SİYASƏT
AZƏRBAYCAN DİASPORU RUSİYANIN HƏYATINDA MÜHÜM AMİLƏ ÇEVRİLMİŞDİR
T.Poloskova demişdir: “Ümumrusiya Azərbaycan Konqresi qısa müddət ərzində Azərbaycan diasporunun Moskvada çox səmərəli, ən əsası isə, artıq sözçülükdən və dəbdəbədən kənar iş sistemini qura bilmişdir. Konqres bir çox diaspor təşkilatlarının tez-tez təşkil etdikləri dəbdəbəli tədbirlər əvəzinə, diasporun Rusiyanın dövlət, ictimai, mədəni təşkilatları ilə səmərəli və çox uğurlu qarşılıqlı fəaliyyət sistemini yaratmışdır. Onlar ciddi ekspertlər işə cəlb edə bilmişlər və nəticədə, Moskvadakı Azərbaycan diasporunun potensialı hazırda 5 il əvvəlkindən keyfiyyətcə fərqlənir. Bu, çox böyük potensialdır”.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərindəki müsbət irəliləyişlərdə də Moskvadakı Azərbaycan diasporunun xidməti var. ÜAK, əsasən, yaxşı nəticələr əldə etməyə çalışır və Rusiya strukturları onunla təcrübə mübadiləsi aparmaqda maraqlıdırlar. Bir çox ekspertlərin fikrincə, ÜAK-ın fəaliyyətinin növbəti mərhələsi Rusiya ilə Azərbaycan arasında ekspert dialoqunun optimallaşdırılması ola bilər. T.Poloskova demişdir: “Elə mövzular və ideyalar var ki, dövlət strukturlarının onlara toxunması münasib deyildir. Azərbaycan və Rusiya ekspertləri isə belə ideyaları, o cümlədən dövlət üçün vacib olan və dövlət siyasətinin elementlərindən sayılan diasporla bağlı mövzuları ikitərəfli münasibətlər zamanı qaldıra bilərlər”.
Analitik bildirmişdir ki, bir çox MDB ölkələri, o cümlədən Rusiya xaricdə yaşayan həmvətənlərlə iş siyasəti sahəsində Azərbaycandan çox şey öyrənə bilər. O, Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini bu işdə olduqca səmərəli qurum adlandırmışdır. Onun sözlərinə görə, bu, ümumiyyətlə, bütün keçmiş sovet məkanında bənzəri olmayan bir təşkilatdır. Ekspertlərin çoxunun rəyinə görə, Rusiyada da buna bənzər vahid əlaqələndirmə orqanının yaradılması zəruridir.