SİYASƏT
AZƏRBAYCAN AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ETİBARLI MÜTTƏFİQİDİR
BU BƏYANATI VAŞİNQTONDA ABŞ MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ VERMİŞDİR
“Terrorizmə qarşı mübarizədə Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir və bunu əməli işi ilə isbat etmişdir”. Bu bəyanatı ABŞ müdafiə nazirinin Avrasiya məsələləri üzrə müavini xanım Mira Rikardel vermişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində nüfuzlu Fletçer Diplomatiya Məktəbinin tələbələri ilə keçirdiyi görüşdə xanım Rikardel onu da deyib ki, ABŞ-ın Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara yardım göstərməyi zəruri hesab edir.
Gənc diplomatlarla görüşdə, həmçinin, Milli Təhlükəsizlik Şurası, Dünya Bankı, ölkəmizdə enerji sahəsində fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri, Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev də iştirak edirdilər. Görüşdə qeyd olunmuşdur ki, Birləşmiş Ştatlar Xəzər hövzəsinin təbii ehtiyatlarının işlənilməsində maraqlıdır. Şübhəsiz, bu amil enerji resurslarının təhlükəsizliyinin təmin edilməsinə də maraq yaradır.
Fletçer Diplomatiya Məktəbi tələbələrinin çoxsaylı suallarının əksəriyyəti Dağlıq Qarabağ düyününün çözülməsinə aid idi. Bu suallara cavab verərək səfir Hafiz Paşayev bildirmişdir ki, münaqişənin həlli üçün böyük dövlətlərin fəal müdaxiləsi zəruridir. O, ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar prosesində daha fəal olmağa çağırmışdır.
Şəfər Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton