RƏSMİ XRONİKA


AZƏRBAYCAN DÜNYA BİRLİYİNDƏ ÖZ MÖVQEYİNİ DAHA DA MÖHKƏMLƏNDİRDİ
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NYU-YORKA SƏFƏRİ

Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya birliyində respublikamızın mövqeyi durmadan möhkəmlənir, nüfuzu getdikcə artır. Zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək şəxsi nüfuzu sayəsində beynəlxalq təşkilatlar, dünyanın ən iri ölkələri hazırda Azərbaycana xüsusi diqqət yetirir və maraq göstərirlər. İndi tam inamla demək olar ki, bir çox dövlətlər ölkəmizlə sıx qarşılıqlı münasibətlər yaratmağa çalışırlar. Bunun bir səbəbi Azərbaycanın zəngin təbii eytiyatları ilə bağlıdırsa, başlıca səbəbi dövlətimizin başçısı Heydər Əliyevin həyata keçirdiyi müdrik, ardıcıl, düzgün xarici siyasətdir.

Prezidentimizin xarici ölkələrə hər bir səfəri Azərbaycanın tarixində yeni mühüm mərhələdir. Bu mənada BMT-nin 50 illik yubileyi münasibətilə onun Nyu-Yorka səfəri də xüsusi əhəmiyyətə malikdir.

İLK GÖRÜŞLƏR, İLK TƏƏSSÜRATLAR

Oktyabrın 20-də Bakıdan Nyu-Yorka yola düşən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onun başçılıq etdiyi nümayəndə heyəti yolüstü Türkiyənin İstanbul şəhərinin Atatürk hava limanında dayandı. Burada ali qonağı Türkiyə Respublikasının yüksək vəzifəli şəxsləri hərarətlə qarşıladılar. Qısa istirahət zamanı dövlətimizin başçısı qardaş ölkənin jurnalistləri üçün mətbuat konfransı keçirdi.

Elə həmin gün Prezident Heydər Əliyev və nümayəndə heyətimizin digər üzvləri təyyarə ilə Nyu-Yorka gəldilər. Kennedi hava limanında dövlətimizin başçısını BMT-nin və ABŞ hökumətinin yüksək vəzifəli şəxsləri qarşıladılar.

Xarici ölkələrə bütün səfərlərində olduğu kimi, indi də Prezidentimiz istirahətə vaxt ayrımadan Nyu-Yorkdakı Türkiyə evinə - burada toplaşan amerikalı azərbaycanlılar icmasının nümayəndələri ilə görüşə gəldi. Respublikamızın rəhbəri salona daxil olarkən, soydaşlarımız Heydər Əliyevi gurultulu alqışlarla, gül-çiçək dəstələri ilə qarşıladılar.

Prezident Heydər Əliyev görüşdə çıxış edərək ölkəmizdəki ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, respublikamızda hüquqi, demokratik dövlət quruculuğu istiqamətində görülən işlər barədə söhbət açdı.

Görüşün sonunda soydaşlarımız Prezidenti dövrəyə aldılar. Respublikamızın rəhbəri onların hər biri ilə dostcasına görüşdü, uzaq Amerikada yaşayan azərbacanlıların həyat şəraiti ilə maraqlandı. Soydaşlarımız müstəqil Azərbaycan Respublikasının rəhbəri, görkəmli siyasi xadim kimi dünyada şöhrət qazanmış Heydər Əliyevlə görüşdən şərəf duyduqlarını bildirdilər. Onlar dedilər: Əziz Prezident, biz Sizin rəhbərliyiniz altında respublikamızda həyata keçirilən tədbirləri böyük diqqətlə izləyirik və onları dəstəkləyirik. İnanırıq ki, Azərbaycanın nicat yolu yalnız Sizin əlinizdədir. İnanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində doğma Vətənimiz yaxın illərdə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacaqdır.

SƏMİMİLİK ŞƏRAİTİNDƏ

Oktyabrın 21-də Azərbaycan Prezidenti Heydər Əliyevin Nyu-Yorka səfərinin gərgin mərhələsi başlandı. Səhər dövlətimizin başçısı Yunanıstan Prezidenti ilə görüşüb danışıqlar apardı, sonra isə BMT-nin baş katibi Butros Butros-Qalinin görüşünə getdi.

BMT-nin möhtəşəm iqamətgahının qarşısında dünyanın digər ölkələri ilə yanaşı, müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı da əzəmətlə dalğalanırdı. Baş katib respublikamızın rəhbərini ən yaxın dostu kimi, mehribanlıqla qarşıladı, BMT-nin 50 illik yubiley tədbirlərində iştirak etmək üçün onun dəvətini qəbul edərək Nyu-Yorka gəldiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən razılıqla söhbət açıldı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Baş katib dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin BMT-nin bu günü və gələcəyi haqqında fikirlərini öyrənməyə xüsusi diqqət yetirdi. Dostluq və mehribanlıq şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün Estoniya Prezidenti Lennart Meri, NATO-nun baş katibi vəzifəsinin icraçısı cənab Balanzino, YUNESKO-nun baş direktoru Federiko Mayor, BMT-nin İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Spet, Avropa İttifaqı Komissiyasının komissarı Hans van den Bruk, Fransa Prezidenti Jak Şirak, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer, Amerika senatoru Qudman, ABŞ-ın yəhudi icmasının rəhbəri Şnayder ilə də görüşlər keçirdi.

BMT-NİN YUBİLEYİNƏ HƏSR OLUNUR

Oktyabrın 22-də Nyu-Yorkda BMT-nin 50 illiyi münasibətilə keçirilən tənətənəli mərasim başlandı. Səhər tezdən dövlət və hökumət başçıları bir-birinin ardınca BMT-nin iqamətgahına gəldilər. Ali qonaqları BMT-nin baş katibi Butros Butros-Qali və onun xanımı qarşıladılar. Təntənəli mərasimin iştirakçıları rəsmi qəbuldan sonra xatirə üçün fotoşəkil çəkdirdilər. Sonra dövlət və hökumət başçıları təntənəli iclasın keçiriləcəyi salona daxil oldular.

Biz BMT-nin 50 illiyinə həsr olunan tədbirləri işıqlandırmaqdan ötrü dünyanın hər bir ölkəsindən buraya gəlmiş jurnalistlər üçün ayrılmış yerdə dayanıb bütün bunları diqqətlə izləyirdik. Ölkəmizin Prezidenti Heydər Əliyevin dövlət və hökumət başçıları arasında necə böyük hörmətə, nüfuzu malik olduğunu bir daha gördük, müstəqil respublikamıza belə bir görkəmli şəxsiyyətin rəhbərlik etməsindən mənəvi qürur hissi duyduq.

Prezident Heydər Əliyev BMT-nin iqamətgahına daxil olub Butros Butros-Qali və onun xanımı ilə görüşdükdən sonra neçə-neçə dövlət və hökumət başçıları ona yaxınlaşdılar, respublikamızın rəhbərinə xüsusi hörmətlərini nümayiş etdirdilər. Yeri gəlmişkən demək lazımdır ki, bu salonda olanların hamısı ABŞ Prezidenti Bill Klintona yaxınlaşmağa, onunla görüşməyə can atırıdı. Lakin Bill Klinton özü də Prezident Heydər Əliyevi salonda görən kimi, lap uzaqdan köhnə dosttək onu salamladı və Prezidentimizə yaxınlaşdı. Biz iki dövlət başçısının necə mehribanlıqla görüşüb hal-əhval tutduqlarını bir qədər uzaqdan da olsa, aydın görürdük.

Nyu-York vaxtı ilə saat 10-da BMT-nin 50 illiyi münasibətilə tənətənəli iclas başlandı. İclasda bu nüfuzlu beynəlxalq təşkilatın üzvü olan 184 ölkənin yüksək səviyyəli nümayəndələri iştirak edirdilər.

Təntənəli iclası giriş sözü ilə açan və bayram münasibətilə qonaqları salamlayan baş katib Butros Butros-Qali beynəlxalq birliyin yarım əsrlik tarixi barədə geniş məlumat verərək dedi ki, İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlibiyyətindən sonra, 1945-ci il iyulun 26-da ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndələri yeni beynəlxalq təşkilatın - BMT-nin Nizamnaməsini imzaladılar. Həmin nizamnamə üç ay sonra, oktyabrın 24-də qüvvəyə mindi və beləliklə, başlıca vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT fəaliyyətə başladı.

Bu gün keçirilən iclasın beynəlxalq birliyin yarıməsrlik tarixində ən geniş məclis olduğunu qeyd edən natiq dedi ki, BMT-nin bəşəriyyət qarşısında xidmətləti az olmamışdır. Natiq həmçinin bildirdi ki, yer kürəsi adlandırdığımız dünyamızda gedən siyasi, iqtisadi, ekoloji, demoqrafik və sair proseslərlə bağlı meydana çıxan yeni qlobal məsələlər BMT-ni də ciddi problemlərlə qarşılaşdırır.

Təntənəli iclasda iştirak edən dövlət və hökumət başçıları arasında ilk söz ABŞ Prezidenti Bill Klintona verildi. Dünyanın bu ən nüfuzlu dövlətinin başçısının çıxışı diqqətlə dinləndi və maraqla qarşılandı. Həmin gün səhər iclasda Ukraynanın, Şri-Lankanın, Namibiyanın, Türkiyənin, Estoniyanın, Rusiyanın və digər dövlətlərin başçıları da çıxış etdilər.

Günortadan sonra başlanan iclasda Azərbaycan Prezidenti Heydər Əliyev çıxış etdi. Dövlətimizin başçısı bu yüksək tribunadan Azərbaycanın hazırda qarşılaşdığı problemlər, xüsusən Ermənistanın ölkəmizə silahlı təcavüzü və bu münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsi üçün görülən işlər, respublikamızda demokratik proseslərin inkişafı haqqında ətraflı söhbət açdı. Prezident Heydər Əliyevin çıxışı böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

Yubiley iclasında çıxış edənlər hazırda bəşəriyyəti düşündürən bir sıra mühüm məsələlər, BMT-nin bu günü və gələcəyi barədə öz fikirlərini geniş şərh etdilər. Natiqlər “İyirmi birinci yüzillikdə xalqların ehtiyaclarını təmin edə biləcək dünyanı necə qurmalı?” - sualına da cavab axtarırdılar. Bu narahatlıq isə səbəbsiz deyildir. Qeyd edildiyi kimi dünya bir-birinə əks olan iki güclü proses – qloballaşma və parçalanma ilə qarşılaşacaqdır. Bu proses artıq başlanmışdır. Natiqlərin fikrincə, qloballaşma bir sıra problemlər doğuracaqdır. Ekoloji problemlər planeti təhlükə qarşısında qoya bilər. Beynəlxalq cinayətkarlıq getdikcə artır.

Bir çox natiqlərin fikrincə, qloballaşma insanları, daha kiçik qruplarda birləşməkdə nicat axtarmağa məcbur edəcəkdir. Belə parçalanma fanatizmi, separatçılığı, vətəndaş müharibələrini artıra bilər. BMT isə bu proseslərin dialektikasını başa düşməyə və onların doğulduğu problemlərin həllinə kömək edə bilər.

Natiqlər dedilər ki, bəşəriyyət müharibələrin və zorakılığın olmadığı, bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edildiyi, insana və insanlığa layiq olan dünyada yaşamaq istəyir. BMT bu vəzifələrin öhdəsindən tam gələ bilmirsə, ilk növbədə dövlətlər günahkardırlar. Eyni zamanda beynəlxalq birlik, lazım gəldikdə, özü də qətiyyət göstərməli, qəbul etdiyi qərarların yerinə yetirilməsinə nail olmalıdır.

Bu fikirlə biz də tam razıyıq. Çünki qəbul edilən qərarlara əməl olunsaydı, Azərbaycana qarşı hərbi təcavüzü yeddi ildən bəri davam etdirən Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi barədəki qətnamələrinə məhəl qoymamağa cəsarət etməzdi. Elə buna görə də bəzi natiqlərin “indiki beynəlxalq strukturlar hadisələrin sürətlə dəyişdiyi müasir dünyada heç də bütün məsələlərin öhdəsindən gələ bilmirlər” fikri təbii səslənirdi.

Natiqlər BMT-də islahatlar keçirilməsinin zərurətindən də bəhs etdilər. Bir çoxlarının fikrincə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalı, habelə bütün regionlardan olan dövlətlərin rəyinin bu orqanda daha geniş nəzərə alınması diqqətdən yayınmamalıdır. Bəzi natiqlər gələcəkdə BMT-nin qərarlarının bütün regional sistemlər üçün məcburi olmasından ötrü vahid beynəlxalq təhlükəsizlik mərkəzinin yaradılması, regional strukturlar arasındakı mübahisələrin həllində müstəqil ali münsif kimi çıxış edəcək beynəlxalq əlaqələndirici orqanın fəaliyyətə başlaması lüzumundan da söhbət açdılar.

Təntənəli iclas oktyabrın 24-dək öz işini davam etdirdi və dünyanın əksər dövlətlərinin rəhbərləri, nümayəndələri burada çıxış etdilər. İclaslar hər gün olsa da, Azərbaycan Prezidenti Heydər Əliyev yubiley tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gəlmiş dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, digər yüksək vəzifəli şəxslər ilə ikitərəfli danışıqlara geniş yer ayırırdı. Görüşlər hər gün səhər saat 8-dən gecə saat 11-12-dək davam edirdi. Gün ərzində dövlət başçımız istirahətə demək olar ki, bir saat da vaxt ayırmırdı. Yeri gəlmişkən, demək lazımdır ki, nümayəndə heyətimizin üzvləri Prezidentin gərgin iş rejiminə vərdiş etsələr də, bu gərginliyə çətinliklə tab gətirirdilər. Ancaq dövlət başçımızın yorğunluqdan əsər-əlamət duyulmayan fəaliyyətini görəndə sanki yenidən güc tapırdılar.

Prezident Heydər Əliyevin Nyu-Yorkda ABŞ, Rusiya, Fransa, Finlandiya, Türkiyə, Portuqaliya, Macarıstan, Bosniya-Herseqovina, Rumıniya, Bolqarıstan, İndoneziya, Ermənistan, Ukrayna, Qazaxıstan, Litva, Braziliya, Anqola dövlətlərinin prezidentləri, Fələstin Azadlıq Təşkilatının başçısı, Bruney sultanı, Küveyt əmiri, İordaniya məliki, Böyük Britaniyanın, İspaniyanın, İsrailin, Pakistanın, Norveçin baş nazirləri ilə və digər yüksək vəzifəli şəxslərlə keçirdiyi görüşlərin nəticələri müstəqil Azərbaycan Respublikasının bu günü və gələcəyi üçün misilsiz əhəmiyyətə malikdir.

PREZİDENTLƏRİN TARİXİ GÖRÜŞÜ

Biz bu görüşlər barədə respublikamızın oxucularına məlumat vermişik. Lakin Azərbaycan Prezidenti Heydər Əliyevlə ABŞ Prezidenti Bill Klintonun görüşü barədə bir daha söhbət açmamaq mümkün deyil. Yeri gəlmişkən deyim ki, Nyu-Yorka gəldiyimiz ilk gündən Amerikanın qarşıdakı görüşə necə böyük əhəmiyyət verdiyinin şahidi olduq. Amerika mətbuatı demək olar ki, hər gün öz səhifələrində bu barədə materiallara yer verirdi və bir çox dairələrin, habelə yüksək vəzifəli şəxslərin həmin görüşü səbirsizliklə gözlədikləri açıq-aydın hiss olunurdu. Nəhayət, oktyabrın 24-də Heydər Əliyevlə Bill Klinton arasında tarixi görüş keçirildi.

Bu görüşdə müstəqil Azərbaycan Respublikası üçün müstəsna əhəmiyyət kəsb edən bir çox vacib məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları hərtərəfli müzakirə edildi. Biz bu görüşdə ABŞ dövlətinin, Prezident Bill Klintonun Azərbaycana marağının, ölkəmizin başçısı Heydər Əliyevə onun böyük hörmətinin şahidi olduq. Cənab Klinton bir daha aydın şəkildə bildirdi ki, o, Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi demokratik islahatları yüksək qiymətləndirir və onu dəstəkləyir.

