SİYASƏT
AZƏRBAYCAN DA TERRORA MƏRUZ QALMIŞDIR
Fevralın 5-də Fransanın Milli Assambleyasında “Terrorizm və beynəlxalq cinayət məsuliyyəti” mövzusunda forum keçirilmişdir. Milli Assambleyanın sədri Raymond Forni forumu giriş sözü ilə açmış, BMT-nin Baş katibi Kofi Ananın və Fransa Respublikasının prezidenti Jak Şirakın təbrik məktublarını oxumuşdur. Geniş müzakirəyə səbəb olmuş forumda ABŞ, Belçika, Hollandiya, İsveç, Kanada, Misir, Seneqal və s. ölkələrin alim, diplomat, hüquqşünas və insan hüquqları sahəsindəki ekspertləri terrorizmin mahiyyətindən söhbət açmış və ona hüquqi qiymət verilməsindən danışmışlar.
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin əməkdaşı Məsim Məmmədov forumda çıxış etmiş, ölkəmizin çoxlu insan tələfatına səbəb olan terrorizmə qarşı mübarizə aparan dövlətləri dəstəklədiyini bildirmişdir. O, konkret misallar əsasında 13 il ərzində erməni terrorçularının respublikamızda 32 terror aktı həyata keçirdiyini, nəticədə 200-dən artıq günahsız adamın həyatına son qoyulduğunu, böyük dağıntılar törədildiyini açıqlamışdır.
Beynəlxalq terrorizmin bir hissəsini təşkil edən erməni terror qrupu və onun törətdiyi terror aktları barədə material və məlumatlar forum iştirakçıları arasında paylanmışdır.
Forumda beynəlxalq terrorizm qətiyyətlə pislənmiş və ona qarşı ciddi mübarizə aparmaq çağırışları səslənmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris