İQTİSADİYYAT
AZƏRBAYCAN BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTLARINA KEÇƏN İLK MDB DÖVLƏTLƏRİNDƏN BİRİDİR
Milli Bankdan AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, martın 28-də Milli Bankda “Azərbaycan bank sisteminin beynəlxalq maliyyə hesabatı standartlarına keçidi layihəsi”nin ölkədə fəaliyyət göstərən ikinci dərəcəli banklar üçün təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Milli Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev layihə barədə məlumat verərək demişdir ki, layihənin həyata keçirilməsindən məqsəd kommersiya banklarının maliyyə hesabatlarının beynəlxalq maliyyə hesabatı standartlarına uyğun tərtib edilməsinə, bu standartların düzgün tətbiqinə nail olmaqdır. O həmçinin, layihənin reallaşdırılması prosesində bu sahədə böyük təcrübəyə malik Price VvaterHouse Coopers şirkəti ilə yaxından əməkdaşlıq edildiyini bildirmişdir.
Şirkətin layihə üzrə rəhbəri Ceremi Foster çıxışında Milli Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir. O, Azərbaycanın MDB məkanında beynəlxalq maliyyə hesabatı standartlarına keçən ilk dövlətlərdən biri olduğunu bildirmiş və bu sahədə digər ölkələrdən xeyli irəli getdiyini vurğulamışdır.
Adı çəkilən layihə 2001-ci ildə qəbul edilmiş, 2002-2005-ci illərdə Bank Sisteminin İnkişafı Stategiyası çərçivəsində həyata keçirilir. Dünya Bankının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin birinci mərhələsində beynəlxalq maliyyə hesabatı standartlarına keçid üçün Milli Banka metodoloji kömək götərilmişdir və nəticədə Milli Bank tərəfindən müvafiq normativ-metodoloji baza yaradılmışdır. Layihənin ikinci mərhələsində isə standartların tətbiqi ilə bağlı kommersiya bankları üçün müvafiq təlimlər və seminarlar keçirilmişdir.