SİYASƏT
AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFI HƏR İKİ TƏRƏF ÜÇÜN FAYDALIDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Vilayət Quliyev nümayəndə heyətinin respublikamıza səfərini yüksək qiymətləndirmiş, Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu münasibətlərin bundan sonra daha da geniş vüsət alacağına ümidvar olduğunu bildirmişdir.
Daha sonra nazir ölkəmizdə aparılan demokratik islahatlar, Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanda ilk dəfə keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin gedişi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Lord Caner səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə böyük önəm verdiyini vurğulamışdır.
Daha sonra nazir Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səylər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermiş və məsələnin sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.