Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN DİPLOMATİYASI İSLAM ALƏMİNDƏ DƏ MÖHKƏM MÖVQE QAZANIR
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏUDİYYƏ ƏRƏBİSTANINA RƏSMİ SƏFƏRİ
İKİ DÖVLƏT BAŞÇISININ GÖRÜŞÜNDƏ QARABAĞ MƏSƏLƏSİ DƏ MÜZAKİRƏ OLUNDU

Dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan Prezidenti Heydər Əiyevin iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudla təkbətək görüşünü AZƏRTAC-ın müxbirinin xahişi ilə şərh edərək dedi:

- Bu görüş olduqca mehriban şəraitdə keçdi. Diqqəti cəlb edən haldır ki, protokolla heç bir məhdudiyyət qoyulmamışdı. Məliklə söhbət gecə saat 2-dək davam etdi. Söhbət zamanı Heydər Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə əlaqələr qurulması məsələsini qaldırdı və respublikamızın bütün problemlərini iki müqəddəs şəhərin xadiminə aşkarlıq ruhunda çatdırdı.

Söhbətdə Ermənistanın Azərbaycana təcavüzü məsələsinə də geniş yer verildi, işğal edilmiş ərazilərimiz xəritələr vasitəsilə göstərildi və məsələnin əsl mahiyyəti tam aşkarlıqla müzakirə olundu.

Fəhd ibn Əbdül Əziz əl-Səud söz verdi ki, hər sahədə Azərbaycanla əməkdaşlığın ən yüksək səviyyədə qurulmasına kömək edəcəkdir. Belə hesab edirəm ki, bu ölkəyə ziyarət olduqca müvəffəqiyyətli keçir və Prezidentin səfəri Azərbaycana çox xeyirlər verəcəkdir.

BAŞ SAZİŞ İMZALANDI

Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında Baş saziş imzalandı. Səudiyyə Ərəbistanı keçmiş Sovetlər İttifaqının respublikaları olmuş ölkələr arasında ilk dəfə müstəqil Azərbaycan Respublikası ilə belə saziş imzalayır. Səudiyyə Ərəbistanının qanunlarına əsasən iki ölkə arasında Baş sazişi xarici işlər nazirləri imzalamalıdırlar. Ona görə də həmin sənədə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl imza atdılar. Bu sazişə əsasən ölkələrimiz iqtisadi, ticarət, investisiya, elm-texnika, mədəniyyət, idman, turizm sahələrində sıx əməkdaşlıq edəcəklər.

Həsən Həsənovla Səud əl-Feysəlin görüşündə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın inkişaf perspektivləri də geniş müzakirə olundu.

İİB AZƏRBAYCANA KREDİT AYIRIR

İyulun 11-də Ciddədə Azərbaycan Respublikasının maliyyə naziri Fikrət Yusifovla İslam İnkişaf Bankının (İİB) prezidenti Osman Sek arasında Mil-Muğan kollektor drenaj şəbəkəsinin maliyyələşdirilməsi üçün kredit ayrılması barədə müqavilə bağlandı.

Azərbaycan İslam İnkişaf Bankının üzvü olduğuna görə respublikamızın maliyyə naziri bu bankın prezidentinin müavini hesab edilir. Ona görə də bu sənədə Fikrət Yusifov imza atdı. Müqaviləyə əsasən İİB Azərbaycana 9,8 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Bu isə Mil-Muğan kollektor drenaj şəbəkəsinə çəkiləcək ümumi xərcin 67 faizini təşkil edir. Xərclərin qalan hissəsini Azərbaycan özü maliyyələşdirəcəkdir. Mil-Muğan kollektor drenaj şəbəkəsi bu mühüm bölgələrdə torpaqların yararlı hala salınması işində mühüm rol oynayacaqdır.

İslam İnkişaf Bankı Azərbaycanda Samur–Abşeron kanalının yenidən qurulması, Xırdalanda körpələr üçün süd istehsal edən zavodun inşası, Lənkəranda tamat pastası buraxan xəttin istifadəyə verilməsi, Bakı hava limanında anqar tikintisi və digər obyektlərin maliyyələşdirilməsinə kömək etmək niyyətindədir. Bütün bunlarla yanaşı, İslam İnkişaf Bankı azərbaycanlı qaçqınlara 1,5 milyon dollar yardım ayırmışdır.

“SAVOLO” BİTKİ YAĞLARI ZAVODUNA SƏFƏR

İyulun 11-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Ciddədəki “Savolo” bitki yağları zavoduna gəldilər. Bu müəssisənin məhsullarının bir sıra ölkələrdə alıcıları vardır. Səudiyyə Ərəbistanının isti iqlimində bitkiçiliyin inkişafı üçün imkanlar məhdud olsa da, bu zavod öz məhsullarını yerli xammal hesabına buraxır. “Savolo” etiketi həmin məhsulların yüksək keyfiyyətli olması əlamətidir. Zavodda yüksək səviyyəli texnologiya tətbiq edilmiş, məhsul istehsalı prosesi demək olar ki, tamamilə avtomatlaşdırılmışdır.

Zavodun rəhbərləri müəssisənin işi və əlaqələri barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verdilər. Söhbət zamanı bu zavodla Azərbaycan müəssisələri arasında əlaqələr qurulması məsələsi müzakirə olundu.

“LUBREF” NEFTAYIRMA ZAVODUNUN İŞİ MARAQ DOĞURDU

İyulun 11-də Ciddədəki “Lubref” neftayırma zavodunda Azərbaycan Prezidenti ilə görüş də olduqca maraqlı keçdi. Bu müəssisə Amerikanın “Mobil” şirkəti ilə birgə fəaliyyət göstərir. Zavodun səhmlərinin 70 faizi Səudiyyə Ərəbistanına, 30 faizi isə “Mobil” şirkətinə məxsusdur.

“Lubref” 1975-77-ci illərdə ABŞ-ın “Mobil” və Yaponiyanın “Çioda” şirkətləri tərəfindən tikilib istifadəyə verilmişdir. Zavod ölkənin neft yağlarına olan tələbatını ödəmək məqsədilə tikilmişdir. Səudiyyə Ərəbistanının sənaye infrastrukturunun inkişafına mühüm təkan verir. Zavodda ölkə sənayesi üçün kadrlar hazırlanması imkanı da vardır.

Heydər Əliyevə məlumat verdilər ki, müəssisədə emal olunan xammaldan ağır yağ alınır, buna baza yağı da deyirlər. Bütün sürtkü yağları həmin yağdan istehsal olunur. Daha sonra baza yağı iki prosesdən keçir və ondan dörd növ yüksək keyfiyyətli yağ alınır. Ölkənin digər sürtkü yağı zavodları da baza yağını bu müəssisədən alır və ondan müxtəlif məhsullar istehsal edirlər.

Prezidentə bildirdilər ki, 1993-cü ildə zavodun istehsal gücü 1,9 milyon barrelə çatmışdır. Əvvəllər ölkədə bu məhsullara tələbat az olsa da, sənayenin sürəli inkişafı nəticəsində hazırda zavod ölkə iqtisadiyyatının mühüm müəssisələrindən birinə çevrilmişdir. Tələbat isə o dərəcədə yüksəlmişdir ki, Ciddədən 300 kilometr şimalda, Qırmızı dənizin sahilində daha belə bir zavodun tikilməsi üçün layihələr hazırlanmışdır. İldə 2 milyon barrel məhsul buraxacaq həmin zavod 1996-cı ildə istifadəyə verilməlidir. Yeni müəssisə işə düşdükdən sonra ölkənin neft yağlarına tələbatı tamamilə ödəniləcək, hətta xaricə də 1,4 milyon barrel məhsul satmaq imkanı yaranacaqdır.

