MƏDƏNİYYƏT
“AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ ” MÖVZUSUNDA FİLM ÇƏKİLİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinə istinadla xəbər verir ki, “Salnamə” studiyasında “Azərbaycan-Almaniya əlaqələri” mövzusunda tammeterajlı sənədli filmin çəkilişlərinə başlanmışdır.
Filmdə ölkələrimizin mədəni-iqtisadi əlaqələrindən, Almaniyadakı diasporumuzun fəaliyyətindən söhbət açılacaqdır. Yeni ekran əsərinin ssenari müəllifi Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev, quruluşçu rejissorları Cəmil Fərəcov və Elçin Musaoğlu, operatoru Rüfət Kərimovdur.
Film 2008-ci ildə Almaniyada keçiriləcək Azərbaycan ili çərçivəsində lentə alınır. İlk təqdimatı martın axırlarına nəzərdə tutulan sənədli filmin çəkilişləri əsasən Almaniyada, bir qismi isə Azərbaycanda aparılacaqdır.