Bu böyük əhəmiyyətli görüşdən sonra Amerika mətbuatı iki dövlət başçısı arasındakı danışıqları geniş işıqlandırdı. Ölkə televiziyası, qəzetlər prezidentlərin səmimi dostluq münasibətlərindən hərtərəfli söhbət açdılar.

Prezident Heydər Əliyevin keçirdiyi görüşlər arasında ABŞ-ın neft şirkətlərinin, bankların, maliyyə korporasiyalarının rəhbərləri və işgüzar dairələrin nümayəndələri ilə danışıqlar da mühüm yer tuturdu.

“AMOKO” ÖLKƏMİZLƏ ƏLAQƏLƏRİ

GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR

Oktyabrın 25-də Azərbaycan Respubliksının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “AMOKO” şirkətinin prezidenti cənab Steysi ilə görüşdü.

Azərbaycanda fəaliyyət göstərmələri, ölkəmizin neft yataqlarının birgə işlənməsində iştirak etmələri ilə və respublikamızın iqtisadi inkişafında oynadıqları rolla fəxr etdiklərini bildirən cənab Steysi dövlətimizin başçısı Heydər Əliyevin timsalında etibarlı tərəfdaş tapdıqlarından şərəf duyduğunu söylədi.

Cənab Steysini köhnə dost kimi salamlayan Prezident Heydər Əliyev dedi ki, “AMOKO” şirkəti Azərbaycana gələn ilk ABŞ şirkətlərindən biridir. Prezidentin fikrincə, “AMOKO” şirkətinin Azərbaycanda ABŞ biznesinin pioneri saymaq olar. Respublikamızın rəhbəri dedi ki, bu şirkətin Azərbycandakı fəaliyyəti heç də asan olmayıb, lakin şirkət ölkəmizə sərmayə qoymaq öhdəliyinə həmişə sadiq qalıb və bunun bəhrələrini görübdür.

Prezident Heydər Əliyev ABŞ-ın bütün şirkətləri ilə, o cümlədən “AMOKO” ilə əlaqələrin daha da inkişaf etdirilməsinə daim tərəfdar olduğunu qeyd etdi.

ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində Prezident Heydər Əliyevin rolunun Amerikada yüksək qiymətləndirilməsindən bəhs edən cənab Steysi dedi ki, hamı gözəl başa düşür ki, Azərbaycanla qərb neft şirkətləri arasında “Əsrin müqaviləsi” məhz Heydər Əliyevin sayəsində imzalanmışdır, neft kəmərlərinin marşrutlarının müəyyənləşdirilməsində də məhz Heydər Əliyev qətiyyəti, onun müdrik siyasəti aparıcı rol oynamışdır. Cənab Steysi “AMOKO” şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.

Şirkətin prezidenti dedi ki, “AMOKO” Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının konsorsium tərəfindən istismarında və ixrac neft kəmərlərinin təhlükəsiz və fasiləsiz işinin təmin olunmasında fəal iştirak etməklə yanaşı, öz işçi qüvvələrini tam səfərbər etməklə ölkəmizdə daha geniş fəaliyyət göstərmək niyyətindədir. Xəzər dənizində ölkəmizə məxsus digər yataqlara da böyük maraq göstərdiklərini vurğulayan cənab Steysi həmin yataqların birgə istismarı barədə “AMOKO” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında danışıqlar aparmağa razılıq verməyi Prezident Heydər Əliyevdən xahiş etdi.

Respublikamızın rəhbəri “AMOKO”nun Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə tərəfdar olduğunu və bunun üçün lazımi göstərişlər verəcəyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin ABŞ-da geniş təbliğ olunmasında və ölkəmizin imicinin möhkəmləndirilməsində fəal rol oynayan “AMOKO”nun prezidentinə təşəkkür etdi.

“YUNOKAL” VƏ “DELTA OYL” AZƏRBAYCANA

DİQQƏTİ ARTIRIR

ABŞ-ın “Yunokal” şirkətinin prezidenti cənab Ayml və Səudiyyə Ərəbistanının “Delta oyl” şirkətinin prezidenti cənab Bədr əl-Əyban Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünə birlikdə gəldilər.

ABƏŞ-də tutduqları yer barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verən cənab Ayml dedi ki, konsorsiumun tərkibində “Delta oyl” “Yunokal” ilə tərəfdaşdır və birgə iştirak edirlər. Elə buna görə də onlar Azərbaycan Prezidentinin görüşünə birlikdə gəliblər.

Daha sonra cənab Ayml Azərbaycanda bir sıra yataqların işlənməsində, yaradılacaq yeni konsorsiumda iştirak etmək, eyni zamanda seysmoloji tədqiqat işləri aparmaq niyyətində olduqlarını bildirdi.

Cənab Bədr əl-Əyban Səudiyyə Ərəbistanında Azərbaycan Prezidentinə böyük hörmət və ehtiram bəsləndiyini vurğulayaraq, ölkəmizlə ikitərəfli, müştərək layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirdi. O dedi ki, “Delta oyl”ın Azərbaycana sərmayə qoyması Səudiyyə Ərəbistanının digər şirkətlərinin də bu ölkəyə marağını xeyli artırmışdır.

Səmimi sözlərə görə hər iki şirkətin prezidentlərinə razılığını bildirən dövlətimizin başçısı dedi ki, Azərbaycan ölkəmizə sərmayə qoymaq istəyən bütün dövlətlərin üzünə açıqdır və biz qarşılıqlı faydalı əməkdaşlığa daim diqqət yetiririk. Prezident Heydər Əliyev “Yunokal” və “Delta oyl” şirkətlərinin ölkəmizdəki fəaliyyətindən məmnunluqla söhbət açdı. Respublikamızın rəhbəri hər iki şirkətin prezidentlərinə xatırlatdı ki, onlar Azərbaycanın haqq işinin bütün dünyada geniş təbliğinə lazımi diqqət yetirməlidirlər.

“EKSSON” ETİBARLI TƏRƏFDAŞDIR

Azərbaycan Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “Eksson” şirkətinin prezidenti cənab Kunçu və vitse-prezident cənab Saykonu da qəbul etdi. Neft konsorsiumundakı fəaliyyətlərindən məmnunluqla söhbət açan cənab Kunç respublikamıza etibarlı tərəfdaş kimi baxdıqlarını söylədi və dedi ki, “Eksson” Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istəyir.

Şirkətin rəhbəri qeyd etdi ki, “Eksson” Azərbaycanın yaxın dostlarından birinə çevrilib və respublikamızdakı zəngin neft yataqlarının istismarında təcrübəsindən, maliyyə imkanlarından, müasir texnologiyalarından hərtərəfli istifadə etməyə hazırdır. Azərbaycan neftinin ixrac marşrutları barədə qərarı alqışlayan cənab Kunç bu qərarın qəbul edilməsində Prezident Heydər Əliyevin rolunu yüksək qiymətləndirdi. O dedi ki, biz həmişə Azərbaycanın haqq işinin müdafiə olunmasına çalışacağıq. Şirkətin rəhbəri ölkəmizdə bir sıra digər sahələrdə də birgə müəssisələr yaratmaq niyyətlərindən söhbət açdı.

Şirkətin rəhbərlərini diqqətlə dinləyən Prezident Heydər Əliyev “Eksson”un respublikamızla əməkdaşlığına xüsusi diqqət yetirdiyini vurğulayaraq dedi ki, o, bu böyük şirkətlə Azərbaycanın uzunmüddətli əməkdaşlığına tərəfdardır və belə hesab edir ki, onlar Ermənistanın ölkəmizə təcavüzünün sülh yolu ilə aradan qaldırılması işinə də müəyyən kömək göstərəcəklər. Prezidentin fikrincə, “Eksson”un rəhbərləri ABŞ konqresinə, senatına da təsir göstərərək, Azərbaycan haqqında qəbul olunmuş ədalətsiz qərarın ləğv edilməsi üçün xeyli iş görə bilərlər. Prezident dedi ki, Amerikanın bütün nüfuzlu şirkətləri, o cümlədən də “Eksson” Azərbaycana humanitar yardımı artırmalıdır.

“ŞEVRON” ÖLKƏMİZƏ SƏRMAYƏ QOYACAQ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “Şevron” şirkətinin MDB dövlətləri üzrə şöbəsinin rəhbəri cənab Mrozovskini qəbul etdi. Söhbət zamanı Prezident bu nüfuzlu şirkəti respublikamıza sərmayə qoymağa çağırdı. Dövlətimizin başçısı “Şevron”un MDB ölkələrində, o cümlədən Qazaxıstanın “Tengiz” yatağında gördüyü işlərlə maraqlandı.

Cənab Mrozovski “Şevron”un Qazaxıstan Respublikası ilə imzaladığı layihədən söhbət açaraq bildirdi ki, hələlik bu layihənin həyata keçirilməsində bir sıra maneələr vardır. O dedi ki, bu problemlərdən ən mühümü həmin yataqdan çıxarılacaq neftin ixracı məsələsidir. Cənab Mrozovski Prezident Heydər Əliyevin köməyi ilə Azərbaycan neftinin ixrac marşrutları barədə qəbul olunmuş qərarın böyük əhəmiyyətini qeyd etdi və dedi ki, bu kəmərlər “Şevron” üçün də çox faydalıdır.

Şirkətin nümayəndəsi dedi ki, “Şevron” Azərbaycana sərmayə qoymağa və gələcəkdə yaranacaq konsorsiumlarda iştirak etməyə çox maraq göstərir.

Cənab Mrozovskini diqqətlə dinləyən Prezident Heydər Əliyev dedi ki, Qərbin bir çox neft şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə xüsusi diqqət yetirirlər və əgər “Şevron” da belə bir niyyətdədirsə, respublikamızda əlaqələr qurmaq üçün ona lazımi şərait yaradacaqdır.

Görüşdə digər məsələlər barədə də ətraflı söhbət açıldı.

“BRAUN ƏND RUUT” ÖZ XİDMƏTLƏRİNİ

TƏKLİF EDİR

Dövlətimizin başçısı Heydər Əliyev Nyu-Yorkda “Braun ənd Ruut” şirkətinin vitse-prezidenti cənab Dominini də qəbul etdi. Şirkətin nümayəndəsi Prezidentə məlumat verdi ki, onlar Azərbaycanda iki ildir fəaliyyət göstərirlər və ölkəmizdə ofisləri vardır. Cənab Domini dedi ki, biz Azərbaycana sərmayə qoymaq işinə çox ciddi girişmişik və orada keçirilən bir sıra tenderlərdə fəal iştirak etmişik. Əsasən xidmət işi ilə məşğul olan bu şirkət boru kəmərlərinin çəkilişi, təmiri sahəsində yaxşı təcrübə qazanmışdır, habelə Azərbaycan neftinin ixracı üçün kəmərlərin çəkilişində iştirak etmək istəyir.

