SİYASƏT
AZƏRBAYCAN BMT-NİN İQTİSADİ VƏ SOSİAL ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR
Oktyabrın 2-də BMT-nin İqtisadi və Sosial Şurasına keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Şərqi Avropa qrupundan bu Şuraya üzv seçilmişdir. Səsvermədə 182 üzv ölkədən 177-si iştirak etmiş və onların hamısı Azərbaycanın lehinə səs vermişdir.
Bu seçkilərdə Azərbaycanın əsas rəqibi Ermənistan idi. Lakin Ermənistan seçkilərdə Azərbaycanın qalib gələcəyinin labüdlüyünü anlayaraq, bir ay əvvəl öz namizədliyini geri götürməyə məcbur olmuşdur.
BMT-ın əsas orqanlarından biri kimi, İqtisadi və Sosial Şura Baş Məclisin rəhbərliyi altında yaranmışdır. Onun əsas məqsədi həyat şəraitinin yüksəldilməsi, iqtisadi, sosial, səhiyyə, təhsil, mədəniyyət sahələrində beynəlxalq problemlərin həlli və əməkdaşlıqdan, dinindən, irqindən və dilindən asılı olmayaraq, insan hüquqlarına hörmətlə yanaşmağa xidmət etməkdən ibarətdir.
İqtisadi və Sosial Şura BMT strukturunda Təhlükəsizlik Şurasından sonra ikinci mühüm qurumdur və əlamətdar haldır ki, Azərbaycan 2003-2005-ci illər ərzində burada bütöv bir dövlətlər qrupunun təmsilçisi kimi çıxış edəcəkdir.
Azərbaycan Respublikasının bu Şuraya üzv seçilməsi ölkəmizin beynəlxalq əməkdaşlığa hazır olduğunu, beynəlxalq probemlərin həllinə töhvəsini verə biləcəyini və dünya ictimaiyyətinin Azərbaycana olan inamını bir daha təsdiq etmişdir.
Respublikamızın BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi gənc Azərbaycan diplomatiyasının ciddi uğuru və ölkəmizin beynəlxalq aləmdə get-gedə artmaqda olan nüfuzunun etibarlı göstəricisidir.