Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİ (AzərTAc) İŞÇİLƏRİNİN MADDİ TƏMİNATININ YAXŞILAŞDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) işçilərinin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Baş direktorunun aylıq vəzifə maaşı nazirin aylıq vəzifə maaşı, Baş direktorun 1-ci müavininin aylıq vəzifə maaşı nazirin 1-ci müavininin aylıq vəzifə maaşı, Baş direktorun müavininin aylıq vəzifə maaşı isə nazir müavininin aylıq vəzifə maaşı səviyyəsində müəyyən edilsin.

2. AZƏRTAC-ın digər işçlərinin aylıq vəzifə maaşları 1,5 dəfə artırılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- AZƏRTAC-ın iş fəaliyyətinin istirahət və bayram günləri (gecə növbəsi də daxil olmaqla) fasiləsizliyini təmin etmək məqsədi ilə onun işçilərinin əmək haqlarına əlavələrin və digər ödənişlərin məbləğini müəyyən etsin;

- AZƏRTAC-ın işçilərinin ştat sayının son həddini müəyyənləşdirib təsdiq etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin