SİYASƏT
AZƏRBAYCAN BAŞ PROKURORU GƏNCƏDƏ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə rayon və şəhər prokurorlarının hesabatları dinlənilməklə, cari ilin ötən dövrü ərzində qanunçuluğun daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi və cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsan və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, ilk növbədə, istintaq fəaliyyəti və dövlət ittihamının müdafiəsi ilə əlaqədar prokurorluq orqanlarının işinin daha da yaxşılaşdırılması, prokurorluq əməkdaşlarının məsuliyyətinin daha da artırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bir sıra açılmamış qəsdən adam öldürmə cinayətlərinin ibtidai araşdırması zamanı vətəndaş müraciətlərinə baxılması işinin təşkilində ayrı-ayrı prokurorluqlar tərəfindən yol verilən nöqsan və çatışmazlıqlar kəskin tənqid edilməklə, bu istiqamətdə prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov xüsusi vurğulamışdır ki, 2003-cü ilin altı ayı ərzində cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş və ölkədə kriminogen durumun daha da sabitləşdirilməsi ilə nəticələnən müsbət nailiyyətlər, ilk növbədə, qanunun aliliyi prinsipini fəaliyyətinin və dövlətçilik siyasətinin əsas devizinə çevirmiş ölkəmizin Prezidenti cənab Heydər Əliyevin respublikamızda əmin-amanlıq və dönməz sabitlik yaradılması yolunda həyata keçirdiyi məqsədyönlü tədbirlərin, habelə İlham Əliyevin respublikamızın ictimai həyatında və diplomatiya sahəsində qazandığı böyük uğurların məntiqi nəticəsidir.
Daha sonra qeyd edilmişdir ki, dövlət müstəqilliyimizin bərpasından, xüsusilə də ölkəmizin rəhbərinin iştirakı ilə 2000-ci il aprelin 26-da keçirilən müşavirədən sonra prokurorluğun insan hüquqlarının müdafiəsi işinə xidmət edən demokratik məzmunlu və sivil bir orqana çevrilməsi, onun cəmiyyətdə rolunu və statusunu müəyyənləşdirən qanunvericilik bazasının yaradılması, prokurorluq orqanları əməkdaşlarının maddi və sosial təminatı məsələlərinin beynəlxalq standartlar səviyyəsinə qaldırılması məhz cənab Heydər Əliyevin gərgin əməyi nəticəsində mümkün olmuşdur.
Məruzə və çıxışlarda son dövrlərdə dağıdıcı mövqedə dayanan müxalifət partiyalarının mənafelərinə xidmət edən və onların siyasi sifarişlərini yerinə yetirən bəzi qəzetlərdə Azərbaycan Prezidentinin şərəf və ləyaqətinə toxunan, böhtan və iftiralarla dolu olan mənəviyyatsız yazılara kəskin münasibət bildirilmiş, xalqda nifrət və qəzəb doğuran, ölkəmizdə formalaşmış möhkəm ictimai-siyasi sabitliyi pozmağa yönələn bu cür hərəkətlər qətiyyətlə pislənilmişdir.
Əməliyyat müşavirəsində ölkəmizin həyatında ən mühüm siyasi hadisə olan Prezident seçkiləri ərəfəsində prokurorluq orqanlarının bütün əməkdaşları fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmələrinin, cəmiyyətdə qarşıdurma yaradılması və seçkilərin pozulmasında maraqlı olan müxalifət qüvvələrinin qanunsuz hərəkətlərinə qarşı öz səlahiyyət həddləri daxilində bütün zəruri tədbirlərin görülməsinin vacibliyi xüsusi vurğulanmışdır. Məruzə və çıxışlarda prezident seçkilərinin müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın sınanmış lideri Heydər Əliyevlə xalqın birliyinin təntənəsinə çevriləcəyinə dərin inam ifadə olunmuşdur.