İQTİSADİYYAT
AZƏRBAYCAN-ÇİN İQTİSADİ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 15-də nümayəndə heyəti Çunçin şəhəri meriyasında qəbul edilmişdir. Görüşdə Azərbaycanda iqtisadi vəziyyət, biznes və sərmayə mühiti barədə məlumat verilmiş, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Avqustun 16-da Çunçin şəhərinin tərkibində olan Cancin rayonu ilə Sumqayıt şəhəri arasında dostluq Sazişi imzalanmışdır.
Azərbaycanın nümayəndə heyəti Çunçin şəhərinin və Çinin 40-a yaxın müəssisə rəhbərinin iştirakı ilə keçirilmiş görüşdə iştirak etmişdir. Görüşdə ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühit və iqtisadiyyatın inkişafında əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verilmişdir.
Ayın 18-20-də Azərbaycan nümayəndə heyəti ilə Çunçin şəhərinin 20-yə yaxın müəssisəsində görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılmışdır.
Səfər zamanı Çin tərəfinə iqtisadiyyatın müxtəlif sahələri üzrə sərmayə layihələri təqdim edilmişdir.
Çunçin şəhərinin xarici iqtisadi əlaqələr departamentində keçirilmiş görüşdə Çin tərəfi həmin qurumun Bakıda nümayəndəliyinin açılmasını təklif etmişdir. Həmçinin, bu qurumla İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamenti arasında niyyət protokolunun layihəsi Azərbaycan nümayəndə heyətinə təqdim olunmuşdur.