AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI BİNASININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
AzerTAg.az
Yanvarın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının əsaslı bərpadan sonra təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Ümummilli lider, Prezident Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mədəniyyət naziri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, gənc skripkaçı, Prezident təqaüdçüsü Cəmilə Musayeva və dünya şöhrətli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç açılış mərasimində çıxış etdilər.
Sonra açılışa həsr edilmiş konsert oldu. Səhnədə ümummilli liderimiz, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük hamisi Heydər Əliyevin portreti asılmışdı.
Maestro Mstislav Rostropoviç əziz və sevimli dostu, Azərbaycan xalqının dahi oğlu, Prezident Heydər Əliyevin nurlu xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq, violonçeldə İohann Sebastyan Baxın iki nömrəli süitasından Sarabandanı ifa etdi.
Daha sonra dünya şöhrətli musiqiçinin dirijorluğu ilə Firəngiz Əlizadənin filarmoniyanın açılışına həsr etdiyi “İthaf” əsəri, xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestrinin və Dövlət xor kapellasının ifasında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, parlamentin deputatları, görkəmli mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər açılış mərasimində iştirak edirdilər.
Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var