SİYASƏT


AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA ALMANİYANINÇOX BÖYÜK ƏHƏMİYYƏT VERDİYİ ÖLKƏDİR

AFR-İN ÖLKƏMİZDƏKİ SƏFİRİ

KLAUS QREVLİXİN AZƏRTAC-A MƏXSUSİ

MÜSAHİBƏSİ

SUAL: Cənab Qrevlix, ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikası Almaniyanın diplomatik missiyasının rəhbəri kimi Sizi qane edirmi?

CAVAB: İki ölkə arasında əlaqələrin inkişaf dinamikası çox güclüdür. Mən, ilk öncə, mədəniyyət və təhsil sahəsində əlaqələrə toxunmaq istərdim. Almaniya Federativ Respublikası və Azərbaycan Respublikası arasında bu sahələrdə əməkdaşlığa dair Drezden şəhərində saziş imzalanmışdır. Orada hökümətlərarası komissiyanın iclası keçirilmişdir. İmzalanmış sazişin şərtlərinə əsasən, təhsil sahəsində əlaqələrin daha da inkişafı üçün tədbirlər nəzərdə tutulur. Eyni zamanda, Almaniya və Azərbaycanın şəhərləri arasında əlaqələr inkişaf etməkdədir. Belə ki, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında çox yaxın münasibətlər yaranmışdır.

Bildiyiniz kimi, bu yaxınlarda Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlmişdi. Deməliyəm ki, protokol qaydalarına əsasən o, Almaniyanın 4-cü yüksək rütbəli şəxsidir. Səfər zamanı Kappelhauzda rəsmi qəbul verildi və orada Rasim Babayev, Rəşid İsmayılov kimi rəssamların tabloları nümayiş etdirildi, milli Azərbaycan musiqisi səsləndirildi. Zənnimcə, adını çəkdiyim rəssamlar dünya miqyaslı incəsənət xadimləridir, onların tabloları Nyu-Yorkda və digər böyük incəsənət mərkəzlərində nümayiş etdirilir.

İki il əvvəl Bonn şəhərində kollokvium keçirildi və orada biz qərara gəldik ki, mədəniyyət günlərinin keçirilməsi daha intensiv xarakter alsın. Bu illər ərzində Almaniyada iki dəfə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Lüdviqshafen və Maynts şəhərlərində keçirilmiş bu tədbirlərdə rəssamların sərgiləri, Azərbaycan müğənnilərinin çıxışları təşkil olunmuşdu. Deməliyəm ki, Almaniyada muğama böyük zövqlə qulaq asırlar.

Digər vacib məsələyə toxunmaq istərdim. Mən azərbaycanlı tələbələrin Almaniyanın ən müasir və tanınmış elm ocaqlarında təhsil almaları üçün hər il yarım milyon avro təqaüd ayırıram. Özü də bunu Azərbaycanın gələcəyinə yönəldilmiş sərmayə kimi qiymətləndirirəm. Fikrimcə, gələcəkdə Azərbaycanda alman dilini bilən bir elita yaranacaq və onun Almaniya ilə çox sıx əlaqələri olacaqdır. Yəqin ki, bu təqaüdçülərin arasından nazirlər, professorlar, həkimlər yetişəcək və onların mənim ölkəmlə dostluq münasibətlərinin olması çox vacibdir.

SUAL: Almaniya və Azərbaycan arasında münasibətlərin həm də dərin tarixi kökləri mövcuddur. Əlaqələrimizin inkişafında bunun da rolu varmı?

CAVAB: Bəli. Xalqlarımız arasında sıx tarixi əlaqələr olmuşdur. 1941-ci ilə qədər Azərbaycanda təxminən 35 minə yaxın alman yaşamışdır. Onlar, əsasən, üzümçülük və şərabçılıqla məşğul olmuşlar. Biz istəyirik ki, müasir dövrdə bu əlaqələr daha da inkişaf etsin.

Mənə bəllidir ki, ilk növbədə Azərbaycanın dövlət başçısı cənab Heydər Əliyev, eləcə də digər hökumət nümayəndələri Almaniya ilə münasibətlərin daha da genişdirilməsində maraqlıdırlar.

SUAL: İqtisadiyyat sahəsində əməkdaşlıq yəqin ki, az əhəmiyyət daşımır. Bundestaqın iqtisadi əməkdaşlıq və inkişaf komitəsinin nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı yeni proqramların həyata keçirilməsi barədə məsələlərə toxunuldumu?

CAVAB: Almaniya parlamentinin 4 deputatı Mərkəzi Asiya respublikalarına səfər etdikdən sonra Cənubi Qafqazda Ermənistana və Gürcüstana deyil, yalnız Azərbaycana gəldi. Bu, sizin ölkənin Almaniya üçün nə qədər böyük əhəmiyyət daşıdığına sübutdur. Səfər ərəfəsində deputatlarımız bölgə ilə intensiv şəkildə maraqlanmışlar, regionda mövcud olan münaqişələrlə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işlər görürlər.

