ELM VƏ TƏHSİL
AZƏRBAYCAN-BRİTANİYA MƏZUNLAR BİRLİYİNİN VEB-SAYTI AÇILMIŞDIR
Ötən ilin sentyabrında yaradılan ABMB müxtəlif təhsil və təlim proqramları çərçivəsində Böyük Britaniyada təhsil almış azərbaycanlı mütəxəssislərin şəbəkəsidir. Qurumun məqsədi Azərbaycanda və Böyük Britaniyada peşəkar əlaqələr yaratmaq, potensial işgüzar münasibətlər qurmaq, seminarlar, təlimlər, konfranslar keçirmək, üzvlərinin müəyyən proqramlarda iştirakı üçün təqaüdlər ayırmaq, ölkə daxilində elmi tədqiqatlar, layihələr, mütəxəssis dəstəyi və sair vasitəsilə islahat proseslərində yardımçı olmaq, məzunların işlə təmin olunmasına kömək etmək, müxtəlif təhsil proqramlarının yeni iştirakçılarına ümumi məlumat, istiqamət verməkdir. Bu istiqamətdə fəaliyyətində onu British Council, bp və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi dəstəkləyir.
Yeni veb-sayt Böyük Britaniya universitetlərinə daxil olmaq istəyənlər, artıq həmin universitetlərdə təhsil alanlar və oranı bitirib Azərbaycana qayıtdıqdan sonra öz peşəkar karyerasını qurmaq istəyənlər ücün çox qiymətli məlumat mənbəyi olacaqdır.