İrili-xırdalı bütün şirkətlərin Azərbaycanda geniş fəaliyyət göstərməsinə hərtərəfli şərait yaradılacağından bəhs edən Prezident Heydər Əliyev dedi ki, imzalanmış neft müqaviləsi belə fəaliyyətə geniş perspektivlər açır. Dövlətimizin başçısının fikrincə, bu sahədə birgə müəssisələr yaradılması daha faydalı olardı. Prezident dedi ki, biz belə birgə müəssisələrin müvəffəqiyyətlə fəaliyyət göstərməsinə hərtərəfli kömək etməyə hazırıq.

“MOBİL OYL” BİRBAŞA ƏLAQƏLƏR

QURACAQDIR

Azərbaycan Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın ən iri şirkətlərindən biri olan “Mobil oyl”un prezidenti cənab Noto ilə görüşdü. Cənab Noto dövlətimizin başçısına məlumat verdi ki, bu şirkətin Azərbaycanda ofisi fəaliyyət göstərir. O dedi ki, “Mobil oyl” Azərbaycana sərmayə qoymaq barədə qəti qərara gəlmişdir. Şirkətin özünəməxsus iş xüsusiyyətlərini geniş xarakterizə edən cənab Noto dedi ki, biz iri konsorsiumlar çərçivəsində işləməyə o qədər də üstünlük vermirik. O, Prezident Əliyevdən xahiş etdi ki, “Mobil oyl”un Azərbaycanda özünü göstərməsinə razılıq versin. Şirkətin rəhbərinin fikrincə, onlar nəyə qadir olduqlarını qısa vaxtda sübut edəcəklər. Cənab Noto dedi ki, biz birgə fəaliyyətimizlə və Azərbaycana sədaqətimizlə digər şirkətlərə layiqli nümunə olacağıq. O, şirkətin respublikamızdakı fəaliyyətinə dair layihələr barədə də dövlətimizin başçısına məlumat verdi.

Görüşdən məmnun qaldığını bildirən Prezident Heydər Əliyev “Mobil oyl” üçün Azərbaycanda hər cür şərait yaradılacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın üzləşdiyi problemlərdən də bəhs edərək, bu sahədə “Mobil oyl”un ölkəmizə dəstək verməsinin vacibliyini bildirdi. Prezident Heydər Əliyev bu şirkətin Azərbaycan Dövlət Neft Şirkəti ilə birbaşa əlaqələr qurmaq niyyətini alqışladı.

Cənab Noto daha ciddi təkliflər və layihələr barədə danışıqları davam etdirmək üçün Bakıya səfər etmək istəyini söylədi. “Mobil oyl”un Azərbaycanın dostu olacağını vurğulayan cənab Noto ölkəmiz haqqında həqiqətlərin bütün dünyaya çatdırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdi.

“Cİ-Tİ-İ”: BİRGƏ LAYİHƏLƏR ÜZƏRİNDƏ

İŞ DAVAM EDƏCƏK

Respublikamızın rəhbəri Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “Cİ-Tİ-İ” şirkətinin prezidenti cənab Kampbel ilə də görüşdü. Söhbət zamanı Azərbaycanda telekommunikasiya sisteminin inkişaf etdirilməsi məsələləri geniş müzakirə olundu. Cənab Kampbel respublikamızla birgə layihələrin həyata keçirilməsi sahəsində görülən işlər barədə Prezident Heydər Əliyevə hərtərəfli məlumat verdi.

Bakıya səfərindən bəhs edən şirkətin rəhbəri Azərbaycan Prezidenti Heydər Əliyevin bu görüşə vaxt ayırdığına görə minnətdarlığını bildirdi. O, şirkətin yaxın gələcəkdə Azərbaycanda görəcəyi işlərdən bəhs edərək, bütün bunların həyata keçirilməsində Prezident Heydər Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini xüsusi vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın telekommunikasiya sisteminin inkişafında Qərbin və xüsusən ABŞ-ın iri şirkətlərinin iştirakının böyük əhəmiyyətə malik olduğunu bildirdi. O dedi ki, biz iqtisadiyyatımızın bütün sahələrində xarici şirkətlərlə sıx əlaqələr qurulmasına xüsusi diqqət yetiririk və ölkəmizə sərmayə qoymaq, respublikamızda iş görmək istəyən bütün iş adamlarına lazımi şərait yaratmağa hazırıq.

AZƏRBAYCANIN BANK VƏ VERGİ SİSTEMİNƏ

KÖMƏK ÜÇÜN

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “Artur Anderson Korporeyted” şirkətin direktoru Vladimir Kvinti qəbul etdi.

Cənab Kvint dövlətimizin başçısına məlumat verdi ki, bu şirkət əsasən MDB dövlətlərində geniş fəaliyyət göstərir. Yeni müstəqillik qazanmış ölkələrdə gördükləri işlərdən bəhs edən şirkətin rəhbəri dedi ki, biz həmin ölkələrə əsasən bank, vergi sisteminin inkişaf etdirilməsinə, mühasibat işinin yaxşılaşdırılmasına kömək edirik. Söhbət zamanı cənab Kvinti respublikamızla sıx əlaqələr saxlamaq, əməli kömək etmək istədiklərini bildirdi.

Cənab Kvintin məlumatını diqqətlə dinləyən Prezident Heydər Əliyev bu şirkətin Azərbaycanda görəcəyi işləri müsbət qiymətləndirdi və onun respublikamızla əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğuladı. Prezident bir daha bildirdi ki, respublikamızda nüfuzlu xarici şirkətlərin hər birinin geniş fəaliyyəti üçün lazımi şərait var və biz qarşılıqlı faydalı əlaqələrə üstünlük veririk.

HƏR İKİ TƏRƏFİN XEYRİNƏ

Respublikamızın rəhbəri Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “FNS” korporasiyasının prezidenti cənab Consonu da qəbul etdi. Korporasiyasının prezidenti Azərbaycan haqqında geniş məlumatı olduğunu və bu ölkə barəsində yazılara həmişə maraq göstərdiyini bildirdi. O, dövlətimizin başçısı Heydər Əliyevlə görüşməkdən şərəf duyduğunu söylədi və Azərbaycana gəlmək niyyətini bildirdi. Cənab Conson dedi ki, korporasiya Azərbaycana sərmayə qoymaq fikrindədir.

Prezident Heydər Əliyev cənab Consonun respublikamıza səfərə gəlmək niyyətini razılıqla qəbul etdi və korporasiyanın Azərbaycanla hərtərəfli əlaqələr qurmasının ölkəmiz üçün mühüm əhəmiyyəti olacağını bildirdi. Dövlət başçısı dedi ki, bu iri maliyyə korporasiyasının respublikamızda müştərək müəssisələr yaratması və birgə layihələrin həyata keçirilməsinə başlaması hər iki tərəf üçün çox faydalı olar.

BİRGƏ LAYİHƏLƏRİN PERSPEKTİVLƏRİ

Dövlətimizin başçısı Heydər Əliyev Nyu-Yorkda Zaqafqaziya İnkişaf Korporasiyasının prezidenti cənab Varreni qəbul etdi. Cənab Varren birgə layihələrin həyata keçirilməsi üçün dünyanın aparıcı banklarının və ABŞ-ın maliyyə dairələrinin vəsaitlərini cəlb etmək imkanlarından söhbət açdı. O, Azərbaycanda neftçıxarma sənayesi infrastrukturlarının inkişaf etdirilməsində, kənd təsərrüfatında birgə müəssisələr yaradılmasında maraqlı olduqlarını bildirdi. O dedi ki, bu korporasiya respublikamızda dünya standartlarına uyğun məhsullar istehsal etmək niyyətindədir.

Prezident Heydər Əliyev cənab Varrenin təkliflərini diqqətlə dinlədi və bütün bunların həyata keçirilməsinə tərəfdar olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda Zaqafqaziya İnkişaf Korporasiyasının fəaliyyəti üçün hər cür şərait yaradılacaqdır.

ƏTRAFLI FİKİR MÜBADİLƏSİ

Ölkəmizin rəhbəri Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “Farrels Layens korporeyşeyn” korporasiyasının direktoru cənab Maqden ilə görüşdü. Cənab Maqden heç vaxt Azərbaycanda olmasa da Prezident Heydər Əliyevi dünyanın nüfuzlu dövlət xadimlərindən biri kimi tanıdığını söylədi. O, Heydər Əliyevə müraciətlə dedi ki, siz hələ Moskvada işləyərkən Kremldə belə bir ulduzun parladığı haqqında Amerika mətbuatında çoxsaylı materiallar dərc olunurdu. Cənab Maqden daha sonra öz korporasiyasının maliyyə imkanlarından və Azərbaycanda geniş fəaliyyət göstərmək niyyətlərindən söhbət açdı.

Prezident Heydər Əliyev səmimi sözlərə görə, cənab Maqdenə təşəkkürünü bildirdi və ölkəmizdə sərmayə qoymaq istəyən hər bir şirkətlə sıx əlaqələr qurulmasına xüsusi diqqət yetirdiyini bildirdi. Görüşdə korporasiyanın Azərbaycanda həyata keçirmək istədiyi layihələr barədə ətraflı fikir mübadiləsi aparıldı.

ABŞ-IN ƏN İRİ BANKLARININ RƏHBƏRLƏRİ

İLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ-ın “Ci-Ti-Morqan” Bankının icraçı direktoru cənab Çunq, “Kemikal bankinq korporeyşn” Bankının prezidenti cənab Kollet, “Riqz nasional bank of Vaşinqton”un prezidenti cənab Kuşman, “Nyu-York Bank”ın vitse-prezidenti xanım Mutuz, “Sitibank”ın vitse-prezidenti Özgüner, habelə “Amerika federalrizor bank”ın və “Nyu-York federalrizor bank”ın rəhbərləri ilə görüşdü.

Səmimilik şəraitində keçən bu görüşdə Azərbaycan Prezidentinə ölkəmizin bank sistemində aparılan islahatlar barədə çoxsaylı suallarla müraciət edildi.

Dövlətimizin başçısı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı arasında olan münasibətlərdən geniş söhbət açdı və bu nüfuzlu bank və maliyyə qurumları tərəfindən respublikamıza ayrılmış kreditlərdən bəhs etdi. Xarici bankların ölkəmizə gəlməsi üçün Azərbaycanda hər cür şərait olduğunu bildirən Prezident Heydər Əliyev iri bankların respublikamızdakı layihələri maliyyələşdirməsinin vacibliyini xüsusi qeyd etdi.