İqtisadi məsələlərə gəldikdə, bildiyiniz kimi, Almaniya Azərbaycana 270 milyon avro məbləğində maliyyə yardımı göstərmişdir. Bunun 130 milyonu Almaniya-Azərbaycan ikitərəfli münasibətləri çərçivəsində, qalan hissəsi isə Avropa Birliyi xətti ilə ayrılmışdır. Deməliyəm ki, Avropa Birliyinin maliyyə yardımının 30 faizini Almaniya ödəyir və deputatlar bu vəsaitin Azərbaycanda hansı sahələrə yönəldilməsi ilə maraqlanmışlar. Bu vəsaitin əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına necə təsir etməsi onlar üçün çox vacibdir, çünki bu pullar Almaniyada vergi ödəyicilərinə məxsusdur.

Bundestaqın deputatları Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi ilə də maraqlanmışlar. Bu layihə ətrafında bəzi dairələrdə tənqidi fikirlər səslənsə də, Almaniya onun həyata keçirilməsinə tam tərəfdardır.

Deputatları maraqlandıran digər vacib məsələ Azərbaycanın dərdi olan qaçqın-köçkün problemidir. Onlar Sabirabadda və İmişlidə yerləşən çadır düşərgələrinə səfər etdilər və bu insanların vəziyyəti ilə tanış oldular.

SUAL: Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti genişlənir. Yeni layihələrin həyata keçiriləcəyini və sərmayə axınının artacağını söyləmək olarmı?

CAVAB: Elə bu gün mən BMV şirkətinin nümayəndəliyində təqdimat mərasimini açacağam. Bu məşhur avtomobil şirkəti özünün ən yeni modellərini nümayiş etdirəcəkdir. Bildiyiniz kimi, Almaniyada istehsal olunmuş mallar Azərbaycanda çox yüksək qiymətləndirilir. Nəinki “BMV” və “Mersedes” avtomobilləri, eyni zamanda, “Simens” və “Qründik” firmalarının məhsulları sizin ölkənizdə çox gözəl təmsil olunur, çünki azərbaycanlılar məhz keyfiyyətə üstünlük verirlər.

Əlamətdar haldır ki, ticarətdə Almaniya Azərbaycanın ikinci tərəfdaşıdır. Mən bunu bizim Federal Statistika Komitəsinin məlumatlarına əsasən deyirəm. Bildiyiniz kimi, Azərbaycan nefti Batumi və Poti limanlarından İtaliyanın Triyest limanına gətirilir, oradan isə emal olunmaq üçün Cənubi Almaniyaya nəql edilir. Məhz bu idxala görə biz hesab edirik ki, Almaniya Azərbaycanın ikinci ticarət tərəfdaşıdır. Onu da deyim ki, Azərbaycan neftini emal edən Almaniya şirkətləri bu neftin keyfiyyətindən çox razıdırlar.

Sərmayələrə gəldikdə, onlar, əsasən, 3 sektora yönəldilir. Bunlar neft, neftlə bağlı xidmətlər və qeyri-neft sektorlarıdır.

Neft sahəsində Azərbaycanda bizim “VİNTERHAL” şirkəti fəaliyyət göstərir. Bu şirkət Lənkəranda yerləşən yataqlarda qazma işləri aparmışdır. Burada müsbət nəticələr əldə edilməsə də, şirkətin Bakı ofisi fəaliyyət göstərir və yeni təkliflər gözləyir. Şirkət, habelə Qazaxıstanın Tengiz yatağında işləmək üçün təkliflər almışdır. Mən səfir kimi çalışıram ki, “VİNTERHAL” Azərbaycanda çox iş görsün. Xəzər dənizinin enerji ehtiyatları böyükdür və alman şirkətləri bu sahədə fəallıqlarını artıracaqlar.

Neftlə bağlı xidmətlər sektorunda Almaniya şirkətlərinin çox böyük uğurları var. Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinə ayrılmış 3 milyard dollar vəsaitin 1 milyardını bp təminatçı şirkətlərə ayırmışdır ki, bunun 250 milyonu alman şirkətlərinə verilir. Bu şirkətlərin ən böyüyü kimi, Almaniyanın EUPEK şirkəti 120 milyon dollarlıq sifariş almışdır. Şirkət yüksək keyfiyyətli korroziyaya davamlı borular istehsal edir. Bu borularla “Azəri-Çıraq–Günəşli”dən Səngəçal terminalına kəmər çəkiləcəkdir. Sizə bu şirkətə baş çəkməyi tövsiyə edərdim. Bundan başqa, yaxın gələcəkdə böyük bir alman neft-kimya şirkəti Azərbaycanda iş görməyi planlaşdırır.