Daha sonra Heydər Əliyevə məlumat verildi ki, bu zavodda yüksək texnologiya tətbiq olunmuşdur. Belə bir fakt da maraq doğurur ki, zavod fəaliyyətə başladığı gündən indiyədək burada bir işçi də xəsarət almamışdır.

Görüş zamanı bu zavodun Azərbaycandakı eyni profilli müəssisələrlə əməkdaşlıq etməsi barədə ilkin razılıq əldə olundu.

Azərbaycan Prezidenti zavodun işçiləri ilə görüşdə dedi ki, dost və qardaş Səudiyyə Ərəbistanında belə bir böyük və əhəmiyyətli zavodun yaranması bizi sevindirir. Qısa müddətdə zavodunuz ölkənin daxili tələbatını ödəməyə başlamışdır və hətta məhsulun bir hissəsi xaricə satılır. Belə bir neft emalı zavodunun fəaliyyətə başlaması Səudiyyə Ərəbistanında böyük kadr heyəti yaranmasına səbəb olmuşdur. Bu isə o deməkdir ki, zavod neft yağları istehsal etməklə kifayətlənmir, həm də insanların elmi-texniki səviyyəsinin artmasına çox böyük kömək etmişdir.

Heydər Əliyev Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudla görüşündən də danışaraq dedi ki, dostum və qardaşım kadr hazırlamaq üçün Səudiyyə Ərəbistanından hər il 15 min adamın xaricə - Avropa, Amerika ölkələrinə göndərilməsindən mənə iftixarla söhbət açmışdır. Burada eşitdiklərim həmin işin əhəmiyyətini bir daha təsdiq edir. Bu isə o deməkdir ki, Azərbaycan üçün dost və qardaş ölkə olan Səudiyyə Ərəbistanı inkişaf etmiş sənaye ölkəsidir və dünya dövlətləri arasında mühüm yer tutur. Bütün bunlar iki müqəddəs şəhərin xadiminin ölkədə sənaye və mədəniyyətin inkişafı naminə gördüyü mühüm işlərin nəticəsidir. Bütün bu nailiyyətlərə görə sizin dövlətinizi, Səudiyyə Ərəbistanı xalqını və mənim əziz dostum və qardaşım – iki müqəddəs şəhərin xadimini təbrik edirəm.

PREZİDENTİN MƏTBUAT KONFRANSI

Iyulun 11-də Azərbaycan Prezidenti Heydər Əliyev Ciddədə onun üçün ayrılmış iqamətgahda mətbuat konfransı keçirdi. Mətbuat konfransında Səudiyyə Ərəbistanının və bir sıra digər ölkələrin ən nüfuzlu qəzetlərinin və informasiya agentliklərinin nümayəndələri iştirak edirdilər.

Heydər Əliyev mətbuat konfransında çıxış etdi və jurnalistlərin suallarına cavab verdi.

MƏDİNƏYƏ SƏFƏR

İyulun 12-də Heydər Əliyev və onu müşayiət edən şəxslər Ciddədən Mədinəyə yola düşdülər. Hər iki şəhərin hava limanlarında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul düzüldü və təntənəli rəsmi mərasimlər keçirildi.

Mədinə şəhərində də Azərbaycan Prezidentinə ən ali qonaqlar üçün nəzərdə tutulan iqamətgah ayrılmışdı.

X X X
Axşamüstü Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər Mədinədəki məşhur Peyğəmbər məscidinin havatəmizləyici qurğusu ilə tanış oldular. Dağlar arasında yerləşən bu qurğuda ümumi gücü 20 meqavat olan səkkiz generator işləyir, həm havatəmizləyici qurğunu, həm də Peyğəmbər məscidini elektrik enerjisi ilə təmin edir. Buradakı ən müasir avadanlığın gücü ilə Peyğəmbər məscidinin nəhəng salonunda havanın temperaturunu müntəzəm olaraq 20-25 dərəcə səviyyəsində saxlamaq mümkün olur.

Qurğu məsciddən yeddi kilometr aralıdır. İbadətgaha doğru uzanan iri hava boruları yeraltı tunellərdən keçir. Maşın karvanı bu tunellə enəndə adam heyrətlənməyə bilmir. Bir daha şahid olursan ki, Səudiyyə Ərəbistanında sənayenin inkişafı və tikinti sahəsində çox nəhəng işlər görülür. Əslində Peyğəmbər məscidinin altında sanki böyük bir qəsəbə salınır. Azərbaycan Prezidentinə məlumat verildi ki, yer altındakı bu keçid Mədinəyə ziyarətə və namaz qılmağa gələnlərin minik maşınlarını yerləşdirmək üçün nəzərdə tutulur.

PEYĞƏMBƏR MƏSCİDİNDƏ NAMAZ MƏRASİMİ

Mədinədəki Peyğəmbər məscidi dünyanın ən gözəl memarlıq incilərindən biridir. Tarixdən məlumdur ki, Həzrəti Məhəmməd Peyğəmbər bir müddət Mədinədə yaşamış və müqəddəs Quranın xeyli hissəsini burada bəyan etmişdir. İslam məhz Mədinədə müstəqil din xarakteri almış və müsəlman dövlətinin təməli burada qoyulmuşdur. Mədinə həmin dövlətin ilk paytaxtı olmuşdur. Məhəmməd Peyğəmbər özünün tikdirdiyi məsciddə dəfn edilmişdir. Sonradan həmin məscid daha da genişləndirilmişdir. Bu müqəddəs binanın tikintisində müsəlman dünyasının ən görkəmli memarları iştirak etmişlər.

İki müqəddəs şəhərin xadimi Fəhd ibn Əbdül Əziz əl-Səudun dövründə bu məsciddə çox böyük yenidənqurma işləri görülmüş və bütün bunlar müqəddəs binanın gözəlliyini qat-qat artırmışdır.

Peyğəmbər məscidinin yaraşıqlı, insanı heyrətə gətirən minbərləri lap uzaqdan diqqəti cəlb edir. Məscidə daxil olanda isə buradakı gözəllik, əzəmət adamı sanki sehrləyir.

Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər iyulun 12-də axşam Peyğəmbər məscidinə gəldilər. Məscidin rəhbərləri ali qonağı mehribanlıqla qarşıladılar. Azərbaycan dövlət başçısının namaz qılması üçün ən hörmətli yer ayrıldı. Prezident burada namaz qıldı, sonra Həzrəti Məhəmməd Peyğəmbərin və İslam dinin digər görkəmli xadimlərinin qəbirlərinin ziyarət etdi.

Məscidin həyətində yüzlərlə adam Azərbaycan Prezidentini hərarətlə salamladılar. Adamlar Azərbaycan rəhbərinə səmimi dost kimi yaxınlaşır, bir-bir əl tutub görüşürdülər.

X X X
Peyğəmbər məscidinin qorunmasına xidmət edən təhlükəsizlik qurğusu müasirliyi ilə diqqəti cəlb edir. Bu qurğu həm də məsciddə eyni vaxtda namaz qılan bir milyon adamın təhlükəsizliyi üçündür. On bir zonaya bölünən məscidin hər qarışı buradakı 535 videokamera vasitəsilə ciddi nəzarət altındadır. Hər şey göz qabağındadır. Avtomat qurğular baş verə biləcək təhlükə haqqında nəinki Mədinədə, hətta ölkənin paytaxtı Əl-Riyadda yerləşən dörd təhlükəsizlik mərkəzinə həmin dəqiqə lazımi məlumat çatdırır.

Bütün bunlar barədə Azərbaycan Prezidenti Heydər Əliyevə məlumat verildi. Dövlət başçısı və onu müşayiət edən şəxslər bu qurğunun işi ilə maraqla tanış oldular, onun ayrı-ayrı salonlarında yerləşdirilmiş müasir avadanlığa baxdılar.

Daha sonra Heydər Əliyev və onu müşayiət edən şəxslər Peyğəmbər məscidinə qayıtdılar və bu əzəmətli memarlıq abidəsinin salonunu gəzdilər.

Heydər Əliyev məscidin şərəf kitabına öz ürək sözlərini yazdı:

“Bismillahir-rəhmanir-rəhim!

Müqəddəs Mədinə şəhərini, islamın müqəddəs abidələrini, Həzrəti Məhəmməd Peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm.

Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha islam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim.

İslamın dünyada yayılması üçün, islam abidələrinin bütün ziyarət edənlərdən ötrü paklıq şəraitində olması üçün Həzrəti Məhəmməd Peyğəmbərin məqbərəsinin ətrafında yaradılmış məscid kompleksləri məni heyran etdi. Xüsusən son illərdə görülən işlər yaradılmış möhtəşəm, əzəmətli məscid binaları böyük heyrət və ehtiram hissi doğurur. İki müqəddəs şəhərin xadimi cənab Fəhd ibn Əbdül Əziz əl-Səudun gördüyü işlər əvəzsizdir, böyük minnətdarlıq hissi doğurur. Bu müqəddəs şəhəri yaşadanlara, əsrlərdən-əsrlərə abadlaşdıranlara, xüsusən əziz dostum, qardaşım, iki müqəddəs şəhərin xadiminə hörmət və ehtiramımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

12 iyul 1994-cü il”.

Məscidlə tanışlıqdan sonra Azərbaycan Prezidenti jurnalistlərlə görüşdü.

KİTABXANA-MUZEYLƏ TANIŞLIQ

Kitabxana-muzey Peyğəmbər məscidinin lap yaxınlığında yerləşir. Burada Quranın ən nadir nüsxələri saxlanılır. Ağırlığı 154 kiloqram olan ən qədim Quranın mətni dəri üzərində yazılmışdır. Burada hər bir qədim nüsxə çox böyük diqqətlə qorunub saxlanılır. Onların demək olar ki, hamısı öz gözəlliyi ilə insanı heyrətə gətirir.

Azərbaycan Prezidenti və nümayəndə heyətimizin üzvləri kitabxana-muzeyin bu nadir incilərinə maraqla tamaşa etdilər, salonları gəzdilər. Heydər Əliyev kitabxana-muzeydə fəxri qonaqlar üçün nəzərdə tutulan kitabda öz ürək sözlərini yazdı.

BURADA QURAN ÇAP OLUNUR

Mədinə şəhərində Quran çap edən mətbəə kompleksi də Fəhd ibn Əbdül Əziz əl-Səud dövründə tikilib istifadəyə verilmişdir. Quranın çapı işinə iki müqəddəs şəhərin xadimi özü rəhbərlik edir. Burada çap olunan müqədəs kitablar dünyanın bütün müsəlman ölkələrinə yayılır. Mətbəədə Quranın müxtəlif dillərə tərcüməsi ilə də məşğul olurlar. Burada Quran ən gözəl avazlı adamların səsi ilə kasetlərə yazılır. Həzrəti Məhəmməd Peyğəmbərin hədisləri, kəlamları ayrıca kitab şəklində buraxılır. Mətbəə kompleksində dərs kitabları da nəşr edilir.

Burada hər il on milyon nüsxədən çox kitab çap olunur. İndiyədək mətbəədə 94 milyon nüsxədən artıq kitab buraxılıb. Bunların 80 milyon nüsxəsi iki müqəddəs şəhərin xadiminin adından dünya müsəlmanlarına paylanıb.

İyulun 13-də mətbəə kompleksində Heydər Əliyevi və onu müşayiət edən şəxsləri mehribanlıqla qarşıladılar və nəhəng müəssisənin işi barədə Prezidentə ətraflı məlumat verdilər. Azərbaycan rəhbəri mətbəənin sexləri ilə də tanış oldu. Ona dedilər ki, mətbəə kompleksinin yerləşdiyi sahə böyük bir qəsəbənin ərazisinə bərabərdir. Burada 1400 adam çalışır.

Sexlərlə tanışlıqdan sonra iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudun adından Heydər Əliyevə Quranın ən nadir və çox qiymətli nüsxələri hədiyyə verildi.

MƏTBUATIN DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycan Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanına gəldiyi ilk gündən bu ölkənin mətbuatı səfərə böyük diqqət yetirirdi. Qəzetlər hörmətli qonaqla bağlı materialları birinci səhifələrində ən görkəmli yerdə dərc edirdilər. Ölkə televiziyasının hər iki kanalı Azərbaycan Prezidentinin bütün görüşlərini demək olar ki, bütöv halda göstərirdi.

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərindən biri olan “Okaz” elə birinci gün səfərlə bağlı “İki müqəddəs şəhərin xadiminin dostu və qardaşı Heydər Əliyevə Səudiyyə Ərəbistanında böyük hörmət vardır” sərlövhəsi altında yazı dərc etdi. Ölkənin digər nüfuzlu qəzetləri - “Ər-Riyad”, “Əl-Mədinə” və başqaları da Azərbaycan Prezidentinin səfəri ilə əlaqədar hər bir tədbir barədə xəbərlər və geniş reportajlar verirdilər. Ərəb dünyasında və Avropa ölkələrində yayılan “Riyad deyli” və “Arad nyus” qəzetləri də Heydər Əliyevin səfərinə həvəslə yer ayırırdılar. Londonda nəşr olunan “Əş-Şərq əl-ausat” qəzetində də səfərlə bağlı verilmiş materialla tərcüməçinin köməyi ilə tanış olduq. Bizə məlumat verdilər ki, ölkə radiosu və televiziyasının ingilisdilli kanalı səfər barədə xəbərlərə gün ərzində bir neçə dəfə vaxt ayırır.

TARİXİ SƏFƏR BAŞA ÇATDI

İyulun 13-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Səudiyyə Ərəbistanına səfəri başa çatdıraraq Vətənə yola düşmək üçün Mədinə şəhərinin hava limanına gəldilər. Burada Azərbaycan dövlətinin başçısı ilə Mədinənin əmiri Əbdül Məcid ibn Əbdül Əziz əl-Səud arasında səmimi söhbət oldu. Heydər Əliyev səfər günlərində, müqəddəs yerlərin ziyarəti zamanı göstərilən qayğı və diqqətə, yaradılmış imkan və şəraitə görə minnətdarlığını bildirərək əlavə etdi ki, uzun müddət qəlbimizdə yaşatdığımız arzular yerinə yetdi.

Mədinə əmiri dedi ki, ali qonağın və onu müşayiət edən şəxslərin öz ziyarətlərini kompleks şəkildə icra edə bilməsi iki müqəddəs şəhərin xadiminin diqqət mərkəzində olmuşdur. Əmir Azərbaycan Prezidentinin ziyarətinin qəbul olunmasını Allahdan arzu etdi.

Heydər Əliyev səmimi sözlərə görə razılığını bildirdi.

Əmir Əbdül Məcid ibn Əbdül Əziz əl-Səud səmimi sözlərə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək qeyd etdi ki, ölkədə görülmüş bütün işlər Allahın köməyi ilə yerinə yetirilmiş və dünya müsəlmanları üçün edilmişdir. O dedi: Cənab Prezident, mən Sizə uğur arzulayıram. Həmişə xeyir və bərəkət içərisində olasınız.

Hava limanında rəsmi mərasimdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Vətənə yola düşdülər.

SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏR AZƏRBAYCANIN

XARİCİ SİYASƏTİNDƏ BÖYÜK NAİLİYYƏTDİR

Azərbaycan Prezidenti Heydər Əliyev Vətənə qayıdarkən Səudiyyə Ərəbistanına səfərinin yekunu haqqında fikrini bildirərək jurnalistlərə dedi ki, bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirmək olar. Səudiyyə Ərəbistanı dünyanın görkəmli ölkələrindən biridir, həm islam dünyasında, həm də ümumdünya birliyində layiqli yer tutur, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir. Səudiyyə Ərəbistanı tarixi ənənələri və islam dini ilə əlaqədar Azərbaycanla bağlı bir ölkədir. Ona görə də belə bir ölkə ilə əlaqə yaratmaq və gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək gənc, müstəqil Azərbaycan Respublikası üçün çox gərəklidir.

Qeyd etmək lazımdır ki, indiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında heç bir əlaqə olmamışdır. Biz cəmi üç ay qabaq bu ölkəyə öz səfirimizi təyin etmişik. İndi, səfər günlərində gördüm ki, Səudiyyə Ərəbistanında Azərbaycan haqqında çox az məlumat var. Bir çox məlumatlar böyük ölkələrin informasiya orqanlarının mənbələrindən gəlir ki, onların da çoxu qeyri-obyektiv xarakter daşıyır. Ona görə də Səudiyyə Ərəbistanına gəlmək, burada Azərbaycanı tanıtmaq, ölkəmizin həqiqi vəziyyətini təbliğ etmək özü bir nailiyyətdir.

Mən Səudiyyə Ərəbistanının dövlət başçısı ilə və digər rəhbər şəxslərlə görüşlərimi və söhbətlərimi çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, onların hamısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında gələcək əlaqələrin inkişaf etməsi üçün yaxşı əsasdır.

Müqəddəs yerlərə ziyarətindən bəhs edən Heydər Əliyev dedi ki, dini mərasimlərdə iştirakımız və rəsmi görüşlərimiz bir-biri ilə bağlıdır. Bura İslam ölkəsidir. İslamın müqəddəs abidələri burada yerləşir. Ona görə də Səudiyyə Ərəbistanının həm daxili, həm də xarici siyasətində islamı, müqəddəs Məkkə və Mədinəni təbliğ etmək və onlarla bağlı söhbətlər aparmaq bu ölkə üçün səciyyəvi cəhətdir. Ziyarətdən başqa, bizim çox səmərəli, əhəmiyyətli danışıqlarımız olub. Bu, xüsusilə Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudla danışıqlara aiddir.

Heydər Əliyev bildirdi ki, Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin iclasında Azərbaycanın iqtisadi problemləri ilə bağlı məsələ müzakirə edilmiş və cənab məlik Fəhd ibn Əbdül Əziz əl-Səudla görüşdə də bu haqda geniş söhbət olmuşdur. Onun tapşırığı ilə həcc naziri Nazirlər Kabinetinin həmin iclası barədə mənə məlumat verdi, orada Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən təcavüzə məruz qalması, torpaqlarımızın işğal edilməsi və bununla əlaqədar olaraq Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda, beynəlxalq aləmdə mövqeyinin müəyyən edilməsi məsələsinin müzakirə olunduğu bildirildi. Mövqe də ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İclasda Azərbaycanla iqtisadi əlaqələr yaradılması barədə də məsələ müzakirə olunmuş və qərara alınmışdır ki, - həm də dövlət başçısının belə bir əmri var, - yaxın günlərdə Azərbaycana böyük bir nümayəndə heyəti göndəriləcək, respublikanın bugünkü ictimai–siyasi, habelə iqtisadi vəziyyəti haqqında məlumatlar toplayacaqdır. Nümayəndə heyəti bizim təkliflərimizə yerindəcə baxacaqdır. Məlikə bu barədə məlumat veriləcək və bundan sonra Fəhd ibn Əbdül Əziz əl-Səud öz ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri barədə qərarlar qəbul edəcəkdir.

X X X
Xəbər verdiyimiz kimi, iyulun 13-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Səudiyyə Ərəbistanına rəsmi səfəri başa çatdırıb Bakıya qayıtmışlar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Məkkə-Ciddə-Mədinə-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq