SİYASƏT
AZƏRBAYCAN BEYNƏLXALQ TƏŞKİLATLARLA SIX ƏMƏKDAŞLIQ EDİR
Martın 14-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə təmsilçisi Devid Sipi qəbul etmişdir.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir Vilayət Quliyev ölkəmizdə demokratik cəmiyyət quruculuğu və demokratik təsisatların möhkəmləndirilməsi istiqamətində, o cümlədən yeni Seçki Məcəlləsinin layihəsi üzrə aparılan işlərlə bağlı məlumat vermiş və bu sahədə Azərbaycan hökumətinin müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini bildirmişdir. Nazir yeni Seçki Məcəlləsinin qəbulunun ölkəmizdə azad və demokratik seçkilərin keçirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdir.
O, bu il keçiriləcək prezident seçkilərinin əhəmiyyətini nəzərə alaraq, seçki prosesində təkmilləşdirilmə işinin aparılması, əhalinin seçkilərlə bağlı məlumatlandırılması prosesinin gücləndirilməsinin, Milli Demokratiya İnstitutunun ofisinin Azərbaycanda gördüyü işlərin zəruri olduğunu və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Təmsil etdiyi qurum tərəfindən Azərbaycanda seçki prosesinin azad və ədalətli keçirilməsi üçün bir sıra layihələrin həyata keçirildiyini bildirən Devid Sip bu istiqamətdə ölkəmizlə əməkdaşlığın bundan sonra da əhəmiyyətli olacağına ümidvar olduğunu bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.