SİYASƏT
AZƏRBAYCAN BƏLƏDİYYƏLƏRİ AVROPA ÖLKƏLƏRİNİN BƏLƏDİYYƏLƏRİ İLƏ BİRBAŞA ƏLAQƏLƏR YARATMAQDA MARAQLIDIR
Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa Şurası ilə hərtərəfli əməkdaşlığa önəm verdiyini, münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. Avropa Şurasının üzvü olan dövlətlərin bələdiyyələri ilə Azərbaycan bələdiyyələri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğulayan nazir, bələdiyyələrlə bağlı seminar-məşğələlərin keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stazi Azərbaycana səfərdən məmnun qaldıqlarını söyləmiş, respublikamızda bələdiyyələrin işinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bildirmiş, ölkəmizin Qara dəniz Avroregionu təşəbbüsü çərçivəsindəki layihələrə maraq göstərməsini yüksək qiymətləndirmişdir. Qonaq, həmçinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin və Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının Azərbaycanda Ümummilli Bələdiyyə Assosiasiyasının yaradılması üzrə layihəsinin ölkəmiz tərəfindən dəstəklənməsini və həmin layihənin rəhbər komitəsinin II iclasının Bakıda keçirilməsini əməkdaşlıq sahəsində əhəmiyyətli addımlar hesab etmişdir.
Nazir E.Məmmədyarov Qara dəniz Avroregionu çərçivəsində həmin layihənin reallaşdırılmasının konkret şərtlərinin müzakirəsi ilə bağlı Konstanta şəhərində keçiriləcək konfransa Azərbaycanın da dəvət aldığını nəzərə çarpdırmış, respublikamızın Avropa Şurası ilə yardım proqramı çərçivəsində əməkdaşlığa bundan sonra da hazır olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.