İDMAN
AZƏRBAYCAN CÜDOÇULARI BEYNƏLXALQ TURNİRDƏ ALTI MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Tver şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir başa çatmışdır. XVII beynəlxalq “Tver ümidləri” adlanan yarışda Azərbaycanı baş məşqçi İbadulla Şahbanovun rəhbərliyi ilə 12 cüdoçu təmsil etmişdir.
Yığma komandamızın heyətində Orxan Dünyamalıyev (60 kq) və Ramin Qurbanov (81 kq) yarışın qızıl medallarına sahib olaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Sərxan Əhmədov (50 kq) və Vüqar Rüstəmli (66 kq) gümüş, Tural Nağıyev (73 kq) və Naim Allahverdiyev (90 kq) isə bürünc medallara layiq görülmüşlər.
Yarışda Rusiya, Belçika, Avstriya, Rumıniya, Finlandiya, Türkiyə, ümumilikdə isə, 13 ölkənin 200-dən çox cüdoçusu mübarizə aparmışdır. Komanda hesabında Azərbaycan idmançıları qazanılan medalların sayına görə, yalnız ev sahibləri Rusiya cüdoçularından geri qalaraq, ikinci yer tutmuşlar.