İDMAN
AZƏRBAYCAN CÜDOÇULARI BEYNƏLXALQ TURNİRDƏ İKİ GÜMÜŞ, DÖRD BÜRÜNC MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində 1990-92-ci il təvəllüdlü cüdoçular arasında beynəlxalq turnir başa çatmışdır.
Səkkiz ölkənin qatıldığı yarışda Azərbaycanı təmsil edən baş məşqçi İbadulla Şahbanovun yetirmələri iki gümüş və dörd bürünc medala sahib olmuşlar.
Kişilər arasında mübarizədə Seymur Heydərov (81 kq), qadınların yarışında isə Nazənin Məmmədova (52 kq) gümüş medallara layiq görülmüşlər.
Yığmamızın digər üzvləri Emin Hümbətov (60 kq), Həsən Ələkbərli (90 kq), Kəmalə Hüseynzadə (57 kq) və Rəqiyyə Qarayeva (70 kq) turniri bürünc medallarla başa vurmuşlar.
Qazanılan medalların sayına görə, Azərbaycan idmançıları komanda hesabında Türkiyə və Gürcüstan cüdoçularından sonra üçüncü yeri tutmuşlar.
Hazırda Türkiyədə beynəlxalq təlim-məşq toplanışında iştirak edən yığmamız vətənə aprelin 28-də qayıdacaqdır.