiyanın münsiflər heyəti tərəfindən diqqətlə nəzərdən keçirilmiş və yüksək mükafata layiq görülmüşdür.
Son vaxtlar akademiyanın bir çox ölkələrin təhsil ocaqları, o cümlədən Fransanın Neft İnstitutu və onun tərkibindəki Neft və Mühərriklər İnstitutu ilə əlaqələrimiz genişlənmiş, müqavilələr bağlamışıq. Müqavilələrə əsasən, hər il iki tələbəmiz təhsilini davam etdirmək üçün bu institutlara göndərilir. Son beş ildə 15 tələbəmiz institutlarda təhsil almış və əksəriyyəti doğma kollektivə qayıtmışdır. Bu əməkdaşlıq ümumi işimizin xeyrinədir və gələcəkdə onu daha da genişləndirmək fikrindəyik. Məhz, belə fəaliyyətimiz Assosiasiya tərəfindən yüksək qiymətləndirilmişdir.
Professor Əhməd Vəliyev isə bildirmişdir ki, Universitetin kollektivi yeni təhsil texnologiyalarının tətbiqinə görə Assosiasiyanın yüksək mükafatına layiq görülmüşdür. Respublikamızın təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya edir. Xarici ölkələrin təhsil ocaqlarının nailiyyətlərini biz də işimizə tətbiq edirik. Universitetin nəzdində fəaliyyət göstərən Bakı-Oksford klub məktəbində Britaniyanın məşhur Oksford Universitetinin təhsil texnologiyasından səmərəli istifadə olunur. Məktəbi bitirən şagirdlərə kamal attestatı ilə yanaşı, beynəlxalq statuslu sertifikatlar da verilir. Onlar bu sertifikatların köməyi ilə dünyanın müxtəlif universitetlərinə qəbul olunmaq hüququ əldə edirlər. Almaniyanın Zegind Universiteti ilə kadr, ABŞ-ın Corciya Universiteti ilə müəyyən ixtisaslar üzrə birgə magistr hazırlığına başlamışıq.
Təqdimat mərasimində Ə.Vəliyev Assosiasiyanın prezidentinə üzərində Azərbaycanın xəritəsi toxunmuş xalça və dahi Nizami Gəncəvinin rus, ingilis və ərəb dillərinə tərcümə olunmuş aforizmlərindən ibarət kitab hədiyyə etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris