SİYASƏT
AZƏRBAYCAN BMT-NİN İQTİSADİ VƏ SOSİAL ŞURASININ TAMHÜQUQLU ÜZVÜ SEÇİLMİŞDİR
Oktyabrın 3-də BMT-nin 57-ci Baş Assambleyasının ümumi iclasında Azərbaycan Respublikası bu təşkilatın İqtisadi və Sosial Şurasına tamhüquqlu üzv seçilmişdir. Bu Şura BMT-nin altı əsas qurumlarından biridir. Azərbaycan həmin Şurada Şərqi Avropa ölkələri qrupunu təmsil edəcəkdir. Nüfuzuna görə Təhlükəsizlik Şurasından sonra BMT-nin ikinci qolu hesab edilən bu Şurada mühüm qlobal və regional iqtisadi, sosial məsələlər həll edilir. Ölkəmizin belə bir nüfuzlu Şuraya tamhüquqlu üzv qəbul edilməsi dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının yeni mühüm uğurlarından biridir.
Səsvermənin nəticələrinə görə, etibarlı sayılan bülletenlərin 100 faizi Azərbaycan Respublikasının namizədliyinin lehinə olmuşdur. Qeyd edək ki, ölkəmiz İqtisadi və Sosial Şuranın üzvlüyünə namizədliyini hələ 2000-ci ilin yanvar ayında irəli sürmüşdü. Ermənistan da 2000-ci ilin fevral ayında eyni qərar qəbul etmişdi. Lakin, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin dediyinə görə, Azərbaycan diplomatlarının uğurlu səyi nəticəsində Ermənistan tərəfi bu müsabiqəyə tab gətirməyəcəyini anlayaraq 2002-ci ilin avqust ayında namizədliyini geri götürmüşdür. Səfir Yaşar Əliyev bu məsələ ilə əlaqədar 179 dövlətin BMT-dəki daimi nümayəndəsinin hər biri ilə şəxsən görüşdüyünü bildirmişdir. Nəticədə, oktyabrın 3-də keçirilmiş səsvermədə bu beynəlxalq təşkilatın üzvü olan dövlətlərin tam əksəriyyəti Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasına tamhüquqlu üzv seçilməsini dəstəkləmişdir.
BMT-nin İqtisadi və Sosial Şurası üç illik müddətə seçilən 54 üzvdən ibarətdir. Bu yerlər cografi olaraq Afrika, Asiya, Şərqi Avropa, Latın Amerikası və Karib Adaları, Qərbi Avropa və digər dövlətlərə verilir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton