AZƏRBAYCAN CÜDOÇULARI ALMANİYADA KEÇİRİLƏCƏK BEYNƏLXALQ TURNİRDƏ VƏ TƏLİM-MƏŞQ TOPLANIŞLARINDA İŞTİRAK EDƏCƏKLƏR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycanın cüdo üzrə yığma komandası avqustun 10-da Almaniyaya yola düşəcəkdir. Yığma komandanın baş məşqçisi Ağayar Axundzadə bildirmişdir ki, səfərdən məqsəd Braunşvayq şəhərində keçiriləcək beynəlxalq “German Open” turnirində iştirak etmək, sonra isə orada təşkil olunacaq təlim–məşq toplanışlarına qatılmaqdır.
Azərbaycan yığmasının heyətində Almaniyaya Elçin İsmayılov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Fariz Ramizzadə (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yollanacaqlar.
Baş məşqçi demişdir ki, Azərbaycan idmançıları arasında yalnız Fariz Ramizzadə və Ramilə Yusupova beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Digər cüdoçularımız isə avqustun 18-dək orada keçiriləcək təlim–məşq toplanışlarına qatılacaqlar. Almaniyadan qayıtdıqdan sonra yığma komanda Zuğulbada bir həftəlik təlim-məşq toplanışlarına yığışacaqdır.
Bu toplanışlar sentyabrın əvvəllərində Braziliyada keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsi olacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var