Bildiyiniz kimi, Almaniyada külək enerjisi sahəsində çox işlər görülüb və alman şirkətləri Azərbaycanda bu sahədə fəal işləməyi planlaşdırırlar. Külək enerjisi ilə dənizdəki platformaları da elektrik enerjisi ilə təmin etmək mümkün olacaqdır. Bakıda ilin 250 günü hava küləkli olur və ona görə burada alternativ energetikanın bu sahəsini inkişaf etdirmək əlverişlidir.

Qeyri-neft sektoruna gəldikdə, deməliyəm ki, bu sahədə fəaliyyət göstərmək üçün alman şirkətlərini dəvət edərkən bəzi problemlər yaranır. Almaniyanın iş adamları buraya gələndə, adətən, onları üç məsələ maraqlandırır: Azərbaycanda yerli və əcnəbi iş adamlarının birgə müəssisələr yaratması üçün hüquqi bazanın mövcudluğu, əhalinin alıcılıq qabiliyyəti və Bakıda regional mərkəz açmaqla Qazaxıstanda, Türkmənistanda, Gürcüstanda işlər görməyin mümkünlüyü. Düşünürəm ki, bu gün Azərbaycan hökuməti tərəfindən görülən işlər belə deməyə əsas verir ki, yaxın gələcəkdə bütün bu məsələlər həll olunacaqdır.

Ötən ilin yayında Prezident cənab Heydər Əliyev yerli və əcnəbi iş adamları ilə görüşdü və orada geniş fikir mübadiləsi aparıldı. Prezidentin yanında Sahibkarlar Şurası yaradılmışdır və iqtisadi inkişaf naziri Fərhad Əliyev bu quruma rəhbərlik edir. Eyni zamanda, İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun Himayəçilər Şurası yaradıldı və dünən onun ilk iclası keçirilmişdir. Mən hər iki qurumun işində fəal iştirak edirəm, Agentliyin üzvü, Sahibkarlar Şurasında isə müşahidəçiyəm. Hesab edirəm ki, bu qurumların fəaliyyəti nəticəsində istər yerli, istərsə də əcnəbi iş adamlarının problemləri həll olunacaq, Prezident tərəfindən verilmiş sərəncamlar yerinə yetiriləcək və nəticədə sahibkarların vəziyyəti daha da yaxşılaşacaqdır. Səfir kimi, iqtisadi hüquq sahəsində professor və keçmiş iş adamı olaraq çalışacağam ki, Agentlik yaxşı işləsin və bütün təcrübəmi bu qurumun işinə tətbiq etməyə səy göstərəcəyəm.

Himayəçilər Şurasının bir azərbaycanlı üzvü mənə söylədi ki, əvvəllər səfirlər burada yalnız öz ölkələrini təmsil edirdilərsə, indi onların bəziləri Azərbaycanın tezliklə inkişaf etmiş ölkəyə çevrilməsi üçün səy göstərirlər. Mən inanıram ki, Azərbaycana yatırılan sərmayələr öz bəhrəsini verəcək, bu ölkədə alıcılıq qabiliyyəti yüksək olan orta təbəqə formalaşacaq və alman şirkətləri məhz bu təbəqə üçün nəzərdə tutulmuş keyfiyyətli mallarının ixracını daha da artıracaqlar. Bildiyiniz kimi, neft sektorunun inkişafına milyardlarla dollar sərmayə qoyulacaqdır. Təbiidir ki, gəlirlərin bir hissəsi Neft Fondunda toplanacaq və qeyri-neft sektorunun inkişafına yönəldiləcək, nəticədə yoxsulluq aradan götürüləcəkdir. Eyni zamanda, alman iş adamları qeyri-neft sektoruna da çox sərmayə qoyacaqlar. Bu gün kiçik kreditlərin verilməsi üçün Almaniyanın mikrokreditlər üzrə bankı burada fəaliyyət göstərir və müxtəlif proqramlar çərçivəsində vəsaitlər ayrılması planlaşdırılır.

Əlavə edim ki, Azərbaycan rəhbərliyi çox ağıllı və uzaqgörən siyasət yürüdür. Sizin ölkə həmsərhəd dövlətlərlə çox gözəl münasibətlər saxlayır. Bütün bunlar Azərbaycana regional miqyasda işlər görməyə və iqtisadiyyatını inkişaf etdirməyə gözəl zəmin yaradır.

Ümumiyyətlə, texnologiya baxımından alman şirkətləri hər üç sahədə çox güclü təmsil olunurlar və Azərbaycanla əməkdaşlıq yüksək keyfiyyətli texnologiyalar və məhsullar istehsal edən alman iş adamları üçün çox sərfəlidir. Mən inanıram ki, ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq daha da inkişaf edəcəkdir.

MÜXBİR: Cənab səfir, geniş müsahibə üçün sizə təşəkkürümüzü bildiririk.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.