Prezident Heydər Əliyev xarici şirkətlərlə birgə yaradılan müəssisələrin fəaliyyətindən, respublikanın maşınqayırma, kimya sənayesinin iri müəssisələrinin hazırkı imkanlarından geniş söz açdı və bunların birgə müəssisələrə çevrilməsinin, modernləşdirilməsinin, yeni texnika, texnologiya ilə təmin olunmasının zəruriliyindən bəhs etdi.

Görüşdə ABŞ-ın nüfuzlu bankları ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri hərtərəfli müzakirə olundu.

X X X
Dövlətimizin başçısı Heydər Əliyev Nyu-Yorka səfəri zamanı bir sıra rəsmi qəbullarda da iştirak etdi. Belə görüşlərdən biri də Azərbaycandakı neft konsorsiumuna daxil olan ABŞ-ın neft şirkətlərinin təşkil etdiyi qəbul idi. Burada Amerika hökumətinin bir sıra yüksək vəzifəli şəxsləri və konqresmen Qreq Laflin də iştirak edirdi. Qəbulda Azərbaycanla Amerika arasında əməkdaşlığın genişləndirilməsi məsələlərindən geniş söhbət açıldı. ABŞ-Azərbaycan Ticarət Palatasının yaradılması qərara alındı.

Rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış etdi.

MƏTBUATIN DİQQƏT MƏRKƏZİNDƏ

Prezident Heydər Əliyevin Nyu-Yorka bu tarixi səfəri BMT-nin 50 illiyi münasibətilə keçirilən təntənələrdə iştirak edən bir çox ölkələrin jurnalistlərinin diqqət mərkəzində idi. Müxbirlər imkan düşən kimi zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevə yanaşmağa, ondan müsahibə götürməyə böyük maraq göstərirdilər. Amerika mətbuatı Prezident Heydər Əliyevin Nyu-Yorka gəldiyi ilk gündən başlayaraq Azərbaycan haqqında, dövlətimizin başçısı barəsində materiallara geniş yer ayırırdı. ABŞ-ın ən nüfuzlu qəzetləri Prezident Heydər Əliyevin görüşlərinə demək olar ki, hər gün öz səhifələrində materiallar həsr edirdilər.

Amerikanın aparıcı qəzetlərinin və informasiya agentliklərinin müxbirləri Prezident Heydər Əliyevdən müsahibə götürürdülər. Məşhur “Si-En-En” televiziyasının müxbiri dövlətimizin başçısı ilə müsahibə apardı. Qardaş Türkiyə televiziyasının müxbirləri Prezidentimizə xüsusi diqqət yetirirdilər. Respublikamızın rəhbəri “Samanyolu” televiziyasının və “Zaman”, “Sabah” qəzetlərinin müxbirləri ilə söhbətə də vaxt ayırdı.

TARİXİ SƏFƏR BAŞA ÇATDI

Azərbaycan Prezidentinin Nyu-Yorka səfəri respublikamızın və xalqımızın həyatında mühüm rol oynayacaq tarixi bir hadisədir. Bu səfər Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimizin uğurlarının mühüm mərhələlərindən biri oldu. Keçirilən görüşlər göstərdi ki, Prezident Heydər Əliyevin nüfuzu sayəsində Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutmağa başlayıb. İndi yer kürəsində elə bir ölkə yoxdur ki, o, Azərbaycanla ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurulmasına maraq göstərməsin. İnamla demək olar ki, məhz dövlətimizin başçısının fəaliyyəti nəticəsində indi Azərbaycan həqiqətləri planetimizin hər yerində qəbul olunur və dünya birliyi ölkəmizin mövqeyini müdafiə etməyə istiqamətlənib.

Bu səfər zamanı dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu vasitəsilə görülən işlərin müzakirəsini həmişə ön planda saxlayırdı. Prezident Heydər Əliyev Nyu-Yorkda keçirdiyi hər bir görüşdə bu problemin həlli ilə bağlı məsələlərə xüsusi yer ayırırdı. Prezident Bill Klintonla görüş bir daha aydın sübut etdi ki, dünyanın bu nüfuzlu dövləti artıq Azərbaycan həqiqətlərini dərindən başa düşür, Prezident Heydər Əliyevin fəaliyyətini möhkəm dəstəkləyir, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini artırır.

Biz hələ Nyu-Yorkda olarkən yerli qəzetlər ABŞ senatı və konqresi komissiyalarının birgə iclası haqqında məlumat verdi. Məlum oldu ki, bu iclasda 907-ci düzəlişlə bağlı geniş müzakirələr oldu və Azərbaycana kömək üzərində qoyulmuş qadağanın aradan qaldırılmasına dair yeni layihə nəzərdən keçirilib. Belə bir qərar qəbul edildi ki, qanunda nəzərdə tutulan müddəalara baxmayaraq, qeyri-dövlət təşkilatlarının azərbaycanlı qaçqınlara göstərdiyi humanitar yardım kifayət etmədikdə ABŞ hökuməti Azərbaycana yardım ayıra bilər.

X X X
Prezident Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Nyu-Yorka səfərini uğurla başa çatdıraraq Vətənə yola düşdü. Dövlətimizin başçısını BMT-nin və ABŞ hökumətinin yüksək vəzifəli şəxsləri yola saldılar.

Azərbaycan Prezidenti yolüstü İstanbul hava limanında dayandı və burada qardaş ölkənin jurnalistləri üçün mətbuat konfransı keçirdi.

Oktyabrın 25-də gecə Azərbaycan Prezidenti Vətənə qayıtdı.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-İstanbul-Nyu-York–İstanbul-Bakı 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin